Ermənistan Minsk qrupunun buraxılması ilə bağlı müraciət etməyib

Source: arxiv

Ermənistan baş nazirinin ofisindən verilən məlumatda deyilir ki, ATƏT-ə müraciət etmək imkanı nəzərdən keçirilir

Ermənistan hələ Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına (ATƏT) Dağlıq Qarabağ üzrə Minsk qrupunun buraxılması ilə bağlı müraciət etməyib.

Bu barədə “Azadlıq” radiosuna Ermənistan baş nazirinin ofisindən bildirilib.

“Ermənistan Respublikası Minsk qrupunun buraxılması ilə bağlı ATƏT-ə müraciət etmək imkanını nəzərdən keçirir”, – ofisdən verilən yazılı məlumatda deyilir.

ABŞ, Fransa və Rusiyanın üzv olduğu Minsk qrupu 1992-ci ildə Dağlıq Qarabağ münaqişəsinin həlli ilə məşğul olmaq üçün yaradılıb. Onilliklər ərzində həmsədr ölkələr Azərbaycan və Ermənistan arasında vasitəçilik səyləri göstərib.

Azərbaycan Ermənistanla sülh sazişinin imzalanmasının ilkin şərtləri sırasına Minsk qrupunun ləğv olunmasını daxil edib.

Ermənistanın Baş naziri Nikol Paşinyan 2025-ci il yanvarın 8-də rəsmi “Facebook” hesabında paylaşdığı postda Minsk qrupunun buraxılması ilə bağlı addımı atmağa hazır olduğunu bəyan edib. Baş nazir ATƏT-in Minsk qrupunun mümkün ləğvini Ermənistan-Azərbaycan sülh müqaviləsinin imzalanması ilə əlaqələndirib. Paşinyanın sözlərinə görə, belə bir addıma cavab olaraq rəsmi Bakı da müasir Ermənistan ərazisinin çox hissəsini “Qərbi Azərbaycan” adlandırmağı dayandırmalıdır.

Ermənistanla Azərbaycan arasında münaqişə 1988-ci ildə başlayıb. 2020-ci ilin sentyabrında isə uzunmüddətli atəşkəsdən sonra Azərbaycan və Ermənistan arasında 44 günlük İkinci Qarabağ müharibəsi baş verib.

Azərbaycan Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti bərpa edib. 2023-cü ilin sentyabrın 19-da Azərbaycan Qarabağda lokal hərbi əməliyyat keçirib.

Sentyabrın 28-də separatçı “Dağlıq Qarabağın (Artsax) Prezidenti” Samvel Şahramanyan “respublika”nın buraxılması barədə fərman imzalayıb.

O, fərmanı 19 sentyabr 2023-cü ildən sonra yaranmış vəziyyətlə əlaqələndirib.

Oktyabrın 15-də isə Prezident İlham Əliyev Xankəndi şəhərinə səfər edib.

Prezident Xankəndidə Azərbaycan bayrağını qaldırıb və çıxış edib.

Çıxışında Azərbaycanın öz suverenliyini tam bərpa etdiyini, Qarabağ probleminin bitdiyini, münaqişənin sona çatdığını deyib.

Azərbaycan və Ermənistan arasında hələ də sülh müqaviləsi imzalanmayıb.

Ana səhifəSiyasətErmənistan Minsk qrupunun buraxılması ilə bağlı müraciət etməyib