Əroğanın yeni təyinatı lirənin ucuzlaşmasının qarşısını ala bilmədi

Dollar, lirə, KadirOrhan/Shutterstock

İqtisadçının fikrincə, seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi

Türkiyə lirəsi 1dollar qarşısında 23.16-dək ucuzlaşıb.

Ölkənin milli valyutasının 2021-ci ildəki devalvasiyasından sonra iyunun 7-də rekord həddə ucuzlaşıb.

Mütəxəssislər Türkiyə valyutasının builki məzənnə itkisinin 19 faizi adladığını söyləyir.

Ötən həftəsonu Prezident Rəcəb Tayyib Ərdoğan keçmiş baş nazir müavini Mehmet Şimşeki maliyyə naziri təyin edib.

Şimşek iqtisadi siyasətin “rasional” əsasa qayıtmasının tərəfdarıdır.

Azərbaycanlı deputat, iqtisadçı Vüqar Bayramov düşünür ki, sektorda kifayət qədər yüksək güvənli hesab edilən Mehmet Simşekin maliyyə naziri təyin olunması belə lirəinin ucuzlaşmasının qarşısını ala bilmədi.

İqtisadçının fikrincə, seçkidən sonra lirənin dəyər itirəcəyi gözlənilən idi. Çünki seçkinin başa çatmasına baxmayaraq, Türkiyənin bir sıra Qərb dövlətləri ilə münasibətləri hələ də soyuqdur.

Bu da xarici valyuta təklifinə birbaşa təsir göstərir:

“Türkiyə Mərkəzi Bankının “net forex” ehtiyatlarının tarixi minimumadək azalması da xarici valyutaya olan tələbin ödənilməsində çətinliklər yaradır”.

Deputat düşünür ki, yeni maliyyə naziri təyinatından sonra valyuta bazarı ilə daha çox qarşılıqlı əlaqənin olacağı və prudensial tələblərin yumşalacağı gözlənilir:

“Ayındır ki, bu ilin aprel ayında rəsmi inflyasiyanın 43.7 faiz olduğu Türkiyədə valyuta stabilliyinə nail olmaq zaman alacaq. Ancaq yeni kabinetdə maliyyə-iqtisadi sfera üzrə təyinatlar ortamüddətli dövrdə stabilliyə nail olmaq imkanlarını xeyli genişləndirir. Görünən odur ki, yeni kabineti qarşıda heç də asan olmayan çağırışlar gözləyir”, – Vüqar Bayramov əlavə edir.

Vüqar Bayramov
Foto: Meydan TV

“Blue Bay Asset Management” şirkətinin əməkdaşı Tim Ashın sözlərinə görə, bu, siyasətin normallaşdırılmasıdır.

“Düşünürəm ki, biz Şimşəkin Türkiyə Mərkəzi Bankını rasional siyasətə sövq etməsinin təsirini görürük”.

Digər bir treyder lirənin kəskin güniçi itkilərlə “gözlənilən səviyyələrə” yaxınlaşdığını və bunun bir müddət davam edəcəyini söyləyib:

“Lirə günbəgün ehtiyatlarla müdafiə olunmağa ehtiyac qalmayacaq həddə doğru irəliləyir”, – o bildirib.

Bəzi analitiklər lirənin dollar qarşısında 25-28 diapazonuna doğru zəifləyəcəyini gözləyirlər.

Özünü faiz dərəcələrinin “qənimi” adlandıran Ərdoğanın təzyiqi altında Mərkəzi Bank 2021-ci ildə artım və investisiyaları gücləndirmək üçün faiz dərəcəsini 19%-dən 8,5%-dək endirib.

Bu, 2021-ci ilin dekabrında lirənin rekord böhranına səbəb olub və keçən il inflyasiya son 24 ilin ən yüksək həddinə çatıb – 85%-i keçib.

2009-2018-ci illərdə maliyyə naziri və baş nazirin müavini olmuş Şimşəkin dönüşü isə qeyri-ənənəvi faiz dərəcəsi siyasətindən geri addımın müjdəsi sayılır.

Ərdoğan ABŞ-da yüksək vəzifəli maliyyə meneceri Hafize Gaye Erkanı Mərkəzi Bankın rəhbəri təyin etməyi nəzərdən keçirir.

Bu haqda iyunun 5-də “Reuters” xəbər yayıb.

Erkan bazar ertəsi Ankarada Şimşəklə görüşüb.

Erkan təyin edilərsə, o, son dörd il ərzində ölkənin mərkəzi bankının beşinci sədri ola bilər.

Ərdoğan öncəki sədrləri ard-arda vəzifədən kənarlaşdırıb.

“Reuters” yazır ki, Türkiyə rəsmiləri indi xarici sərmayəçilərin illərdən sonra qayıdacağına ümid edir.

Ancaq müşahidəçilər Ərdoğanın keçmişdə ənənəvi siyasətə üz tutduqdan az sonra fikrini yenidən dəyişdiyini də yada salırlar.

Ana səhifəİqtisadiyyatƏroğanın yeni təyinatı lirənin ucuzlaşmasının qarşısını ala bilmədi