Əliyevin Ukrayna “gedişi”

Yazar: Seymur Həzi

Seymur Həzi, Foto:: Meydan TV

Azərbaycan rəhbəri dünyaya hansı mesajı verir?

Azərbaycan dövlət başçısı İlham Əliyevin Ukraynaya rəsmi səfəri diqqətdən kənarda qala bilməz. Ona görə yox ki, Əliyevin Kiyevi ziyarəti bölgənin və ya dünyanın taleyini dəyişəcək gücdədir. Həm də ona görə ki, bu səfər  dünyada da, bölgədə də  bəzi dəyişikliklərin siyasi proyeksiyası kimi görünə bilər. Bu məsələyə toxunacağıq, ancaq əvvəlcə Ukrayna-Azərbaycan münasibətlərinin bugünə qədərki durumuna bir nəzər salmağa dəyər.

Ukrayna  bizim üçün

Uzun tarixi ekskursiya etmədən  deyə bilərik ki, Ukrayna Rusiyanın siyasi təsirindən çıxdığı vaxtdan bəri hər fürsətdə Azərbaycan üçün əsl müttəfiq kimi davranıb. 44- günlük müharibənin gedişində Azərbaycanın beynəlxalq hüquqla tanınmış ərazilərinin geriyə qaytarılmasında siyasi dəstəyini əsirgəməyib və ərazi bütövlüyünü tanıyıb. Daim Rusiyanın bölgədəki ekpansiya siyasətinin qarşısında olub. Hərbi infrastrukturun yenilənməsində mühüm töhfə verib.  BMT və bir çox beynəlxalq topluluqda Azərbaycanın qeyd-şərtsiz dəstəkçisi olub.

Azərbaycan Ukrayna üçün

Təbii ki, söhbət ondan getmir ki, Azərbaycan hökumətinin Ukraynaya olan münasibəti daima Azərbaycan xalqının iradəsini ifadə edib. Əksinə bir çox halda və əsasən Azərbaycan hakimiyyəti Ukrayna ilə münasibətlərini Rusiyanın maraqları ilə və ya siyasətilə uzlaşdırmağa üstünlük verib. Beynəlxalq tədbirlərdə səsvermələr zamanı (sonuncu AŞ istisna) Azərbaycan  nümayəndə heyətləri ya səsvermədə iştirak etməyiblər, ya da səslərini Rusiyanın maraqları çərçivəsində istifadə ediblər. Azərbaycan Türkiyənin və Qərbin aparıcı dövlətlərinin birgə iştirak etdiyi “Krım platforması”nda iştirak etməkdən imtina edərək də bu mövqeyini bir daha göstərib. Bütün bu neqativ  reaksiyalar təbii ki, Azərbaycan cəmiyyətinin müstəqil və demokratik fikirli kəsimi tərəfindən qınanıb. 

Diqqət çəkən  dönüş

Fəqət bütün tənqidlərə baxmayaraq İlham Əliyevin sonuncu səfərini müsbət addım kimi qiymətləndirməliyik. Əlbəttə, bu addımın atılmasında mühüm rola malik hadisələri də gözardı etmək olmaz. Amma Azərbaycanın Ukrayna ilə münasibətləri təkcə bu gün üçün və şəxslərarası münasibətlər kimi qiymətləndirilə bilməz. Çünki tərəflərdən biri hazırda AB və NATO -üzvlüyü dünya siyasətini qarşı-qarşıya qoyan Ukraynadır. Azərbaycan hökumətinin hətta kənd təsərrüfatı məqsədli sazişlər imzalaması belə  bu istiqamətdə irəliləyiş sayıla bilər. Baxmayaraq ki, bu addımı daha əvvəl atmaq pis olmazdı. Rusiyanın aqressiyasının və tamahının sərhəd tanımaması və Putinin “müstəqil dövlət” deyəndə nə istədiyi başa düşüləndə belə qərar vermək elə də yaxşı görünmür, amma  qərarsızlıqdan daha yaxşı olduğunu da demək lazımdır.

Əliyevi nə hərəkətə gətirdi?

Fikrimizcə, İlham Əliyevin belə bir səfərə ehtiyac duyması  iki mühüm faktordan təsirləndi.  Birincisi və ən əsası Putinin şəxsinə ünvanlanmış sanksiya layihəsinin gündəmə gəlməsidir. Əliyev açıq-aydın görür ki, onun da içərisində olduğu prosesin liderini “lüt” qoymaq istəyirlər və bunda qərarlıdırlar. Putinin belə bir vəziyyətdə özünü xilas etmək imkanı varmı? Xeyr. Elə isə Əliyev onunla birlikdə olmaqdan “nə qazanacağını və nə itirəcəyini” sürətlə hesablamaya bilməzdi. Nəticə budur ki, Putinin yanında görünmək olmaz. Hətta bir qədər də əks tərəfdə görünmək lazımdır. Bu mənada AB standartlarına cavab vermək çətin olduğu üçün Kiyev kriteriyalarına uymaq pis seçim deyil. İkinci faktor odur ki, Putin artıq keçmiş Sovet İttifaqı torpaqlarını “öz ərazimiz” adlandırır. Yəni Kreml artıq şərti müstəqilliyə belə dözə bilmir. Bu isə Qərbdə sərvətləri olan bir siyasi oliqarx üçün hər şeyin itirilməsi deməkdir. Sözün tam mənasında  hər şeyin.

Ana səhifəMənim FikrimcəƏliyevin Ukrayna “gedişi”