Prezident İlham Əliyevin keçmiş kürəkəni, biznesmen Emin Ağalarovun da pay sahibi olduğu “Uni Pack” qazlı su istehsalçısı şirkəti “Армия России” (“Rusiya Ordusu”) adı ilə enerji içkilərinin istehsalına başlaya bilər.
Şirkət artıq Rusiyanın Federal Akkreditasiya Xidmətindən uyğunluq sertifikatı alıb.
“Uni Pack” 2022-ci ildə yaradılıb. Bunun üçün Moskva ətrafındakı Mojaysk şəhərindəki “Спасо-Бородинские воды” (“Spaso-Borodino suları”) zavodu alınıb. Emin Ağalarovun şəxsi brendi “Jara” da bu zavodda istehsal olunur. Hətta bildirilir ki, Emin Ağalarov zavodu “Jara” brendini inkişaf etdirmək üçün alıb. O, şirkətin 25%-nə sahibdir. Eyni pay Azərbaycan vətəndaşları – Xəyal Abbaszadə, Fuad Əliyev və Nail Ağayevə də məxsusdur.
“Uni Pack”ın kommersiya direktoru Aleksandr Çirkovun sözlərinə görə, zavodda 100-dən çox müxtəlif brendlər istehsal olunur və Rusiya ilə yanaşı, 23 ölkəyə ixrac edilir. Bildirilir ki, şirkətin 2024-cü ildə gəlirləri 3.3 dəfə artıb.
Hazırda “Армия России” içkilərinin istehsalçısı “Megapak” şirkətidir və bu məhsul Moskvadakı bəzi hərbi mağazalarda (voyentorq) mövcuddur. Bildirilir ki, “Армия России” ticarət nişanı Rusiya Müdafiə Nazirliyinin nəzarətindədir və istifadə hüquqlarını da onlar qoruyur.
Son zamanlar Rusiya ilə Azərbaycan arasında münasibətlər öz gərginlik dövrünü yaşayır. Gərginləşmə 2024-cü il dekabrın 25-də AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiyanın hava hücumundan müdafiə sistemləri tərəfindən vurulmasından sonra başlayıb.
38 nəfərin həyatını itirdiyi bu insident həm Azərbaycan cəmiyyətində, həm də siyasi dairələrdə ciddi narahatlığa səbəb olmuşdu. Prezident İlham Əliyev sərt açıqlama ilə çıxış edərək Rusiyadan üzr, təzminat və məsul şəxslərin cəzalandırılmasını tələb etdi.
2025-ci il ilin iyununda isə Rusiyada azərbaycanlılara, ardınca Azərbaycanda rus vətəndaşlara qarşı reydlər və həbslər başlayıb.
Təxminən bir neçə gün əvvəl isə özünün hökumətyönlü mövqeyi və Vladimir Putinin dəstəkçisi kimi tanınan rusiyalı siyasi şərhçi Sergey Markovun ötən ay Şuşada baş tutan media forumunda prezident İlham Əliyevi təriflədiyi üçün “xarici agent” elan olunması barədə xəbərlər yayılıb.
Bu hadisələrin fonunda Emin Ağalarov təşkilatçısı olduğu “Dream Fest”ə iştirak edəcək 20 rus müğənnisinin çıxışını ləğv edib.
Emin Ağalarovun atası Araz Ağalarov Rusiyada fəaliyyət göstərən iş adamıdır.
Ağalarovların Rusiyadakı biznesləri, əsasən daşınmaz əmlak, ticarət, restoranlar və əyləncə sahələrində cəmləşib.
Onların layihələri həm Rusiyada, həm də beynəlxalq miqyasda geniş təsirə malikdir.