ƏSA Teatrı onlayn nümayişləri bərpa etmir

Onun sözlərinə görə, pandemiya dövründə geniş imkanlara malik dövlət teatrları faəliyyətlərini demək olar ki, dayandırması düzgün deyil

Source:


“Geniş imkanları olan dövlət teatrları hətta müharibə dövründə də ciddi fəaliyyət göstərə bilmədilər”

ƏSA Teatrının kollektivi yeni tamaşa üzərində işləyir.

Bu haqda məlumatı Meydan TV-yə teatrın təsisçi və rəhbəri Nihad Qulamzadə verib. Son bir ildir pandemiya ilə əlaqədar olaraq fəaliyyətini müəyyən mənada dayandıran teatr kollektivi hazırda Antuan de Sent-Ekzüperinin “Balaca Şahzadə” əsərinin tamaşa məşqlərini edir:

“Əslində, biz “Balaca Şahzadə”ni ötən ilin mayından məşq edirik. Tamaşanın ilkin məşqləri virtual şəkildə keçirilirdi. Karantin rejimi yumşaldıqdan sonra iki-üç nəfərlə məşqlərə başladıq. Bununla da biz kollektivin birgə fəaliyyətini həm virtual, həm də real təşkil etməyə çalışırdıq. Müharibə dönəmində fəaliyyətimizi iki ay tamamilə dayandırdıq. Çünki hamımız üçün ciddi proseslər gedirdi. Müharibədən sonra onlayn nümayişləri bərpa etmədik. Çünki pandemiyanın qısa zamanda bitəcəyini düşünürük. Hazırda insanlar yenidən işlərinə adaptasiya olma mərhələsindədir. Onlayn tamaşalar artıq əvvəlki kimi gözlənilən nəticə vermir”.

ƏSA Teatrının kollektivi virtual tamaşa nümayişini ilk dəfə 2017-ci ildə sınaqdan keçirib. Sosial izləyicilər tərəfindən maraqla qarşılanıb:

“Daha əvvəl çəkilmiş tamaşanın videosunu “Youtube”a yükləmək əvəzinə, “Facebook”da nümayiş etdirdik. O dönəmlər bu, bizim üçün maraqlı praktika idi. Hazırda bir ildir ki, teatrımız əlindəki resurslarla, həm də sosial şəbəkədəki imkanlarla fəaliyyət göstərməyə cəhd edib. Bu dövrdə də tamaşaların onlayn nümayişləri olub. Pandemiya bitəndən sonra tamaşaçıların qarşısına yeni tamaşa ilə çıxacağıq. Ümid edirik ki, karantin aprel ayında tam yumşalacaq. Sərt karantin müddəti bitəndən bir ay sonra “Balaca şahzadə” tamaşasının premyerasını planlaşdırırıq”.

ƏSA Teatrı müstəqil teatrdır. Bu baxımdan pandemiya dönəmində bir sıra maddi çətinliklər qaçılmaz olub. Teatrın rəhbəri deyir ki, kollektivin bu müddət ərzində fəaliyyətinin davam etdirməsi böyük uğurdur:

“ƏSA müstəqil fəaliyyət göstərir. Dövlət tərəfindən aktyorlarımıza daimi maaş verilmir. Ştatlı işçilər deyillər ki, onlara büdcədən pul ayrılsın. Bu baxımdan ƏSA Teatrının ofisini də saxlamağa məcbur idik. Çünki beşillik fəaliyyət müddətində toplanan dekorasiyaları, texniki, inzibati avadanlıqları saxlamağa məcbur idik. Fəaliyyətə başladığımız ilk gündən teatrımız müxtəlif dövlət qurumları ilə sıx əməkdaşlıq edir. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə sayca üçüncü layihəmizi reallaşdırmışıq. “Balaca Şahzadə” tamaşası da nazirlik tərəfindən dəstəklənir. Həm də teatrın büdcəsini yaratmışıq. Bizim üçün əsas olan kollektivin qorunub saxlanılmasıdır”.

Nihad Qulamzadə deyir ki, dövlət teatrları pandemiya və İkinci Qarabağ Müharibəsi zamanı aktiv fəaliyyət göstərməyib. Onun sözlərinə görə, pandemiya dövründə geniş imkanlara malik dövlət teatrları faəliyyətlərini demək olar ki, dayandırması düzgün deyil:

“Dövlət teatrlarının pandemiya dövründəki fəaliyyətsizliyini qınayıram. Çünki istənilən halda onların əlində resurs çoxdur. Pandemiya vaxtı normal fəaliyyət göstərəcək imkanlara sahib teatrlarımız var. Hətta mən deyərdim ki, onlar Türkiyədəki teatrlardan qat-qat yüksək resursa sahibdirlər. Bu müddət ərzində teatrların fəaliyyətsiz qalması anlaşılan deyil. Yalnız köhnə tamaşaları təkrar-təkrar onlayn nümayiş etdirməklə məşğuldurlar. ƏSA Teatrı köhnə tamaşaların video yazısını təqdim edir, çünki səhnəmiz yoxdur. Səhnə olsa tamaşaları yenidən oynayıb, pandemiya şərtlərinə uyğun daha peşəkar təqdim edərik. Amma dövlət teatrlarında bu şərtlər var, üstəlik, büdcədən maliyyələşirlər. Biri var, iş dayansın, sən heç kimə pul ödəyə bilmirsən, biri də var ki, elə bir hal yoxdur. Yəni onlar tərəfindən ciddi cəhd hiss olunmurdu”.

“Azərbaycan tarixində ən möhtəşəm, mütərəqqi tarix idi ki, biz İkinci Qarabağ Müharibəsində qalib gəldik. Çox təəssüf edirəm ki, bu qələbədə, bu tarixdə Azərbaycan teatrının yeri olmadı”, – Nihad Qulamzadə deyir:

“Qələbə dövründə Azərbaycan teatrının yalnız bir dəfə adı çəkildi. O da dağıdılmış Ağdam Teatrı idi… Geniş imkanları olan dövlət teatrları nəinki pandemiya müddətində kreativ ola bildilər, hətta müharibə dövründə də ciddi fəaliyyət göstərə bilmədilər. Bunun müxtəlif səbəbləri ola bilər. Amma mən teatrla məşğul olan bir şəxs kimi buna görə narahatlıq keçirirəm”.

ƏSA – 2016-cı ildə əlilliyi olan aktyorlardan ibarət yaradılmış ilk teatrdır. Teatrın yaradılmasında məqsəd əlilliyi olan insanların fəaliyyətini təmin etmək, onların sosial və ictimai rifahını yüksəltmək, həmçinin digər sahələrlə də məşğul olmalarına geniş imkanlar yaratmaqdır.

Ana səhifəMədəniyyətƏSA Teatrı onlayn nümayişləri bərpa etmir