Əli Kərimliyə qarşı yönələn aksiyanın təhlükəsi

Bu cür kampaniyalarla hakimiyyət diqqəti vacib problemlərdən yayındırır

Source:
İntiqam banner
İntiqam banner


Bu cür kampaniyalarla hakimiyyət diqqəti vacib problemlərdən yayındırır

Fövqəladə hallarda dövlət, təhlükəsizlik maraqları, o cümlədən hərbi sirlərin yayılmasının qarşısının alınması məqsədilə bəzi hüquqlar məhdudlaşdırıla bilər. Amma bu məhdudiyyətlər legitim məqsəd daşımalıdır. Hərbi əməliyyatlar və hətta müharibə dövründə belə toplumun onu narahat edən məsələlərlə bağlı müzakirələr açmaq, suallar qoymaq, qəbul edilən qərarların doğruluğunu mübahisələndirmək, etiraz etmək hüququ təmin olunmalıdır.

Bu suallar, etirazlar müxalifətdə olub hakimiyyətə iddialı olan qüvvələrə də yönələ bilər. Normal ölkələrdə qərarların müzakirəsində və qəbulunda müxalifətdə olan qüvvələr də fəal iştirak edirlər, ona görə həmin qərarların doğurduğu nəticələrə görə həmin qüvvələrin də məsulliyyət daşımaları və tənqidə və etirazlara hədəf olmaları normaldır. Amma bu etirazlar hakimiyyət cəbhəsindən gəlməli deyil.

Əli Kərimliyə və digər müxalifət liderlərinə son olaylarla bağlı tutduqları mövqeləri ilə bağlı ictimaiyyətin – jurnalistlərin, gənclərin, vətəndaşların sual vermələri, tənqidləri, etirazları normaldır. Mənim də bunlarla bağlı dəstəklədiyim məqamlar az deyil. Çünki müharibəyə, xüsusilə, bununla bağlı qərarların qəbulu prosedurlarına, itkilərə və bu itkilərə yanaşmalara fərqli baxışlarım var.

İndiki halda, Əli Kərimliyə qarşı aksiyalar birbaşa hakimiyyət tərəfindən təşkil olunur. Bu cür aksiyalar ona görə təhlükəlidir ki, həssas mövzu olan torpaqların işğalı ilə bağlı olduğu üçün hakimiyyətin manipulyasiya etmək imkanları daha geniş olur. Hakimiyyət bu yolla toplumu dişinə vurur.

İndiki halda tənqidin əsas hədəfi elə hakimiyyətin özü olmalıdır. Çünki taleyüklü məsələlərdə qərarlar qəbul edərkən toplumun, siyasi partiyaların, vətəndaş cəmiyyəti institutlarının müzakirələrdə iştirakı əhəmiyyətsiz sayılır, ictimai rəy nəzərə alınmır.

Bu cür kampaniyalarla hakimiyyət diqqəti vacib problemlərdən yayındırır, ictimai fikri idarə edə bilir, insanların haqlı qəzəbini yanlış qərarların doğurduğu ağır nəticələrdən yayındırmaq üçün texnologiyaları sınaqdan keçirir həm də. Bu anlamda, narahatlığımız yalnız Əli Kərimliyə qarşı keçirilən etirazlarda iyrənc üsullardan istifadə edilməsində deyil. Bu məsələ həm də ona görə narahatlıq doğurmalıdır ki, əsas hədəf toplumun azadlıq və demokratiya istəyidir, azadlıqlarımızdır. Sabah hökümət belə vəziyyətlərdə hər birimizi hədəf ala bilər. Biz Əli Kərimlinin, İlqar Məmmədovun, Hacı Taleh Bağırovun, İntiqam Əliyevin yanaşmalarını, baxışlarını, mövqelərini qəbul etməyə bilərik, uğrunda mübarizə apardığımız dəyərləri isə hər zaman müdafiə etməliyik.

Ana səhifəAnalitikaƏli Kərimliyə qarşı yönələn aksiyanın təhlükəsi