Ərdoğan adı korrupsiyada hallanan şəxsi Azərbaycana səfir göndərir

Birol Akgün. Foto: Şəxsi Facebook səhifəsi

Yunus Əmrə Fondunun rəhbərliyində təmsil olunan Birol Akgünün adı 17 milyon dollarlıq qalmaqalda keçir

Bir neçə gün öncə Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın qərarına əsasən, Birol Akgün Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri təyin edilib.

Dövlət başçısının qərarı “Rəsmi qəzet”də (“Resmi Gazete”) dərc olunub.

Birol Akgün bundan əvvəl Türkiyə Maarif Fondunun sədri olub.

O həmçinin xaricdə türk dilini öyrətmək üçün yaradılan Yunus Əmrə Fondunun rəhbərliyində təmsil olunub.

Fond təxminən 17 milyon dollarlıq korrupsiya və saxta qəbzlərin hazırlanması qalmaqalı ilə gündəmə gəlib.

Keçmiş rəhbəri Şərəf Ateşin Almaniyaya qaçdığı, adı açıqlanmayan səkkiz rəhbər şəxsin isə məhkəmə tərəfindən həbs edildiyi fonddakı korrupsiyanın miqyası hələ də ictimaiyyətə tam açıqlanmayıb.

Bu qalmaqallı məhkəmə prosesi hələ də davam etməkdə və Türkiyədə ictimaiyyətin diqqət mərkəzində qalmaqdadır.

Birol Akgün kimi qalmaqalda adıkeçən şəxsin yeni vəzifəyə gətirilməsi, Ərdoğan iqtidarının təyinatlarda dürüstlük prinsipini yox, sadiqliyi üstün tutduğu barədə tənqidlərə səbəb olub.

Saxta qəbzlər qalmaqalının üstünün ört-basdır edilməsi və ya bu işdə iştirak edən şəxslərin mükafatlandırılması təəssüratının yaranması, ictimai etimadı zəiflədə biləcək əsas faktor kimi qiymətləndirilir.

Bu məsələnin gələcəkdə həm Türkiyənin daxili siyasətinə, həm də beynəlxalq imicinə təsirləri sosial mediada müzakirə edilməkdədir.

Türkiyənin yeni səfiri Birol Akgünün Azərbaycanda diplomatik fəaliyyətinə fevraldan başlayacağı gözlənilir.

Ana səhifəSiyasətƏrdoğan adı korrupsiyada hallanan şəxsi Azərbaycana səfir göndərir