“Pandemiyadan əziyyət çəkən sahələrə iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”
“Sərt karantin rejimi yenidən tətbiq edilirsə, əhaliyə verilən 190 manatlıq yardım da bərpa olunmalıdır”.
Bu təkliflə Milli Məclisin növbədənkənar sessiyasının iyunun 19-da keçirilən plenar iclasında deputat Əli Məsimli çıxış edib.
O qeyd edib ki, karantin rejiminin əvvəlki formasına qayıdılırsa, bir neçə istiqamətdə işlər sürətləndirilməlidir. Aprel və may aylarında sahibkarlara və əhaliyə verilən dəstək sonradan ona görə kəsildi ki, karantin rejimi formasını dəyişdi. İndi isə karantin bərpa edildiyinə görə, həm yardım, həm də pandemiyadan əziyyət çəkən sahələrə iyun və iyul aylarında ödəniş edilməsi vacibdir”.
Maliyyə naziri Samir Şərifov bildirib ki, 2 həftəlik sərt karantin rejimi ilə əlaqədar məsələlərə baxılıb: “Bununla bağlı şübhəsiz ki, təxirəsalınmadan qərarlar qəbul ediləcək. Lazım gəldikdə, hökumət tərəfindən cənab Prezidentə hər hansı bir düzəlişlərin olması ilə bağlı təqdimat da təqdim olunacaq”.
Vitse-spiker Adil Əliyev Cinayət Məcəlləsinə şəhid olmuş şəxslərin şərəf və ləyaqətinin qorunması ilə bağlı xüsusi maddə əlavə edilməsini təklif edib:
“Vətənpərvərlik duyğularından uzaqlaşmış bəzi şəxslər sosial şəbəkələrdə, KİV-də şəhidlərimizlə bağlı xoşagəlməz ifadələr işlədirlər. Cinayət Məcəlləsində təhqir edilən şəxslərlə bağlı xüsusi maddə var. Qeyd olunan proses isə kifayət qədər ağrılıdır. Bununla, o ailəyə ikiqat əziyyət edilir. Ona görə də bu əməllə bağlı ayrıca maddənin məcəlləyə əlavə edilməsini təklif edirəm”.
Deputatı Erkin Qədirli isə Azərbaycanda elm və təhsil müəssisələrinin Əlavə Dəyər Vergisindən (ƏDV) azad olunmasını təklif edib.