Ermənistan və Azərbaycan beynəlxalq hesabatda: müharibədən sonra

Human Rights Watch, Foto: By Casimiro PT/Shutterstock

Ermənistanda son seçkilərin rəqabətli və beynəlxalq standartlara uyğun keçirildiyi bildirilir

Ermənistanda Nikol Paşinyanın Baş nazir postunda yenidən təsdiqlənməsi ilə nəticələn son seçkinin rəqabətli və beynəlxalq standartlara uyğun keçirildiyi hesab edilir.

Beynəlxalq müşahidəçilərin qeydləri bu yöndədir.

“Human Rights Watch” insan haqları təşkilatının yanvarın 13-də açıqladığı illik hesabatının Ermənistanla bağlı hissəsində belə qeyd edilir.

Təşkilat bildirir ki, 2020-ci ildə Ermənistan və Azərbaycan arasında baş verən müharibə etnik erməni qüvvələrinin məğlubiyyəti ilə nəticələnib.

Bu da Ermənistanda siyasi böhrana səbəb olub.

Hesabatda deyilir ki, etnik erməni məhbusların Azərbaycan tərəfindən saxlanılması və mühakimə olunması davam edir: “Əsirlər həm təhvil verilərkən, həm də saxlanıldıqları zaman qəddar və ləyaqəti alçaldan rəftara, işgəncələrə məruz qalıb. Azərbaycan 2021-ci ildə 100-ə yaxın erməni hərbi əsir və mülki məhbusu geri qaytarıb”.

HRW bildirir ki, Rusiya sülhməramlıları oktyabrın 9-da keçmiş Ağdərə (Martakert) rayonunda əkinçiliklə məşğul olan mülki vətəndaşın Azərbaycan tərəfinin açdığı atəşdən öldüyünü açıqlayıb: “Dağlıq Qarabağda insan haqları ilə bağlı müstəqil monitorinq olmadığından, sərhədyanı atışmalardan və digər etibarsızlıqlardan yaranan problemləri həll etmək üçün heç bir mexanizm yoxdur”.

Hesabatda qeyd edilir ki, Azərbaycanın nəzarətini bərpa etdiyi ərazilərdə piyada və tank əleyhinə minalara düşən 23 mülki azərbaycanlı həlak olub, 36 nəfər yaralanıb.

Onların arasında iyunun 4-də öldürülən iki azərbaycanlı jurnalist və bir yerli məmur da var idi: “Dağlıq Qarabağ ətrafındakı yeddi rayonun hamısında minalı ərazilər var. İyulda Ermənistan Azərbaycan tərəfə Füzuli və Zəngilan rayonlarında 92.000-ə yaxın avtomobil və piyada əleyhinə minaların yerini bildirən xəritə verib. Bunun müqabilində isə Azərbaycan əsir götürdüyü 15 erməni əsgərini geri qaytarıb”.

Hesabatda bildirilir ki, İnsan Hüquqları üzrə Beynəlxalq Tərəfdaşlıq Dağlıq Qarabağ müharibəsi zamanı beynəlxalq humanitar hüquq pozuntularına dair hesabat yayıb.

Burada deyilir ki, Ermənistan və Dağlıq Qarabağ əsgərləri tərəfindən yaralı azərbaycanlı döyüşçülərin ikisi məhkəməsiz edam edilib. Həmçinin 7 azərbaycanlı əsirlə pis rəftar edilib. Onlara işgəncələr verilib.

“Human Rights Watch” təşkilatı Ermənistan hakimiyyətinin müharibə zamanı erməni qüvvələri tərəfindən törədilmiş hərbi cinayətlərlə bağlı hər hansı araşdırma aparmasından xəbərsizdir.

Təşkilat bildirir ki, Ermənistan həbsxanalaında işgəncə və pis rəftar problemi var. Bunu edənlər çox vaxt cəzasız qalır. Hətta işgəncə iddialarına cavab olaraq cinayət təhqiqatları başlansa da, onlar nadir hallarda səmərəli olur.

Ermənistan müharibədən sonra

Hesabatda qeyd edilir ki, müharibədən sonra Ermənistanda siyasi böhranlar artıb. Tez-tez parlament üzvləri, dövlət məmurları, bəzən hüquq müdafiəçiləri və fəallara qarşı yönəlmiş qızışdırıcı çıxışlar olur. Bunlar ictimai müzakirələr açır. Hökumət nifrət və ləyaqəti alçaldan nitqin yayılmasının qarşısını almaq üçün bəzi cəhdlər edib, həmçinin qanunvericiliyə düzəlişlər olunub.

2021-ci ilin ilk altı ayında dövlət məmurları və fərdi şəxslər tərəfindən jurnalistlərə qarşı 15 fiziki zorakılıq hadisəsi baş verib. Bu zaman 17 nəfər zərər görüb.

Bundan başqa, ABŞ, Fransa və Rusiyanın həmsədrlik etdiyi Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu Dağlıq Qarabağ danışıqlarına yenidən qoşulub.

2021-ci il ərzində həmsədrlər müharibənin nəticələri ilə bağlı bir sıra bəyanatlar verib.

Bildiriblər ki, regiona səfər etməyə hazırdırlar. Onlar tərəfləri bütün hərbi əsirləri və digər məhbusları geri qaytarmağa çağırıblar: “Münaqişə rayonlarının minalardan səmərəli təmizlənməsi üçün lazım olan bütün məlumatların mübadiləsi həyata keçirilməlidir. Dağlıq Qarabağa girişə qoyulan məhdudiyyətlər aradan qaldırılmalıdır”.

Avropa İttifaqı da tərəfləri hərbi əməliyyatlardan çəkinməyə çağırıb və Azərbaycanı bütün hərbi əsirləri və məhbusları azad etməyə səsləyib.

Martda ABŞ dövlət katibi Entoni Blinken baş nazir Paşinyanla görüşündə qanunun aliliyi və demokratik təsisatların vacibliyini vurğulayıb.

Ana səhifəSiyasətErmənistan və Azərbaycan beynəlxalq hesabatda: müharibədən sonra