”Ermənistanda demokratiyanın səviyyəsi Azərbaycandan qat-qat üstündür”

Fazil Mustafa: ”Freedom House” Azərbaycana qərəzli siyasi yanaşma sərgiləyir”

Source:


Fazil Mustafa: ”Freedom House” Azərbaycana qərəzli siyasi yanaşma sərgiləyir”

“Azərbaycanla müqayisədə Ermənistanda demokratiyanın səviyyəsi qat-qat üstündür”.

Bunu Milli Şuranın beynəlxalq məsələlər üzrə koordinatoru, sabiq deputat Gültəkin Hacıbəyli “Freedom House” hüquq-müdafiə təşkilatının dünyada demokratiyanın durumuna dair hesabatını Meydan TV-yə şərh edərkən bildirib.

O, bir sıra təşkilatların Ermənistanın Qarabağı işğal etməsinə adekvat reaksiya vermədiyini düşünür. Deyir, təbii Ermənistan Qarabağı işğal etdiyi üçün işğalçı və 1 milyondan artıq azərbaycanlı məcburi köçkünün haqlarını pozan dövlətdir:

“Ancaq Ermənistandakı daxili siyasət tamamilə fərqlidir. Beynəlxalq insan haqlarını müdafiə edən təşkilatlar Azərbaycanda və Ermənistanda insan haqlarının və demokratiyanın durumunu qiymətləndirərkən ilk növbədə ifadə, söz, sərbəst toplaşmaq azadlığına diqqət yetirirlər. Ötən həftənin sonunda Ermənistanda parlament seçkiləri keçirildi. Heç kim bu seçkilərin ideal olduğunu iddia edə bilməz. Sadəcə, Azərbaycanla müqayisədə Ermənistanda demokratiyanın səviyyəsi qat-qat üstündür. Adi bir misal: Ermənistan parlamentində onlarla müxalifət təmsilçisi, fraksiyaçılıq varsa, yaxud bu ölkədə çoxsaylı müstəqil televiziya kanalları fəaliyyət göstərirsə, mənzərə aydındır”.

Gültəkin Hacıbəyli deyir ki, Azərbaycanda fəaliyyət göstərən 3 alternativ sayta – azadlıq.org, azadliq.info   və meydan.tv-yə blok qoyulubsa, “Azadlıq” qəzetinin nəşrinə süni yollarla mane törədilibsə, satış direktoru Faiq Əmirlini saxta ittihamlarla həbs edib, İmam elan edirlərsə, beynəlxalq təşkilatların Azərbaycana qiyməti Ermənistandan fərqli olacaq:

“Bir daha deyirəm, Dağlıq Qarabağ məsələsində Ermənistan beynəlxalq hüququ tapdalayır və buna münasibət açıq olmalıdır. Daxili siyasətə gəlincə, Cənubi Qafqazda Gürcüstandan sonra Ermənistandır, demokratiya və insan haqları autsayderi isə Azərbaycandır”.

Deputat Fazil Mustafa isə Azadlıq Radiosuna açıqlamasında məhkəmə sistemində, korrupsiya ilə mübarizədə nöqsanlar olduğunu hakimiyyətin gizlətmədiyini, amma bu məsələdə problemin başqa nöqtədə olduğunu deyib:

““Freedom House” bütünlükdə Azərbaycana qərəzli siyasi yanaşma sərgiləyir. Həmin qərəz hətta bu qurumun doğru dediklərini belə şübhə altına almağa əsas verir. Problem qurumun nə deyib-deməməsində yox, bütünlükdə Azərbaycana münasibətindədir”.

Fazil Mustafa

F.Mustafa bu hesabatda demokratiyanın durumuna görə Ermənistanın Azərbaycandan irəlidə olmasını da qərəzin nəticəsi kimi dəyərləndirir: “Bu il aprelin 2-də Ermənistanda parlament seçkiləri keçirilib. ATƏT seçkinin nəticələrini pisləyən bəyanatla çıxış edib. Bu seçkilərin Rusiyanın diktəsi altında keçdiyi bilinir. Belə olan halda Ermənistan necə Azərbaycandan öndə ola bilir?”.

Deputat deyib ki, belə qeyri-obyektiv yanaşmadan irəli gələrək hakimiyyət “Freedom House”nin dediklərini ciddi saymır və ona reaksiya göstərməyi də lazım bilmir.

“Freedom House” insan haqları təşkilatı aprelin 4-də “Keçid ölkələri 2017” (Nations in Transit 2017) hesabatını açıqlayıb. Hesabatda Azərbaycan seçki prosesi, vətəndaş cəmiyyəti, müstəqil media, milli demokratik idarəçilik, məhkəmə qanunvericiliyi və müstəqilliyi, korrupsiya kateqoriyaları üzrə ən aşağı, 7 balla qiymətləndirilib.

Ana səhifəXəbərlər”Ermənistanda demokratiyanın səviyyəsi Azərbaycandan qat-qat üstündür”