ABŞ BRİCS-i geosiyasi rəqibi saymır, amma ölkələri seçim etməyə çağırır
Azərbaycan Prezidenti İlham Əliyev oktyabrın 23-də Rusiya Prezidenti Vladimir Putinin dəvəti ilə XVI BRİCS sammitinin “Outreach” / “BRICS+” formatında iştirak etmək üçün Tatarıstanın paytaxtı Kazana səfər edib.
Bu barədə Azərbaycan Prezidentinin rəsmi saytı məlumat yayıb.
Bildirilir ki, Əliyevi Tatarıstanın rəisi Rüstəm Minnixanov qarşılayıb.
ABŞ rəsmisi: “Rusiya ilə əvvəlki kimi işləmək olmaz”
ABŞ Dövlət Departamentinin mətbuat katibinin müavini Vedant Patel mətbuat üçün keçirdiyi birifinqdə BRİCS-in Kazan sammitini şərh edib.
O deyib ki, ABŞ BRİCS-i geosiyasi rəqibi kimi görmədiyindən Kazandakı sammitdə iştirak edən ölkələrlə qarşılıqlı fəaliyyətini davam etdirəcək.
“Turan”ın sualını cavablandıran Patel bildirib ki, BRİCS ABŞ-nin rəqibi deyil, amma hər bir ölkə özü öz seçimini edə bilər:
“Biz hesab edirik ki, ölkələr öz xarici siyasətlərini müəyyən edə və əməkdaşlıq etmək istədikləri istənilən ölkə və qrupları seçə bilərlər”.
“Biz geniş koalisiyalar qurmaq və ortaq məqsədlərlə nail olmaq üçün bütün dünyadakı tərəfdaşlarımızla işləməyə diqqət yetiririk. BRİCS-ə gəlincə, biz Braziliya, Cənubi Afrika və Hindistanla işləməyə və möhkəm əlaqələr saxlamağa davam edəcəyik. Biz 21-ci əsrin müəyyən etdiyi bir çox mühüm sahələrdə bu ölkələrlə ikitərəfli əsaslarla işləyirik”, – deyə Patel vurğulayıb.
Çinin sammitdə iştirakına toxunan Patel qeyd edib ki, ABŞ-nin məqsədi bu ölkə ilə “məsuliyyətli münasibətlər” saxlamaqdır.
Onun sözlərinə görə, dünyanın qalan hissəsi də super güclərdən bunu gözləyir.
Rusiyaya gəlincə, ABŞ rəsmisi bildirib ki, onun təcavüzkar siyasətinin qarşısı alınmalıdır:
“Biz Rusiyanın təcavüzünü dəf etməyə davam edəcəyik və istənilən ölkəyə başa salacağıq ki, Rusiya ilə əvvəlki kimi işləmək olmaz”.
“Turan”ın Türkiyənin BRİCS-ə üzvlük haqqında müraciətinə dair sualına gəlincə, Patel qeyd edib ki, bu məsələ Ankara ilə müzakirə olunacaq:
“Bu məsələ türkiyəli tərəfdaşlarımızla müzakirə olunacaq. Türkiyə NATO-nun mühüm və həyati əhəmiyyətə malik müttəfiqidir”.
“Putin haradadırsa, Əliyev də orada olmağa məhkumdur”
ABŞ rəsmisi konkret olaraq Azərbaycanın adını çəkməsə də, Demokratik Qüvvələrin Milli Şurasının sədri Cəmil Həsənli hesab edir ki, ölkələrin seçim etməsi ilə bağlı mesaj həm də Azərbaycana aiddir.
O, Meydan TV-yə deyib ki, Əliyev artıq seçimini edib və Rusiya ilə birgə Qərbə qarşı istənilən koalisiyada yer almağa hazırdır:
“Əliyev ona görə BRİCS-i seçdi ki, bu təşkilat onun korrupsioner siyasətinə, idarəçiliyinə tam uyğundur. Əliyev Qərbin demokratiya ilə bağlı tələblərindən ötrü söykənəcək bir yer axtarır. O, bir müddət əvvəl bu siyasəti Türk Birliyi vasitəsilə davam etdirməyə çalışdı. Belə bir açıqlama da verdi ki, Azərbaycanın Qərbdə yeri yoxdur, Azərbaycanın yeri Türk Birliyindədir. Rusiya və Çinlə imzalanan müttəfiqlik sazişinin anti-Qərb ritorikasında olması da bu siyasətin təzahürləridir. Yəni Əliyev seçimini bu istiqamətdə edib”.
Cəmil Həsənli də BRİCS-in ciddi bir format olmadığını düşünür:
“BRİCS ciddi bir qurum deyil. Burada əsas öncüllüyü Rusiya ələ almaq istəyir. Əlbəttə, biz Türkiyəni də BRİCS-də görmək istəməzdik. Çünki Türkiyə NATO-nun üzvü kimi kifayət qədər ciddi bir ölkədir. Xüsusilə də, son zamanlarda Türkiyə rəhbərliyi Qərblə münasibətlərin normallaşdırılması və inkişaf etdirilməsi üçün ciddi addımlar atır. Amma Azərbaycanın indiki siyasətinin durumu bir qədər fərqlidir, yəni Putin haradadırsa, Əliyev də orada olmağa məhkumdur”.
“İlham Əliyev özünü Rusiya siyasətinin orbitinə salıb”
Milli Şuranın sədrinin sözlərinə görə, Əliyev Putinin müəyyənləşdirdiyi siyasi xətdən kənara çıxa bilməz:
“Hətta bir müddət əvvəl Kremlin rəsmisi Mariya Zaxarova da açıq mesaj vermişdi ki, Qərbi regiondan qovun. Bu, açıq şəkildə diktə siyasətidir. Eyni ritorikanı Narışkinin səfəri ilə bağlı açıqlamada da görmək olurdu. Onun Bakıya səfəri ilə bağlı Rusiya Təhlükəsizlik Xidmətinin açıqlamasında da anti-Qərb ritorikası açıq görünürdü, yəni Azərbaycanla Rusiya Qərbə qarşı birgə mübarizə aparmaq strategiyası ilə bağlı razılığa gəlmişdilər. Hətta Azərbaycanın daxilində fəaliyyət göstərən müxalifətin adını da “sistemdənkənar müxalifət” qoymuşdular. Bunun da açıqlaması o idi ki, Əliyevin “müxalifət konfiqurasiyası”na daxil olmayan, “müxalifət avtobusu”na minməyən və Ədalət Vəliyevin kabinetindən keçməyənlər “sistemdənkənar müxalifət” hesab edilir. Yəni terrorizmə qarşı necə müabrizə aparılırsa, bunlara qarşı da o şəkildə mübarizə aparılmalıdır”.
Cəmil Həsənli qeyd edib ki, İlham Əliyev özünü Rusiya siyasətinin orbitinə salıb:
“2022-ci il fevralın 22-də Rusiya ilə Azərbaycan arasında “Müttəfiqlik qarşılıqlı fəaliyyəti haqqında” sazişdə də göstərilir ki, tərəflər bir-birinin maraqlarına zidd gedən addımlar atmamalı, əksinə, birgə strategiya daxilində fəaliyyət göstərməlidirlər. Həmin bu BRİCS siyasəti də o birgə strategiya siyasətinin təzahür formalarından biridir. Halbuki Qazaxıstan və Özbəkistan bu formatdan imtina etdi, amma Əliyev edə bilmədi. Bu gün İlham Əliyev faktiki olaraq Rusiyanın Cənubi Qafqazdakı Lukaşenkosu funksiyasını yerinə yetirir”.
BRİCS nədir?
BRİCS (Braziliya, Rusiya, Hindistan, Çin və Cənubi Afrika) 2009-cu ildə Qərbin təsirinə qarşı mübarizə və iqtisadi tərəfdaşlığın möhkəmləndirilməsi üçün yaradılmış hökumətlərarası birlikdir.
Sonradan blok genişlənib və indi daha beş ölkə – Misir, Efiopiya, İran, Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri də bu bloka daxildir.
Azərbaycan və Türkiyə bu yaxınlarda BRİCS-ə üzvlük üçün müraciət edib.