Ərəstun Oruclu: Azərbaycan Hadrutdakı hadisələrlə bağlı çəkingən bəyanatlar verir

“Əvvəlcədən demişdim və yazmışdım ki, Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək”

Source: https://polit.info/


"Paşinyan Rusiya sülhməramlılarını öz missiyasını yerinə yetirməməkdə suçlayır"

Azərbaycan Müdafiə Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidməti yanvarın 13-də birgə məlumat yayaraq Hadrutda atəşkəsin pozulduğu təsdiqləyiblər.

Açıqlamada erməni silahlılarının 10 noyabr üçtərəfli bəyanatına əks olaraq ərazi tərk etmədiyi və noyabrın 26-də Xocavənd rayonun Sur kəndində Azərbaycan Müdafiə Nazirliyinin hərbiçilərinə hücum etdiyi qeyd olunub: “Nəticədə 3 hərbi qulluqçumuz öldürülüb, 2 nəfər yaralanıb. Bundan əlavə, dekabrın 8-də həmin rayonun Hadrut qəsəbəsi yaxınlığında rabitə qurğularının və ötürücü avadanlıqların quraşdırılması işlərinin aparılması zamanı 1 hərbi qulluqçu həlak olub və “Azercell” şirkətinin əməkdaşı ağır yaralanıb. Beləliklə, Dövlət Təhlükəsizliyi Xidməti həmin ərazidə anti-terror əməliyyatı keçirmək məcburiyyətində qalıb”.

Ancaq dekabrın 13-də günün ikinci yarısında sosial şəbəkələrdə Azərbaycan hərbçilərinin azad etdiyi Köhnə Tağlar və Çaylaqqala kəndlərinə Rusiya sülhməramlılarının daxil olduğu barədə məlumatlar yayılıb. Hətta Rusiya Müdafiə Nazirliyinə istinadən informasiyanı təsdiqləyən xəritələr də peyda olub.

131342523_10221779998960931_453462932050793665_n.jpg
Xəritə

Siyasi təhlilçi Ərəstun Oruclu Meydan Tv-yə bildirib ki, Hadrut ətrafında baş verənlər müxtəlif mənbələr tərəfindən fərqli baxış bucağında şərh olunur:

“Ona görə ki, əraziyə maraqlar müxtəlifdir. Rusiya tərəfi özünü elə aparır ki, baş verənlərin sülhməramlılara heç bir aidiyyatı yoxdur, hansısa nəzarətsiz erməni silahlı dəstələri gərginlik yaratmağa çalışır. İrəvan Bakını və Rusiyanı ittiham edir ki, guya sülhməramlılar öz missiyalarını yerinə yetirmir. Azərbaycan hökuməti isə çox ehtiyatlı və çəkingən bəyanatlar verir. Halbuki məsələ aydındır. Bu, ondan ibarətdir ki, sovet vaxtı Hadrut qəsəbəsinin girəcəyində və Füzulinin Qaradağlı kəndinin qurtaracağında hərbi hissə olub. Hərbi hissə radar və radioelektron mübarizə stansiyası idi, əsas məqsəd İran ərazisinə nəzarət idi. Həmin ərazinin relyefi imkan verir ki, İrandan qalxan və enən təyyarələri, hava məkanını, eyni zamanda, Azərbaycanın hava məkanını nəzarətdə saxlamaq olur. Düşünürəm ki, Rusiya erməni silahlı dəstələrindən alət kimi istifadə edərək gərginlik yaradaraq ərazini nəzarətə götürmək istəyir. Çox təəssüf ki, Azərbaycanda 10 noyabr bədnam bəyanatından sonra aşırı Rusiyapərəst qüvvələr peyda olub. Bu adamlar açıq şəkildə Rusiyayla bağlı nəinki ehtimallara, hətta açıq rəsmi informasiya mənbələrinin yaydığı məlumatların şərhinə qarşı hücumlar təşkil edirlər. Faktiki olaraq Rusiyanın sülhməramlı rolunu qabardıb arxa plana keçirdirlər. Əksinə, bu günlərdə Rusiya Mülki Müdafiə Cəmiyyətinin sədrinin müavini, general-leytenant Nikolay Staskov ölkəsinin

yerli mətbuat

ına Dağlıq Qarabağda hərbi baza quracağı barədə açıqlama verdi. Amma Azərbaycan tərəfdən heç bir təkzib verilmədi. Rusiya rəsmilərinin diliylə bu cür açıqlamalar verməklə Azərbaycanda və Ermənistanda ictimai rəy hazırlayır. Şimal ölkənin məqsədi Qarabağı öz nəzarətinə götürməkdir və 1989-cu ildə yaradılan Volski Komitəsinin hərbi məzmununu yenidən daha güclü şəkildə qurur. Sadəcə, 30 il əvvəlki SSRİ ilə indiki Rusiya təmsilçiyi eyni deyil, o zaman sovet ittifaqının hərbi hissələri ağır durumdaydı, ölkə çöküşə doğru gedirdi. 2 il sonra 366-cı alay Xocalı olayında birbaşa iştirak etdiyi üçün Rusiya Azərbaycandan çıxmağa məcbur oldu”.

428084_10151382095924393_1030688348_n.jpg
Ərəstun Oruclu

Ərəstun Oruclu Rusiyanın yenidən bölgəyə hərbi məzmunda qayımasının təsadüfü olmadığı qənaətindədir:

“Yaxın Şərq uğrunda qlobal savaş başlayıb. Hələ iyul ayında Tovuz rayonunda hərbi əməliyyatlar başlananda Rusiyanın Azərbaycan və İran vasitəsilə Yaxın Şərqə çıxmaq istəyir. Bu gün artıq xarici media Yaxın Şərqdə savaşın yeni mərhələyə keçdiyi barədə məlumatlar yayır. Azərbaycan bu savaşda ərazi, kommunikasiya rolunu oynayır və bu, dövlətimizin suverenliyinin ən yaxşı halda məhdudlaşması, ən pis halda itirilməsi deməkdir. Rusiya Qarabağda hərbi baza qurur, bunun nəticəsində ordan çıxmaq istəməyəcək. Hər halda BMT 1997-ci ildə Rusiya sülhmətamlılarının Moldovadan çıxmasını tələb etsə də, yerinə yetirmir. İndi isə Rusiya Qarabağda möhkəmlənir, amma Azərbaycan rəsmilərinin qorxaq bəyanatlarını müşahidə edirik. Məsələ ondadır ki, Rusiya sülhməramlıları Qarabağda heç bir mandata malik deyillər. İkincisi, onlar hər hansı sülhməramlı missiya yerinə yetirmirlər, gizlətmədən deyirlər ki, xristian erməniləri qorumağa gəliblər. Bundan başqa nə lazımdır ki, Azərbaycan hökuməti konkret addımlar atsın. Niyə Rusiyadan dəfələrlə asılı olab Ermənistanın Baş naziri Paşinyan Rusiya sülhməramlılarını öz missiyasını yerinə yetirməməkdə suçlayır, Azərbaycan tərəfi isə susur. Çox təəccüblü deyilmi?!”.

Ərəstun Oruclu iddia edir ki, Rusiya yaxın zamanlarda ermənilər vasitəsilə Şuşaya qarşı da eyni təxribatçı addımlar atacaq:

“Bəlkə, kimlərsə fikirlərimlə razılaşmayacaq, amma indidən deyirəm, yadda saxlayın: Şuşanı tərk edən erməniləri dinc yürüş şəklində rayona yönəldəcək. Guya bunlar evlərinə qayıdırlar. Qarabağın iki önəmli nöqtəsi var: Hadrutdakı hərbi hissə və Şuşa. Artıq iki kəndi nəzarətə götürüblər. Bu kəndlərin nəzarətə götürülməsi Şuşanı faktiki olaraq mühasirəyə salır, xəritəyə baxdıqda, bunu görmək olar. Bunları indidən deyirik, amma Bakıdan narazılıqlar gəlir ki, niyə danışırsınız”.


Arif Hacılı: "Ən vacib məsələ erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmamasıdır"

Müsavat Partiyasının başqanı Arif Hacılı bildirib ki, artıq Rusiya sülhməramlıları yalnız Dağlıq Qarabağa yox, ətraf ərazilərə də nəzarət etmək, ümumiyyətlə, Azərbaycanın siyasətinə təsir etmək imkanları əldə edib:

“Hazırda 5 kilometr ərazi Ermənistanın və Rusiya sülhməramlılarının nəzarətində olduğundan Azərbaycan ərazisinə daxil olan silahlardan, yaxud gəlib-gedənlərdən dəqiq informasiya yoxdur. Ən vacib məsələ erməni silahlı birləşmələri Azərbaycan ərazisindən çıxarılmamasıdır. Ona görə o cür hadisələrin olması ehtimalı qalır”.

ARIF HAJILI – Musavat (2).jpg
Arif Hacılı

Arif Hacılı deyir ki, hakimiyyət və cəmiyyət özündə təpər tapıb bu problemin birdəfəlik həlli üçün Rusiya qoşunlarının Azərbaycan ərazisindən çıxaırılmasına nail olmalıdır:

“Əgər bu, baş verməsə, zaman-zaman atışmalar və şəhidlərimiz olacaq. Biz qələbə eyforsiyasına qapılıb heç nə olmamış kimi davranmaqla bu problemləri həll etmək mümkün olmayacaq”.

Müsavat başqanı hesab edir ki, Azərbaycan və Ermənistan birbaşa danışıqlara keçməlidir: “Hər iki ölkə Rusiyanın sülhməramlı qüvvə adı altında Azərbaycanı və Ermənistanı təhdid altında saxladığı indiki şəraitə son verməlidir”.


İlqar Vəlizadə: "Bu, müvəqqəti xəritədir, güman ki, əməliyyat tam bitəndən sonra xəritə dəyişəcək"

Politoloq İlqar Vəlizadə son hadisənin erməni silahlı birləşmələrinin müxtəlif qruplarının Azərbaycan ərazisində fəaliyyət göstərdiyini təsdiqlədiyini vurğulayıb:

İlqar Vəlizadə
İlqar Vəlizadə

“Bununla da müəyyən təhlükələr və təxribatların törənməsinin zəmini qalır, o cümlədən, Rusiya sülhməramlılarına qarşı təxribatlar da. Ona görə Azərbaycan silahlı qüvvələri Rusiya sülhməramlılarına müraciət edərək terrorçu qrupların ərazidən çıxarılması üçünə müraciət edib. Əgər biz təkcə bu əməliyyatı etsəydik, tələfatsız keçməyəcəkdi, nəticədə Ermənistan Azərbaycanı günahlandıracaqdı. Təhlükəni minimuma endirmək üçün rus sülhməramlılarının prosesə cəlb olunması zərurəti yarandı. Bəli, Rusiya sülhməramlıları dekabrın 13-dən yeni xəritə yayıblar, göstərilir ki, ərazi onların nəzarətinə qatılıb. Bu, müvəqqəti xəritədir, güman ki, əməliyyat tam bitəndən sonra xəritə dəyişəcək. Düşünürəm ki, bu məsələ iləı bağlı gedən söhbətlər yaxın günlərdə səngiyəcək”.


Aleksandr Sıtin: "Dnestryanı Moldovanın, Donbass Ukraynanındır"

Rusiyalı siyasi ekspert, tarix elmləri doktoru Aleksandr Sıtin APA-ya son olayı şərh edərkən

bildirib

ki, Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına daxil etmək üçüm hər cür təxribata əl atacağını əvvəlcədən istisna etməmişdi:

Aleksandr_Sytin.jpg
Aleksandr Sıtin

“Əvvəlcədən demişdim və yazmışdım ki, Ermənistan Rusiyanı münaqişənin aktiv fazasına cəlb etmək üçün hər cür təxribata gedəcək. Deyirlər ki, ermənilər azərbaycanlıların onlara nə edəcəyindən qorxduqları üçün Qarabağdan qaçırlar. Cavab verirəm ki, erməni xalqı belədir, onlar hər zaman nədənsə qorxurlar. Necə ki 1915-ci ildə qorxmağa başladılar, bütün 100 il ərzində də elə qorxurlar. Soruşurlar ki, xalqların öz müqəddəratını təyin etməsi hüququnu inkar edirsiniz? Cavab verirəm ki, inkar edirəm. Soruşurlar ki, onda Dnestryanı, Donbass, Krım kimindir? Cavab verirəm: Dnestryanı Moldovanın, Donbass Ukraynanındır. Krımnan bağlı mövqeyim isə onun birləşməsi vaxtından məlumdur. İndi bu mövqeyi dilə gətirməyəcəyəm, çünki buna görə cinayət məsuliyyəti nəzərdə tutulub. Sual özü təxribatçıdır".

Noyabrın 10-da Azərbaycan Prezidenti, Ermənistanın Baş naziri və Rusiya Prezidenti münaqişə zonasında atəşin və bütün hərbi əməliyyatların tam dayandırılması barədə bəyanat imzalayıblar.

Bəyanata uyğun olaraq, 2020-ci il dekabrın 1-dək Kəlbəcər, Ağdam və Laçın rayonları Azərbaycana təhvil verilib.

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Ana səhifəSiyasətƏrəstun Oruclu: Azərbaycan Hadrutdakı hadisələrlə bağlı çəkingən bəyanatlar verir