Ərdoğanın yeni komandası: Türkiyə iqtisadiyyatını nə gözləyir?

Foto: Screeshot medyascope.tv-dən

Ekspert: “İqtisadiyyatın problemlərini bir nəfərin təyinatı ilə həll etmək asan deyil”

İyunun 3-də Türkiyədə yeni hökumət kabinetinin tərkibi açıqlanıb.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu barədə mətbuat konfransında açıqlama verib. Beləliklə, seçkidən öncə vəzifədə olan 17 nazirdən 15-i dəyişdirilib.

Türkiyənin hazırki dövlət başçısı Rəcəb Tayyib Ərdoğanın mayın 28-də keçirilən prezident seçkilərinin II turunun nəticələrini qazanması yenidən ölkə iqtisadiyyatının durumunu müzakirə mövzusuna çevirib.

Türkiyə son illərdə inflyasiya səviyyəsinin ən yüksək olduğu ölkələr sırasındadır. Ölkənin milli valyutası son dönəmlərdə dəfələrlə dəyər itirib.

İqtisadi tərəfdən baxanda, yeni təyinatlar arasında ən çox diqqət çəkənlərdən biri də Mehmet Şimşekin yenidən maliyyə naziri təyin edilməsidir.

O, 2007-2018-ci illərdə ölkədə iqtisadiyyatla bağlı müxtəlif postları tutub.

İqtisadçı Fərid Mehralızadə deyir ki, hökumətə yaxın medianın və ekspertlərin bu təyinatdan gözləntisi böyükdür:

Düşünürlər ki, Mehmet Şimşek Türkiyəni yenidən əvvəlki iqtisadi siyasət kursuna qaytaracaq və iqtisadiyyatdakı problemlər rahatlıqla həll olacaq. Düzdür, Mehmet Şimşek beynəlxalq maliyyə qurumlarının tanıdığı və güvəndiyi biridir. Bəlkə də, bu baxımdan qısa müddətli perspektivdə ölkəyə maliyyə resurslarının cəlb edilməsi baxımından bu təyinatın faydası dəyə bilər, lakin uzunmüddətli perspektivdə Türkiyə iqtisadiyyatının qarşılaşdığı problemlərin həlli bir nəfərin təyinatı ilə həll ediləcək qədər asan deyil”.

İqtisadçı bildirib ki, başqa bir neçə səbəblər də var. O düşünür ki, bu amillər də, AKP-nin yeni iqtidara gəldiyi dövrlə müqayisədə, yenidən eyni uğurları qazanmasını çətinləşdirə bilər:

Birinci məsələ qlobal iqtisadiyyatla bağlıdır. AKP-nin ilk iqtidara gəldiyi dövrdə qlobal iqtisadi konyuktura uğur qazanmaq üçün daha əlverişli idi. Hazırda isə pandemiyanın yaratdığı problemlər, ardınca Rusiya-Ukrayna müharibəsi qlobal iqtisadiyyatdakı problemləri bir növ xronikiləşdirib. Yəni 20 il öncəki qlobal iqtisadi mühitlə indiki bir deyil. Digər bir ciddi fərq odur ki, Türkiyə artıq parlamentli respublika deyil. Bu baxımdan, parlamentin hökumətə nəzarət funksiyası da zəifləyib. Digər tərəfdən, ölkədə hüquq və məhkəmə sistemi də əvvəlki dövrdə olduğu qədər azad deyil”.

Fərid Mehralızadə, Foto: Əkinçi

Fərid Mehralızadə hesab edir ki, iqtisadi inkişaf üçün, sadəcə, iqtisadi amillər yetərli deyil. Qanunun aliliyi, məhkəmə-hüquq sisteminin azadlığı, mətbuat azadlığı, işlək institutlar və s. olmadan dayanıqlı iqtisadi inkişafa çatmaq olmaz. Bu sahələrdəki problemlərin həlli isə təkcə iqtisadçıların dəyişdirə biləcəyi durum deyil:

“Bunun üçün siyasi iradə tələb olunur və bu struktur islahatları olmadan uğur qazanmaq mümkün deyil. AKP-nin 20 il öncəki AKP olmasını çətinləşdirəcək digər bir amil də, məncə, şəxsən Ərdoğanın enerjisi ilə bağlıdır. Hakimiyyətə yeni gəlmiş gənc və enerjili, özünü isbat etməyə çalışan Ərdoğan yerinə artıq 20 ildir ki, hakimiyyətdə qalan, hətta Mərkəzi Bankın qərarlarına belə müdaxilə edən, sağlamlığının pisləşdiyi açıq-aşkar görünən bir Ərdoğan var”.

Mayın 28-də Türkiyədəki prezident seçkisinin ikinci turunda rəcəb Tayyib Ərdoğan 52 faizdən çox, rəqibi Kamal Kılıcdaroğlu isə 48 faizə yaxın səs yığıb.

Qərb, eyni zamanda, müstəqil analitiklər düşünür ki, qarşıdan gələn 5 il Türkiyə, eləcə də növbəti dəfə seçilmiş R. T. Ərdoğan üçün asan olmayacaq.

“The Associated Press” yazır ki, Ərdoğan yaşam xərclərini yüksəldən inflyasiya ilə mübarizə aparmalıdır. Bundan əlavə, azı 50 min nəfərin həyatına son qoymuş zəlzələ zonasında bərpa işlərini sürətləndirməlidir.

Eyni zamanda, sayt yazır ki, Rəcəb Tayyib Ərdoğan növbəti prezidentlik dönəmində NATO-nun digər üzvləri ilə alyansın gələcəyi, eləcə də Ukraynadakı müharibəylə bağlı daha incə davranmalı olacaq.

Ərdoğanın daha çox Türkiyədəki mühafizəkar kəsimin dəstəyini qazanaraq qalib gəldiyi düşünülür.

Onlar onu Türkiyənin islam profilini, eləcə də beynəlxalq siyasətdə ölkənin nüfuzunu yüksəltməsinə görə sevirlər.

2010-cu ildən CHP-ni idarə edən Kemal Kılıcdaroğlu isə seçiləcəyi təqdirdə Türkiyəyə gəlmiş minlərlə qaçqını geri göndərəcəyini vəd edirdi.

O, zamanla Türkiyə iqtisadiyyatının normal hala salınacağını da bildirirdi.

Ana səhifəDünyaƏrdoğanın yeni komandası: Türkiyə iqtisadiyyatını nə gözləyir?