Ermənistan nümayəndə heyətinin Buçaya səfəri Kremli qəzəbləndirib

Rusiya XİN binası. Foto: Aleksey Qolubkov, Spektr. Press

Zaxarova deyir ki, Yerevana nota verilib

Rusiya Xarici İşlər Nazirliyi Ermənistan nümayəndə heyətinin Ukraynanın Buça şəhərinə səfərindən narazılığını bildirib.

Bu barədə nazirliyin rəsmisi Mariya Zaxarova iyunun 9-da Yerevana nota verdiklərini deyib.

Onun sözlərinə görə, Moskva erməni nümayəndələrinin Ukraynanın bu şəhərinə səfərini, eləcə də Rusiyaya ünvanlanan qəbuledilməz bəyanatları və Kiyevə humanitar yardımın göstərilməsini qeyri-dost addım kimi qiymətləndirir:

“Biz Nor-Nork vilayətinin rəhbəri Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyanın Buçaya səfərini rəsmi Yerevanın açıq-aşkar qeyri-dost addımı kimi qiymətləndiririk. Onların Ukrayna Silahlı Qüvvələrinin ehtiyaclarına yardım ötürməsindən və orada Rusiyaya qarşı qəbuledilməz bəyanatlardan narahatıq. Biz Ermənistan Xarici İşlər Nazirliyinə etiraz notası göndərdik”.

Mariya Zaxarova. Foto: Meydan TV

Mariya Zaxarovanın sözlərinə görə, Nor-Nork inzibati dairəsinin rəhbəri Tiqran Ter-Marqaryan “qərbyönlü” Respublika Partiyasının sədri Aram Sarkisyanın silahdaşıdır:

“Buna görə də onun reaksiyası tamamilə başa düşüləndir”.

XİN rəsmisi həmçinin Ermənistan hakimiyyətinin bu cür bəyanatlarla razılaşmasını qəbuledilməz adlandırıb.

Tiqran Ter-Marqaryan və Ermənistan səfiri Vladimir Karapetyan iyunun 2-də Buçaya səfər ediblər.

Bundan əvvəl Zaxarova erməni parlamentariləri Kiyevin onlara verdiyi Buçada öldürüldüyü iddia edilən şəxslərin siyahısını bölüşməyə çağırmışdı.

Ermənistanın rəsmi orqanları Rusiya XİN-nin notasına hələ ki reaksiya verməyiblər.

2022-ci ildə Rusiyanın Ukraynaya hücumu zamanı rus qoşunları Buça şəhərinə daxil olarkən dinc əhalinin kütləvi şəkildə öldürülməsi faktları aşkar edilib.

Rusiya Müdafiə Nazirliyi isə bu faktları “dezinformasiya” adlandırıb.

Ana səhifə ▸ Dünya ▸ Ermənistan nümayəndə heyətinin Buçaya səfəri Kremli qəzəbləndirib