Ermənistan hökuməti Qarabağdan olan qaçqınların tələblərini yerinə yetirməkdən imtina edib

Yerevanda Qarabağ qaçqınlarının etiraz aksiyası. Foto: Avard Qriqoryan “Kavkazski uzel” üçün

“Kavkazski Uzel”in materialı

Qarabağdan olan qaçqınların etiraz aksiyasında hökumətə təqdim etdikləri tələblər Ermənistan hakimiyyəti tərəfindən rədd edilib. Qarabağ Ermənilərinin Hüquqlarının Müdafiə Şurası bildirib ki, küçə aksiyaları gözlənilən nəticəni verməyib.

“Kavzkaski Uzel” nəşrinin yazdığına görə, Qarabağ Ermənilərinin Hüquqlarının Müdafiə Şurası iyulun 12-də geniş mitinq və yürüş elan edib, kilsəni və bütün siyasi qüvvələri qaçqınların tələblərini dəstəkləməyə çağırmışdı. Mitinqdən öncə polis aksiyanın təşkilatçılarını söhbətə çağırıb. Yerevan meri isə mitinqdən sonra yürüş və oturaq aksiya üçün verilmiş müraciətləri rədd edib. Mitinqin sonunda qaçqınlar Ermənistan hakimiyyətindən məcburi köçkünlərin problemlərinin həllini tələb edərək, müddətsiz oturaq aksiyasına başlayıblar.

Yerevandakı Azadlıq Meydanında keçirilən mitinqdən sonra Qarabağ Ermənilərinin Hüquqlarının Müdafiə Şurası Ermənistan hökumətindən qaçqınların tələblərinin yerinə yetirilməsini tələb edərək, 24 saatlıq müddətsiz oturaq aksiya elan edib. İyulun 13-ü axşam aksiya hökumət binası qarşısında davam edib, ertəsi gün yenidən bir mitinq keçirilib.

Şura üzvü Saida Poqosyan bildirib ki, polisin təzyiqi nəticəsində aksiya iştirakçıları hökumət binasına keçiblər və burada da qadağalarla üzləşiblər. Onun sözlərinə görə, “polis onlara gecə çadır qurmağa, yataq torbalarından və hətta stullardan istifadə etməyə icazə verməyib, güc tətbiq etməklə hədələyib”.

“Buna görə də Şura iyulun 14-ü səhər saat 10:30-da mitinq çağırdı və bu zaman hökumətə tələblərimiz yazılı şəkildə təqdim olundu. Mitinq zamanı polis təzyiq göstərməyə çalışdı, lakin biz sübut etdik ki, qanunsuz heç nə etməyə hazırlaşmırıq”, – deyə Poqosyan bildirib.
Hökumətə təqdim olunmazdan əvvəl mitinqdə elan edilən üç əsas tələb bunlar olub:

  • Ermənistanda evsiz olan bütün qaçqınlar üçün mənzil yardımı proqramının heç bir şərt qoyulmadan tam şəkildə bərpası;
  • Mənzil proqramında islahatlar – xüsusilə, azlıq nümayəndələri və sosial cəhətdən həssas ailələr üçün əlavə dəstək mexanizmləri, mənzil tikintisi komponentinin gücləndirilməsi (çünki hazırda ailələr ikinci əl mənzil bazarındakı bahalı evləri almağa məcbur edilir);
  • 29 mart mitinqində səsləndirilmiş digər tələblərin də yerinə yetirilməsi üçün inklüziv və effektiv mexanizmin hazırlanması və həyata keçirilməsi.

Tələblər təqdim edildikdən sonra Şura üzvlərindən və mitinq iştirakçılarından ibarət nümayəndə heyəti Ermənistan hökuməti ilə görüşə dəvət olunub. Təxminən bir saat davam edən danışıqlardan sonra nümayəndə heyəti bildirdi ki, hökumət bu tələbləri yerinə yetirməkdən imtina edib.

Qarabağ ermənilərinin ombudsmanı Geqam Stepanyan bildirib: “Hökumət sosial proqramlarda yalnız kosmetik dəyişikliklər etməklə qaçqınların ehtiyaclarını anlamaq istəmir”.

O vurğulayıb ki, “əvvəlcə 40+10 min dram olan mənzil dəstəyi proqramı son aylarda sadəcə 40 min dram olmuşdu və artıq davam etdirilməyəcək. Sosial dəstəyin ləğvi və ya azaldılması minlərlə ailəni yoxsulluq və ya miqrasiya ilə üz-üzə qoyur.” Onun sözlərinə görə, 2020-ci ildən bu yana qeyri-rəsmi məlumatlara əsasən 20 mindən çox Qarabağ ermənisi Ermənistanı tərk edib və yalnız 1900 ailəyə mənzil sertifikatı verilib, onlardan yalnız 400-ü reallaşıb.

Qarabağlı hüquq müdafiəçisi və keçmiş “ombudsman” Artak Beqlaryan kütləvi miqrasiyanın qarşısının alınmasını “təcili məsələ” adlandırıb.

“O bizim hesablamalara görə, Qarabağ sakinlərinin 80%-i yoxsulluq səviyyəsindən aşağı yaşayır. Kirayə haqqına verilən dəstək dayandırılıb və bu da ifrat yoxsul ailələrin sayını artırır. Biz kirayə proqramının davam etdirilməsini, eyni zamanda mənzil təminatı proqramının əsaslı şəkildə dəyişdirilməsini təklif edirik”, – deyə Beqlaryan qeyd edib.

“Qarabağlı qaçqınlar heç bir qanunsuz və ya dövlət əleyhinə fəaliyyət göstərmirlər, onlar sadəcə Ermənistanda ləyaqətli həyat hüququnu müdafiə edirlər,” – deyə “Dirçələn Artsax” Təşkilatının rəhbəri Anastas İsrayelyan bildirib. O qeyd edib ki, “güclü Ermənistan və diplomatik şəkildə Qarabağ məsələsini beynəlxalq səviyyədə qaldırmaq üçün sağlam rəhbərlik istəyirik. Bu, milli məsələdir”.

Aksiya saat 14:00 radələrində yekunlaşıb. Qarabağ ermənilərinin hüquqlarının müdafiəsi üzrə ictimai şuranın üzvü Apres Marqaryan mitinqi bağlayaraq bildirib ki, “küçə mübarizəsinin bu mərhələsi başa çatır” və yeni fəaliyyət formatı daha sonra müəyyən olunacaq.
“Qarabağla bağlı ümumerməni gündəliyimiz faktiki olaraq işləmədi, oturaq aksiya dayandırılır. Eyni zamanda, biz hazırda Yerevanda Qarabağ nümayəndəliyində fəaliyyətimizi davam etdirməyi məqsədəuyğun saymırıq. Şura yenidən təşkil olunacaq. Geniş ictimai tələb olarsa, mübarizəni davam etdirmək məsuliyyətini üzərimizə götürməyə hazırıq”, – deyə Marqaryan bildirib.

Ana səhifəXəbərlərErmənistan hökuməti Qarabağdan olan qaçqınların tələblərini yerinə yetirməkdən imtina edib