Ermənistanda ədliyyə naziri vəzifəsinə namizəd tapmaqda çətinlik çəkirlər

Paşinyan. Foto: Rəsmi Facebook səhifəsi

Parlament sədri təklif edib ki, namizədin partiya üzvü olması tələbinə yenidən baxsınlar

Ermənistanın hakim Mülki Müqavilə Partiyası istefa vermiş ədliyyə nazirinin yerinə namizəd tapmaqda çətinlik çəkir.

“OC Media”nın məqaləsində belə deyilir.

Parlament sədri təklif edib ki, namizədin partiya üzvü olması tələbinə yenidən baxsınlar.
Parlamentin spikeri Alen Simonyan jurnalistlərə bildirib ki, namizədlərin 80%-i hazırkı mövqeyindən razı qaldıqlarını və ədliyyə naziri vəzifəsinə baxılmasını istəmədiklərini bildiriblər. Simonyan həm də partiyasını yeni namizəd tapmamaqda günahlandırıb.

“Biz namizədin razılıq verib-verməməsindən asılı olmayaraq, bütün namizədləri müzakirə edirik. Bununla belə, biz onlara çıxış etmək imkanı veririk”, – Simonyan bildirib.

Eyni zamanda Simonyan etiraf edib ki, Mülki Müqavilə namizədin partiyanın üzvü olması tələbinə yenidən baxmalıdır.

“Düşünürəm ki, biz də buna yenidən baxmalı və hazırda Mülki Müqavilə Partiyasının üzvü olmayan namizədi təqdim etmək imkanı verməliyik”,- deyib və əlavə edib ki, artıq partiyadan kənar namizədlərin seçilməsi üçün “yaxşı” presedent var.

Simonyan qeyd edib ki, bütün namizədlər partiyaya öz baxışlarını təqdim ediblər. O, namizəd seçimində növbəti uğursuzluqlardan sonra partiyanın artıq yeni namizədlərinin olduğunu və “yaxın gələcəkdə” uyğun adamın seçiləcəyinə əmin olduğunu bildirib.

Simonyan eyham vurub ki, təyinat prosesində problemlərdən biri namizədlərin çox tez-tez qarışdırılması və ya bir vəzifəyə təyin olunmadan başqa bir vəzifəyə təyin olunmasıdır.

Ermənistanın sabiq ədliyyə naziri Qriqor Minasyan oktyabrın 1-də istefa verib. Buna səbəb keçmiş Prezident Robert Köçəryanın qızı ilə Köçəryanın tərcümeyi-halının surətini əlində tutaraq 2019-cu ildə şəkil çəkdirmiş deputatı özünün müavini təyin etməsidir. Yaranmış qalmaqalda hakim partiya onun vəzifəsindən azad edilməsini tələb etmişdi. O da bu səbəbdən istefa verib.

Hakim partiyanın bəzi üzvləri də Minasyanın istefasına haqq qazandırmaq üçün onun qohumluq əlaqələrinə işarə ediblər. Sabiq nazirin qardaşı Mikael Minasyan Ermənistanın keçmiş Prezidenti Serj Sarkisyanın kürəkənidir və qanunsuz əmlak əldə etmək də daxil olmaqla, bir neçə cinayət ittihamı ilə axtarışdadır.

Sarkisyan və Köçəryan Baş nazir Nikol Paşinyanın əsas siyasi rəqibləridir və Paşinyan 2018-ci ildə hakimiyyətə gəldikdən sonra bir neçə cinayət işi ilə üzləşiblər.

“Azadlıq” radiosunun məlumatına görə, Minasyanın istefasından sonra 8 nəfərin namizədliyi irəli sürülüb, lakin onlar ya öz namizədliklərini geri götürüblər, ya da sonrakı sessiyalarda partiyanın rəhbər orqanı tərəfindən rədd edilib. Uğursuz namizədlər arasında namizədliyini geri götürən Paşinyanın mətbuat katibi Nazeli Baqdasaryan da olub.

Məqalədə o da bildirilirdi ki, yeni namizədlərdən biri daxili işlər nazirinin müavini Arpin Sarkisyandır.

Bu yazı ingilis dilindən tərcümə edilmişdir. Yazının əslini “OC Media”dan oxuya bilərsiniz.

Ana səhifəXəbərlərErmənistanda ədliyyə naziri vəzifəsinə namizəd tapmaqda çətinlik çəkirlər