Tağım komandiri əsgəri söyüşlə intihar həddinə çatdırmaqda təqsirli bilinsə də, onun cəzası şərti hesab olunub
Kəlbəcərdəki N saylı hərbi hissədə əsgər Səid Abdullazadənin özünü güllələyərək intihar etməsindən bir ildən çox vaxt keçir. Əsgərin ölümünə görə cinayət məsuliyyətinə cəlb olunmuş tağım komandirini Gəncə Apelyasiya Məhkəməsi azadlığa buraxıb.
Telefona görə başlayan mübahisə ölümlə nəticələnib
Şamaxı rayonunun Məlikçobanlı kənd sakini olan 2003-cü il təvəllüdlü Səid Abdullazadə 2022-ci il iyunun 4-də xidmət etdiyi hərbi hissədə “AKM” markalı avtomat silahla intihar edib. O, 4 ay sonra – oktyabrda hərbi xidmətini başa vurmalıydı.
Ailədə Səidin özündən başqa bir qardaşı və iki bacısı var. Yaxınlarının bildirdiyinə görə, o, hərbi xidmət dövründə ailə üzvlərilə telefonla danışarkən xüsusi nədənsə şikayətlənməyib.
Hadisədən sonra Kəlbəcər Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsilə cinayət işi başlanıb. İki aya yaxın keçəndən sonra hərbi hissənin tağım komandiri, leytenant Hüseyn Quliyev həbs olunub. O, əsgəri təhqir və hərəkətlərilə intihara vadar etməkdə ittiham olunub.
Cinayət işinin materiallarında iddia edilir ki, hadisədən əvvəl tağım komandiri Səiddə telefon tapıb. Bu telefona görə aralarında mübahisə yaranıb. İddia olunur ki, mübahisə zəminində tağım komandiri Səid Abdullazadənin ünvanına təhqir xarakterli ifadələr səsləndirib. O da ləyaqətinin alçalmasına dözməyərək intihar edib.
Səhvən siqaretini götürən əsgəri də döyüb-söyməkdə ittiham olunur, amma…
Amma tağım komandiri bu ittihamla razılaşmır və özünü təqsirli bilmir.
O, 2022-ci il iyulun 29-da həbs olunsa da, bir ay sonra ev dustaqlığına buraxılıb.
Ona Səid Abdullazadənin intiharıyla yanaşı, başqa əsgərlərə qarşı da qanunsuz hərəkətlərlə bağlı ittihamlar verilib. Məsələn, səhvən siqaretini götürmüş əsgəri hamının qarşısında söyməkdə, vurmaqda, aşpazlıq edən hərbi qulluqçunu yeməyi gec hazır olduğuna görə təhqir etməkdə günahlandırılırdı. Ancaq bunları da qəbul eləmirdi.
Bu işə Gəncə Hərbi Məhkəməsində baxılıb. Ev dustaqlığında olan leytenant Cinayət Məcəlləsinin 125 (özünü öldürmə həddinə çatdırma), 329 (tabeliyindəki hərbi qulluqçuya qarşı zorakı hərəkətlər) və 341.3 (vəzifə səlahiyyətlərindən sui-istifadə və ya vəzifə səlahiyyətlərini aşma, döyüş şəraitində törədildikdə) maddələrilə məhkəmə qarşısına çıxarılıb. Məhkəmə sonda belə nəticəyə gəlib ki, ona 341.3 maddəsilə ittiham verilməsinə ehtiyac yox idi, digər iki maddə kifayət edir. Həmin iki maddə ilə ona 6 il həbs cəzası kəsib. Ev dustaqlığında olan tağım komandiri bu ilin mayında hökm oxunanda məhkəmə zalında həbs olunub.
Hökmdən həm onun özü, həm də prokurorluq narazı qalıb və hər iki tərəf apelyasiya məhkəməsinə müraciət edib. O, apelyasiya şikayətində təqsirsiz olduğunu vurğulayaraq, haqqında bəraət hökmü çıxarılmasını xahiş edib.
“Məntiqlə, o vəziyyətdə olan adama heç kim elə söz deməz”
Prokurorluq isə apelyasiya protestində onun əməlinin digər iki maddə ilə yanaşı, həm də Cinayət Məcəlləsinin 341.3 maddəsinə tövsif edilməsini istəyib.
“Hüquqlarını müdafiə etdiyim şəxs bir cinayət əməli törətməyib, Səid Abdullazadəyə qarşı hər hansı nalayiq söz işlətməyib. İstifadəsi qadağan olunmuş telefon aşkarladığına görə bölük komandirinə məruzə edib. Daha sonra bölük komandirinin göstərişi əsasında Səid Abdullazadəni onun yanına göndərib. Səid Abdullazadə bölük komandirinin onu cəzalandıracağından qorxduğu üçün intihar edib. İttihamda yazılıb ki, guya Hüseyn onun əlində silahı görəndə “özünü vurmayanın…” deyib, şəxsi heyət arasında ağır təhqir kimi qəbul edilən ifadələr işlədib. Məntiqlə fikirləşsək, heç kim əlində atışa hazır vəziyyətdə silah olan şəxsə cəsarət edib bu sözləri deməz. Çünki o vəziyyətdə olan adamın onu təhqir edəni öldürmək ehtimalı da yüksəkdir”, – təqsirləndirilən şəxsin vəkilinin fikirləridir.
44 günlük müharibədə iştirak edib, medalı var, atası əlildir…
Gəncə Apelyasiya Məhkəməsi prokurorluğun hökmü dəyişib – onun əməlini həm də Cinayət Məcəlləsinin 341.3 maddəsinə tövsif edib. Cəza müddətini də 6 ay artıraraq, 6 il 6 ay eləyib. Amma ona münasibətdə Cinayət Məcəlləsinin 70-ci (şərti məhkumetmə) maddəsi tətbiq olunub. Yəni 6 il 6 aylıq cəza 3 il sınaq müddəti olmaqla, şərti hesab edilib və əsgərin ölümündə ittiham olunan tağım komandiri məhkəmə zalından azadlığa buraxılıb.
Gəncə Apelyasiya Məhkəməsi bu qərarını əsaslandırarkən vurğulayıb ki, onun 2020-ci ildə 44 günlük müharibədə iştirak etməsi, “Kəlbəcərin işğaldan azad edilməsi” medalıyla təltif olunması, atasının II qrup əlil olması və s. halları nəzərə alıb.