Əminliklərin savaşı

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Bəzi hallarda əminliklərin amansız savaşı qana və itkilərə, bəzən isə əminliklərin uyuşması çox faydalı və gəlirli birgə layihələrə gətirir

Rusiya müharibəyə başlamazdan əvvəl 100 faiz əmin idi ki, Ukraynanı üçcə günə məğlub edəcək. Kiyevə hücum edən desantçılar özləri ilə parad libaslarını və orden-medallarını götürmüşdülər ki, Kiyevdə qələbə paradında göz qamaşdırsınlar.

Bu əminliyi ukraynalı zabit və əsgərlər darmadağın etdilər.

Bu əminliyi başqa əminlik əvəz etdi. Rusiya elan etdi ki, məqsəd Kiyevi işğal etmək deyilmiş, məqsəd Luqansk və Donetsk respublikalarının dövlət sərhədlərini bərpa etməkmiş.

Bu məqsədlə aparılan əməliyyatlar nisbi uğurla getdiyindən bu əminliyi bir balaca təshih edib dəqiqləşdirdilər və dedilər ki, sən demə, işğal edilmiş Xerson vilayəti də Xalq Respublikası elan edib Rusiyaya qatılmaq istəyir.

Rusiya öz əminlikləri üzərində ciddi-cəhdlə çalışıb onları cilalamaqla məşğul olsun, sizə kimdən və nədən deyim, Ukraynanın əminliklərindən. Müharibə başlamazdan əvvəl xeyli mötəbər mənbə xəbər verirdi ki, Rusiya hücum edəcək. Bu xəbərlərin sayı o qədər çoxalmışdı ki, az qala 1941-ci ilin iyun ayının 22-si ərəfəsi Stalinə Almaniyanın hücumu barəsində verilən xəbərlərin sayına çatacaqdı. Bu xəbərlər sırasında ABŞ kəşfiyyatının prezident Baydenin dili ilə yaydığı xəbərlər dəqiqliyinə görə az qala bakılı balası Rixard Zorgenin Yaponiyadan ötürdüyü xəbərlərə çatırdı. Lakin necə ki, Stalin bu xəbərlərə inanmamışdı, Volodimir Zelenski də həmçinin, demişdi ki, bu xəbərlər bekara şeydir, hərə gedib öz işi ilə məşğul olsa, savaba batar.

Müharibə başlayandan sonra Ukrayna ağır vəziyyətə düşdü. Zelenski əmin oldu ki, ciddi güzəştlərə getməsə, ölkəsi basılacaq. Odur ki, Ukraynanın razılaşa biləcəyi güzəştlərin siyahısını açıqladı. O cümlədən dedi ki, Ukrayna dəxi NATO-ya üzvlük xəyalından əl çəkir, ordusu ağır hücum silahlarını daha istəmir, rus dili sərbəst işlənəcək, Krımın və Luqansk-Donetskin taleyi 15 il ərzində beynəlxalq vasitəçilərin iştirakı ilə müzakirə ediləcək.

Zelenski bu şərtləri açıqlamaqda olsun, sizə kimdən deyim, kimdən deyim, ukraynalı zabit və əsgərlərdən. Bu zabit və əsgərlər dinməz-söyləməz rus ordusunu möhkəm əzişdirdilər və rus zabit və əsgərlərini məhv edib, əsir götürüb qaçmağa məcbur etdilər. Vəziyyəti belə görən Zelenski öz əminliyini bir balaca təshih etdi və dedi ki, Ukraynanın ərazi bütövlüyü alver mövzusu deyil, amma biz hələ də NATO-nu daha istəmirik. Ukrayna prezidenti Rusiya prezidenti ilə bilavasitə görüşməyə və sülh müqaviləsi imzalamağa hazır olduğunu söylədi.

Daşdan səs çıxdı, Putindən səs çıxmadı. Səssizliyin tərcüməsi aydın idi: hərbi məğlubiyyətdən sonra sürünə-sürünə gələrsən, sənə şərtlərimi imla edərəm.

Bütün bu dövr ərzində Qərb dövlətləri, başda ABŞ olmaqla, əmin idilər ki, Rusiya Ukraynanı məğlub edəcək. Görəndə ki, Amerika kəşfiyyatının hesablamaları lax çıxdı və Ukrayna Rusiya ordusunu üyüdür, əmin oldular ki, Ukraynanı dəstəkləməyə dəyər. Ona görə başladılar Ukraynaya silah verməyə, amma elə verdilər ki, Ukrayna Rusiyanı bilmərrə və lapdan məğlub etməsin, yavaş-yavaş etsin.

Niyə? Müharibə davam etdikcə Rusiya bihal olur, Putinin hörməti düşür ayaqlar altına, Rusiya yumşalıb muma dönür. Necə deyərlər, qonşunun bağı yandı, bekara şey olsa da, adamın könlünü oxşayır.

Kiyev, Çerniqov və Sumı ətrafında burnu əzilən rus ordusu quyruğunu qısıb bu əraziləri boşaltdı və Rusiya əmin oldu ki, müharibədən üzüsulu çıxmaq üçün hansısa bir hərbi uğur lazımdır. Fasilə götürüb ehtiyat qüvvələri cəm etdi və yenidən hücuma keçdi. Ukrayna başladı addım-addım geri çəkilməyə.

Qərb dövlətləri başda ABŞ olmaqla açdılar səxavət kisəsinin ağzını, başladılar əvvəl-əvvəl Ukraynaya köhnə sovet sılahlarını göndərməyə. Sonra keçdilər müasir Qərb silahlarına. Ukrayna əmin oldu ki, bu silahla və öz zabit və əskərləri ilə Rusiyaya qalib gələ biləcək. Əminliyi o dərəcəyə çatdı ki, Zelenski təzədən dedi: Ukrayna istəsə, NATO-ya da girə bilər. Heç bir əcnəbi dövlət Ukraynaya nəyi isə qadağan edə bilməz.

İndi bütün dünya bu müxtəlif əminliklərin savaşına tamaşa edir. Ukrayna öz gələcək qələbəsinə əmindir və deyir ki, bütün torpaqlarımı, o cümlədən Krımı qaytaracağam, Rusiyanı məcbur edəcəyəm ki, vurduğu ziyana görə bir neçə yüz milyard dollar həcmində təzminat ödəsin.

Rusiya öz qələbəsinə əmindir və deyir ki, nəinki Krımı qaytarmayacağam, hətta Luqanskı, Donetski və Xersonu öz ərazimə qatacağam. Hətta imkan olsa, gedib Moldovanı əzib Dnestryanı Respublikası ilə Ukraynadan keçən quru dəhliz açacağam.

Qərb əmindir ki, bu yaranmış şahanə imkandan tam istifadə etmək lazımdır. Rusiya özünü dünyada bədnam edib, təcrid olunub, heç bir müttəfiqi qalmayıb. Bütün dünya Rusiyaya qarşı birləşib, yekdil tərzdə cəza tədbirləri tətbiq edir. Rus sənayesinin çöküşü sürətlənib, elmi yox olub, texnoloji tənəzzülünün qarşısını ala bilmir. Dünya silah bazarında Rusiya tədricən yoxa çıxacaq, meydan Qərb silahı üçün daha da genişlənəcək.

Qərb əmindir ki, təzyiqi məharətlə, inadla və tədbirli davam etdirsə, şəraiti elə dəyişə bilər ki, Rusiyanın adı dünyanın aparıcı dövlətləri siyahısından tam silinə bilər, BMT-nin Təhlükəsizlik Şurasının daimi beş üzvündən biri kimi çıxdaş edilə bilər, hətta iş o yerə çata bilər ki, ölkə dağılar. Bu zaman Qərbin əsas qayğısı ac rus əhalisini yedizdirməklə yanaşı, ilk növbədə Rusiyanın nüvə cəbbəxanası üzərində ciddi nəzarət mexanizmini qurmaq olacaq.

Dünyada əminliklərin amansız savaşı gedir. Bu savaş özünü Cənubi Qafqazda da büruzə verir. Azərbaycan əmindir ki, 44 günlük müharibədə qələbəsi danılmazdır və təftiş edilməyəcək. Nikol Paşinyan da buna əmindir və buna görə çalışır ki, zavallı xalqını puç xəyalların məngənəsindən xilas edib ayıltsın və sərt gerçəklik ilə üzbəüz qoysun.

Lakin erməni müxalifəti əmindir ki, erməni xalqı qəflət yuxusundan ayılsa və gerçəkliyi dərk etsə, onda gəlib bu müxalifətin cəmdəyinə tüpürəcək və üzünü ondan əbədi çevirəcək. Onda əlvida şirin və yağlı vəzifələr! Əlvida, nəhəng zəhmətsiz gəlirlər! Əlvida, erməni əsilli fransız milyonerlərinin yaxtalarında havayı kef məclisləri! Əlvida, Yerevanda tikilən nəhəng zövqsüz villalar!

Bəli, erməni müxalifətinin ağır günləri gəlib. Putin dostu Robik Köçəryanı zorla həbsdən çıxarmışdı ki, Paşinyan onun oğlu Levonu həbs etdi. Sözsüz ki, buraxacaq, amma həbsin özü alçaldıcı hadisədir. Serjikin dövründə qüdrətli oliqarx olmuş gömrük, maliyyə və dövlət gəlirləri naziri Xaçatryanın Los-Ancelesdəki nəhəng villasına həbs qoyulub. Belə getsə, Allah eləməsin, Xaçatryanın ana südü kimi halal rüşvət puluna aldığı Avstriyanın “Motsart” şirniyyat şirkətinə də həbs qoyacaqlar. Ə bə onda Bakı sakinləri bu Avstriya şirkətinin şokoladını nə təhər tapacaq? Bu şokoladsız biz nə edəcəyik?

Müxtəsər, Azərbaycan əmindir ki, gözləmək lazımdır. Ermənistanın ağası Rusiyanın kifayət qədər zəifləməsini, hətta çökməsini gözləmək lazımdır ki, Yerevan əhli-hal olub işarəni anlasın və hər iki tərəfi rus boyunduruğundan xilas edəcək sülh müqaviləsinə razı olsun.

Azərbaycan əmindir ki, daha heç vaxt yüzlərlə tankı, topu və on minlərlə əsgəri olan erməni ordusu qurulmayacaq. İki səbəbdən. Birincisi, belə ordu qurmağa Ermənistanın bundan sonra heç vaxt maliyyə və bəşəri imkanı olmayacaq. İkincisi, barışıb işgüzar əlaqələr qurduğu Azərbaycanla ədavətə heç ehtiyac qalmayacaq.

Erməni xalqının əksəriyyəti artıq əmindir ki, Artsax mətləbi keçmişdə qalıb. Erməni xalqının Cənubi Qafqazda qalıb yaşamasını istəyən hər bir erməni anlayır ki, bu həyat şansı türk üzərində qələbədən deyil, türklə dostluqdan keçir. Belə əminlik ermənilərlə dinc yanaşı yaşamağın mümkünlüyünə əmin olan azərbaycanlı əminliyi ilə ziddiyyət təşkil etmir.

Bəzi hallarda əminliklərin amansız savaşı qana və itkilərə, bəzən isə əminliklərin uyuşması çox faydalı və gəlirli birgə layihələrə gətirir.

2022-ci il seçim ilidir. Rus və Ukrayna xalqlarının əminlikləri barışmaz savaşda, erməni və Azərbaycan xalqlarının əminlikləri, tərəddüdlə də olsa, sülh axtarışında rastlaşırlar.

Ana səhifəMənim FikrimcəƏminliklərin savaşı