Evi ola-ola 30 ildir, kirayədə yaşayan ailə

“İndiyədək kirayələrə 30 mindən çox xərcimiz çıxıb, çətidir”

Sumqayıtda dörd otaqlı evi ola-ola 30 ildir kirayələrdə yaşayır, bu şəhərin sakini Həqiqət Ağakişiyeva. Hesablamalarına görə, indiyədək kirayələrə 30 min manatdan artıq pulu çıxıb. Deməsinə görə, bu, onlar kimi çətinliklə dolanan ailə üçün olduqca böyük məbləğdir.

Özü kirayədə yaşayır, evində başqası məskunlaşıb

Həqiqət Ağakişiyevanın evində Kəlbəcərdən olan köçkün ailəsi məskunlaşıb.

“Bəli, müharibə heç birimizin günahından baş vermir, lakin deməliyəm ki, onların mülkiyyət hüququ bizim haqqımızın, hüququmuzun pozulması hesabına bərpa edilib. Onlar bir neçə il, biz isə 30 ildən artıqdır ki, evsiz qalmışıq”.

“Evə bizdən əvvəl başqası köçmüşdü

Ağakişiyevlər ailəsi həmin evi də asanlıqla əldə etməyiblər. İllərlə əziyyət çəkib işləyəndən sonra dövlət tərəfindən verilib:

“İllərlə “Ximkombinat”dan (indiki Üzvi-Sintez Birliyi) işləyəndən sonra bizi ev növbəsinə salmışdılar. 1978-ci ildə bizə ev verdilər. 1994-cü ilədək orada yaşamışıq. Sonra ailəmiz böyüdüyündən və yer problemi yaşadığımızdan yenidən müraciət edib, daha böyük ev vermələrini rica etdik”.

Ağakişiyevlər ailəsinə əllərindəki evi dövlətə təhvil vermək şərtilə dördotaqlı mənzil verilib. Həqiqət Ağakişiyevanın deməsinə görə, sevincək toparlanıb, mənzilə köçməyə macal tapmamış, evlərinə yaşamaq üçün başqalarının girdiyini öyrəniblər. Ailə əllərindəki, illərlə yaşadıqları evi dövlətə təhvil verdiklərindən, küçədə qalıb:

O vaxtdan bu yana kirayələrdə sürünürük. Çox çətindir, ağırdır, illərlə işlə, əziyyət çək, qazandığın, əldə olan tək əmlakın da beləcə havaya sovrulsun”, – Həqiqət Ağakişiyeva şikayətlənir.

“Həyat yoldaşım çox çalışdı, amma bircə gün də evində yaşaya bilmədi”

Həqiqət Ağakişiyeva bildirir ki, həyat yoldaşı uzun illər evlərinin geri qayıtması üçün mübarizə aparıb, şikayətlər yazıb, məhkəmələrə gedib, lakin mümkün olmayıb. O, 2019-cu ildə öz evində bircə gün belə yaşamadan, ailənin kirayə qaldığı mənzildə vəfat edib:

Həyat yoldaşım rəhmətə gedənəcən öz evimizdə yaşamaq üçün uzun müddət mübarizə apardı. Lakin ona öz evində bircə gün belə yaşamaq qismət olmadı. Bundan sonrakı arzum heç olmasa övladlarımız öz evlərində yaşamasıdır”.

““66-lar” deyə ad çıxarmışdıq”

Həqiqət Ağakişiyeva Sumqayıtda onlar kimi evində köçkün ailəsi yaşayan 66 ailə də tanıyır. Deyir, illərlə birgə mübarizə aparıblar. Hətta dövlət orqanlarında onlara “66-lar” adı da qoyulub:

Prezident Administrasiyasına o qədər şikayətə gedirdik ki, artıq bizi görəndə deyirdilər ki, “66-lar” yenə gəldi. Bir sözlə, qapısını döymədiyimiz dövlət qurumu qalmadı, problemimiz çözülmədi”.

İcra edilməyən məhkəmə qərarları

Həqiqət Ağakişiyeva bildirir ki, məhkəmələrdə də qalib gəliblər. Düz on iki ildir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi icra edilmir:

Bu, mənim mülkiyyət və Konstitusiya ilə qorunan hüquqlarımın kobud pozuntusudur. Qətnamənin icra edilməməsi Sumqayıt şəhəri İcra Şöbəsinin qanunsuz hərəkətsizliyinin nəticəsidir. İcra şöbəsinin hərəkətsizliyi nəticəsində mənə və ailəmə külli miqdarda maddi və mənəvi ziyan dəyib”.

AİHM-də də mülkiyyət hüququnun pozuntusu təsdiqlənir, lakin yenə icra edilmir

Hüquqşünas Fariz Namazlının Bakı şəhərində şəxsi evlərə daxil olub yaşayan köçkünlərlə bağlı bir neçə işi olub. Deyir, təəssüf ki, heç biri müsbət həllini tapmayıb:

Vətəndaş yerli məhkəmələrdə qalib gəlir. Lakin qərar icra edilmir. Bu dəfə icra şöbələrinin hərəkətsizliyindən məhkəməyə şikayət verilir, müsbət qərar alınır, yenə icra edilmir. İş Avropa İnsan Hüquqları Məhkəməsinədək (AİHM) gedir, burada da mülkiyyət hüququnun pozuntusu təsdiqlənir, lakin yenə icra edilmir. Nəticə etibarilə mülkiyyət hüququ faktiki pozulmuş şəxslər bu gün evlərində yaşamır”.

AİHM-nin qərarları

AİHM-nin 8 oktyabr 2020-ci ildə qəbul etdiyi qərar var.

Şikayət “Əliyeva və başqaları Azərbaycana qarşı” adlanır.

Ərizəçilər onların xeyrinə verilmiş məhkəmə qərarlarının icra edilməməsindən və ya gecikdirilməsindən şikayət ediblər. Onlar bu səbəbdən mülkiyyət hüquqlarının pozulduğunu iddia ediblər.

AİHM qərara gəlib ki, hakimiyyət orqanları ərizəçilərin xeyrinə qəbul edilmiş qərarların tam və vaxtında icrası üçün bütün lazımi səyləri göstərməyiblər.

Məhməkə şikayətlərlə bağlı konvensiyanın 6-cı maddəsinin 1-ci bəndinin və 1 saylı Protokolun 1-ci maddəsinin pozuntusunu tanıyıb. Dövlətin üzərinə üç ay ərzində qərarların icrasını təmin etmək vəzifəsi qoyub. Lakin bu günədək həmin qərar da icra edilməyib.

Fariz Namazlı da deyir ki, bu işdə müsbət qərar çıxması mümkündür, lakin icra edilmir. Nəticə etibarilə vətəndaşın hüququ bərpa olunmur və iş həllini tapmır.

Nə qədər insanın mülkiyyət hüququ pozulub?

10 il əvvəlin məlumatına görə, Azərbaycanda şəxsi mənzillərdə məskunlaşan məcburi köçkün ailələrinin sayı 2998 olub. Bunun 2168-i Bakıda, 629-u  Sumqayıt şəhərində qeydə alınıb.

Yeni statistika olmadığında problemin nə qədərinin həll edildiyi bəlli deyil.

İqtisadçı Natiq Cəfərli deyir ki, Bakıda və ölkənin digər yerlərində məcburi köçünlərin şəxsi mənzilləri zəbt etməsi əsasən, 90-cı illərdə baş verib. Onun sözlərinə görə, 2000-ci illərin ortalarından sonra bir çox mənzillər sahibinə qaytarılıb:

Bildiyim qədərilə hazırda bu kimi problemlər çox deyil. Ən azı Bakı şəhəri ilə bağlı bunu deyə bilərəm. Amma ictimai binalar da var ki, onlarda hələ də məcburi köçkünlər yaşayır”.

Qarabağa köçürmələr barədə

İqtisadçı köçürülmədən də danışıb. Deyir, bu Azərbaycanda elə həyata keçirilir ki, plan və proqramın olmadığını üzə çıxarır. Bura Zəngilanın Ağalı kəndindəki “Ağıllı Kənd” də daxildir:

Müxtəlif mənbələrdən aldığım məlumata görə, bu, təxminən 65-70 milyon manata başa gəlib. Böyük rəqəmdir, əgər ora bir milyon insanı köçürmək istəyirlərsə, bu tipli layihələr vasitəsilə insanların həmin ərazilərə köçürülməsi mümkün deyil. Azərbaycan hökuməti hələ də köçürülmənin strategiyası ilə bağlı ictimai məlumatlandırma etməyib”.

“Mülkiyyət hüquqları ilə bağlı qanunvericilik aktı qəbul edilməlidir”

Natiq Cəfərli bildirir ki, bu gün köçürülmə ilə bağlı kifayət qədər ciddi problemlər var. Həmin ərazilərə nə qədər insan köçürüləcək, həmin yerlərdə nə qədər iş yerləri açılacaq, iqtisadi fürsətlər necə yaranacaq, bütün bunlar sual altındadır.

Onun sözlərinə görə, mülkiyyət hüquqları ilə bağlı problemlər də həllini tapmalıdır:

 “İşğal faktoru daha çox 90-93-cü illər ərzində oldu. Bu illər ərazində, yəni müstəqillikdən sonra Azərbaycanda mülkiyyətlə bağlı çıxarışların verilməsinə başlanmayıb. Qanunvericilik aktı qəbul edilməlidir. Bunun əsasında o mülkiyyətçilər təsbit edilməlidir. Həmin şəxslərin hüquqlarının qorunmasında o qanuna istinada ehtiyac var”.

“Torpaqların azad edilməsindən 2 ildən çox vaxt keçib”

İqtisadçı deyir ki, sonuncu müharibədən 2 il yarımdan çox vaxt keçib, lakin mülkiyyət məsələləri hələ də həllini tapmayıb. Düşünür ki, məcburi köçkünlərin doğma yurdlarına qaytarılmasının proqramının detallarının ictimai müzakirəsinə ehtiyac var:

Hökumət düşünür ki, o hər şeyi düz bilir, amma elə deyil. Bu məsələlərdə ictimai dinləmələr keçirilməlidir, mülkiyyətçilərin fikirləri nəzərə alınmalıdır. Ümumiyyətlə, orda gələcəkdə hansı formada iqtisadi, sosial fürsətlər yaradılacaq, bununla bağlı da müzakirələr olmalıdır. Hələlik, ictimaiyyətə çox xəsisliklə məlumat verilir. Onlardan da məlum olur ki, hələ də bir konseptual yanaşma yoxdur”.

Yaxın zamanda köçürülməyə ümid varmı?

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin İnformasiya və mətbuat xidməti Departamentinin direktoru İbrahim Mirzəyev Meydan TV-yə bildirib ki, hələlik bu işlə bağlı hansısa yenilik yoxdur.

Qurumun illərdir mülkiyyət hüquqları pozulmuş şəxslərə də cavabı birdir:

“Dövlət Proqramına əsasən, evlər tikildikdən sonra, yataqxanalarda müvəqqəti məskunlaşmış ailələrin, o cümlədən şəxsi mənzillərdə yaşayan köçkün ailələrinin köçürülməsinə qanunla nəzərdə tutulan qaydada baxılacaq”.

Ana səhifəBölgəEvi ola-ola 30 ildir, kirayədə yaşayan ailə