Əli Kərimli: “Seçki ilə bağlı geriyə dönüş yoxdur”

“Neçə illərdir müxalifətə müxalifətçilik fenomeni ilə mübarizə aparırıq”

Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Əli Kərimli ilə söhbətimizdə 2024-cü ilin 7 fevralında növbədənkənar Prezident seçkilərinin yaratdığı siyasi vəziyyətlə bağlı suallara cavab tapmağa çalışdıq.

– Əli bəy, seçkini boykot edirsiniz. Bu çağırış yalnız partiya üzvlərinədir, yoxsa cəmiyyətə və xalqa da ünvanlanıb?

– Bəyanatda partiya üzvlərinə yox, xalqa da çağırış var. Deyilir ki, indiki şərtlər daxilində, yəni ölkədə bir neçə ayda siyasi məhbusların sayının 2 dəfə artdığı, son 5 ildə sərbəst toplaşmaq azadlığının tam qadağan olunduğu, mətbuatın son qalıqlarının məhv edildiyi, müxalifətə qarşı az qala düşmən münasibətinin yaşandığı, həbsxanalarda işgəncənin adi hala çevrildiyi, seçki komissiyalarının hakimiyyətin nəzarətində olduğu şəraitdə, səslərin normal hesablanmadığı prosesdə seçki keçirilə bilməz. Bu baxımdan 7 fevralda seçki yox, seçki tamaşası keçiriləcək. Xalq Cəbhəsi də seçki tamaşasını boykot edir və ümid edir ki, xalq da bu tamaşada rol almasın. Özləri tamaşanı qurduqları kimi tək aktyor kimi oynasınlar. Həm seçici, həm də seçilən, xalqın iştirakı olmadan bu proses keçsin, hər kəs görsün ki, Azərbaycanda seçki tamaşası alınmadı, iflas etdi. Onsuz da müxalifətin boykot etdiyi son seçkilərə 10 faizdən çox seçici gəlmir. Nə qədər çalışırlar, büdcə təşkilatlarını, müəllimləri, hətta sinif rəhbərlərini cəlb edirlər, amma bizim müşahidəmizə görə Bakıda 8-10 faiz seçici fəallığı olur. Əgər bir məntəqəyə 1500 seçici gəlməlidirsə, 120-130 adam gəlir.

– Sizə elə gəlmirmi müxalifət artıq boykotu siyasi bir ənənəyə çevirib, hətta bir az da sərt deyərəm ki, xroniki hal alıb? Aydındır ki, avtoritar idarəetmələr onsuz da normal seçki mühiti yaratmır, belə olanda müxalifət boykot siyasəti ilə hakimiyyətin ömrünü uzatmırmı?

– Hakimiyyət ömrünü zorla və Azərbaycan xalqını əsir almaqla uzadır. Bütün azadlıqlar xalqdan alınıb. Bunu təkcə mən demirəm, dünyanın nüfuzlu beynəlxalq qurumları bildirir ki, Azərbaycandakı siyasi hakimiyyət Rusiya, Belarus, Türkmənistan, Misir, Venesuala, Eritreya kimi klassik avtoritarizm, hətta diktaturanın hökm sürdüyü ölkələrlə bir sıradadır. Sual edirəm, sadaladığım ölkələrdə seçkilərlə dəyişiklik ola bilər? Fərqi yoxdur, müxalifət seçkidə iştirak etsin, ya etməsin…

– Rusiyanı götürək, Navalnı xalqa müraciət etdi ki, seçkiyə gedin, onsuz da seçki Putinin xeyrinə saxtalaşdırılacaq. Amma təşviqat seçkidən daha vacibdir. Heç olmasa xalqa izah edin ki, Putin ölkəni fəlakətə aparır. Olmazmı, siz də seçkiyə qatılıb xalqla birbaşa təmasa girəsiniz, onsuz da rayonlara buraxmırlar. Bir qisim insan düşünür ki, hakimiyyət Rusiyayla çox yaxınlaşıb, ölkəni şimala doğru aparır, Rus ordusu sülhməramlılar adı altında Azərbaycandadır. Bu təhlükələri demək olmazmı, yoxsa boykotdan başqa B planınız yoxdurmu?

– Doğrusu, Navalnıdan 2 həftədir məlumat yoxdur, hazırda situasiyadan kənardadır, hansı motivlə belə açıqlama verib, mənə aydın deyil. Amma Navalnı azadlıqda olanda, hələ o zaman Rusiya indikindən daha normal vəziyyətdəydi. Bildiyimə görə Navalnı 2018-ci ilin Prezident, 2021-ci ilin parlament seçkilərini də boykot edib, şərait olmadığına görə. İndi Navalnının motivi mənə tam aydın deyil, ancaq bilirəm ki, Rusiya müxalifəti də tək Navalnıdan ibarət deyil, mütləq əksəriyyət seçkini boykot edəcək. Onsuz da real müxalifətin 17 mart Prezident seçkilərində iştirakından söhbət getmir. İkincisi, biz elə-belə gəlməmişik, təvazökarlıqdan uzaq olsa da deyim, Azərbaycanda ən yaxşı seçki kampaniyalarını biz aparmışıq, 2000, 2003, 2005, 2013-cü ildə indiki ilə müqayisədə kampaniya imkanları vardı. Hazırda müxalifətə qurulan tamaşada çox xırda epizodik rol verilib, sən bu rolda iştirak edirsən, rəsmi və qeyri-rəsmi prezidentliyə namizədlərin sırasına qoşulub yarış imitasiyası edirsən. Beləliklə, Əliyevin təkcə „rəqib”lərinə yox, sənə də qalib gəldiyini xalqa nümayiş etdirirsən.

– Sizə həmin rolu partiyaların reyestrdən keçirəndə də verməmişdilərmi?

– Xeyr, o başqa şeydir.

 Bu suala cavab verin…

 Cavab verəcəm, amma sualınıza cavabım hələ bitməyib. Deyirlər ki, bu epizodik rolla gedin danışın, məgər, danışmaq imkanı var?! 2018-ci il növbədənkənar seçkilərdə danışmaq imkanı oldumu? Biz hər gün internet televiziyaları vasitəsilə danışırıq. Bilirisiniz ki, Azərbaycan televiziyalarının auditoriyaları internet televeziyalarının auditoriyalarından məhduddur. Camaatın yadında Cəmil müəllimin 2013-cü ildəki çıxışları qalıb, ancaq indi 2013-cü il deyil. Auditoriya internet televiziyalarındadır.

– Amma Cəmil müəllimin seçki kampaniyası çox yaxşı idi, elə həmin kampaniyanı qurmaq olmazmı?

– Televiziya kampaniyası idi, ondan sonra gördük ki, bütün imkanlar necə məhdud idi. Adi bir misal, həmin 2013-cü il seçki kampaniyası zamanı qərb bölgəsindən gəlirdik, bütün yolboyu kafe və çayxanalar bağlıydı, biri elektrikin olmadığını deyirdi, başqa birisi qazın olmadığını və s. Şamaxıda bir yerdə gördük ki, işləyirlər, oturduq, çıxanda çayın pulu vermək istəyəndə, adam tapmadıq, sonra məlum oldu ki, bu sahibkara öncədən xəbərdar etməyiblər. Biləndə biz gəlmişik, onlara necə təpiniblərsə, yazıqlar ofisiant qarışıq ərazini tərk ediblər, hesabı çaynikin altına qoyub çıxıb getdik. Yəni Cəmil müəllimin də seçki kampaniyası bu şəkildə gedib. Amma o zaman internet televiziyaları, “Youtube” kanalları auditoriyaya girə bilmədiklərindən insanlar ümid kimi yerli televiziyalara baxırdılar. Hakimiyyət də seçkidən sonra həmin pəncərəni qapadı. Üstəlik, bizim internet televiziyalar vasitəsilə sözümüzü deməyə imkanımız var, məsələn, Qəniməd Zahidlə “Azərbaycan saatı”nda Rusiyayla bağlı səsləndirdiyiniz məsələyə 200 mindən artıq baxış var. İndi oturub hesablamalıyıq, seçkiyə gedib 4-5 dəqiqə danışmaq imkanı olacaqmı, hələ qeyri-müəyyəndir. Bəli, həmin AzTV və İctimai Televiziyada 4-5 dəqiqəlik çıxışlar müəyyən üstünlük yarada bilər. İkincisi, bəzi tədbirlərimizə imkan versələr də, verməsələr də, canlanma yarada bilərik. Bir qayda olaraq sadə vətəndaş bu hissəsini düşünür. Biz də çıxışlarımızı geniş auditoriyaya çatdırmağı fürsət kimi görə bilərik və bəzi xırda hərəkətlilik göstərmək də olar. Amma əvəzində nə itirəcəyik? Daha dərin düşünənlər deyəcək ki, neçə ilin siyasətçiləri bu oyunun nəticələrinin öncədən bilindiyini, protokolun, rəqəmlərin hazır olduğunu başa düşmürlərmi. Bu saat Prezident Administrasiyasında qorxa-qorxa İlham Əliyevlə onu məsləhətləşirlər ki, 90 faizdən aşağı, yoxsa yuxarı olsun…

 Bu, informasiyadır, yoxsa ehtimalınızdır?

– 90 faiz ehtimal edirəm, çünki neçə müddətdir hakimiyyəti tanıyıram, təfəkkürünü də, idarəetmə formasını da bilirəm. Seçki prosesini izləyənlər şahiddirlər, hətta seçki gününün sonunda qutudan çıxan bülletenləri də saymırlar, onu bir tərəfə qoyub gedib DSK-da protokolu sıfırdan yazırlar. Əvvəl necəydi, müşahidəçilərə hücum çəkib qutuya bülletenləri atırdılar ki, axşam da çıxarıb saysınlar. İndi daha bu əziyyətləri çəkmirlər, nə qədər çıxar, çıxar, maraqlı deyil. Deməli, seçkiyə getməklə hakimiyyətin bu tamaşasına inandırıcılıq qatırıq. Yəni bizə verilmiş “gəlib mənə məğlub olacaqsan” rolunu yerinə yetirmiş oluruq. İnsanlar arasında da şübhə toxumu səpirik, onlar da deyir: nəylə təsir etdilər ki, öncədən bilinən oyuna girdilər. Belə klassik avtoritarizm dövründə müxalifətçilik edən qüvvələr üçün xalqın etimadı ən böyük resursdur. Bizim başqa resursumuz yoxdur.

– Deməli, geriyə dönüş yoxdur?

– Əlbəttə, seçkiylə bağlı yoxdur. Amma mən onu vurğulamaq istəyirəm ki, biz bunların hamısını hesablamışıq. Hətta məni xoş motivlə prezidentliyə namizəd görüb dəstəkləməyə hazır olan bəzi adamlar da təəssüf hissi keçirirlər ki, kaş bu olardı, gəlib hərəkət edib çalışardıq. Amma Əliyevin bu tamaşasında rol almanın neqativlərini, inandırıcılıq elementi qatmağı və sonra yaşanacaq məsuliyyətsizliyi, bunların hamısını tərəzinin gözünə qoyduğumuza görə bilirik ki, bizə bu tamaşada rol almaq uyğun deyil.

– O zaman gələk reyestrlə bağlı suala…

– Əslində, normalda bu cür ölkədə iqtidarın çoxlu tənqidçiləri olur. Amma Azərbaycanda müxalifətin müxalifəti var, çox güman ki, bu fenomen hökumətdən qidalanır. Yoxsa niyə ki, müxalifətin müxalifəti olsun, bu qədər ağır şəraitdə mübarizə aparan siyasi qüvvəyik. Kimsə bəyənmir, gedib yaxşısını özü etsin, daha bizdən nə istəyir ki? Ancaq neçə illərdir müxalifətə müxalifətçilik fenomeni ilə mübarizə aparırıq. Ona görə hər cür absurd ittihamlar görmüşəm, amma son vaxtlar rastlaşdığım iki ittiham, tənqid ən absurdudur. Birincisi, qurultayda demişəm ki, Azərbaycanın milli maraqları bütün beynəlxalq təşkilatların maraqlarından üstündür, biz Azərbaycan sevdalısıyıq. Buna görə bir azərbaycanlı məni niyə tənqid etsin axı? Mən Azərbaycanın övladıyam da, siyasətçi olmaqdan əlavə Azərbaycanın əsgəriyəm, mənim üçün ölkəmin marağından hansı maraq üstün ola bilər?! O beynəlxalq təşkilatların marağı ölkəmin marağına uyğundur, onu onsuz da qəbul edəcəyik. İkinci absurd isə reyestrlə bağlıdır. Neçə illərdir çalışırıq ki, hökumət hamını ram etməsin. Təkcə 4-5 ildə AXCP-dən onlarla adam həbs olunub. Son vaxtlar 7-8 jurnalist həbs edilib, media sektorunda bunun ağır olduğunu necə hiss edirsiniz?

 Onsuz da azıq…

– 50 partiya funksioneri həbs edilib, 10 nəfər də içəridədir. Mənə, ətrafıma və qohumlarıma qarşı olanları bilirsiniz, təkrarlamaq istəmirəm. Biz bu şəraitdə mübarizəni nəyə görə israrla davam etdiririk? Məqsədimiz ölkədə legitim alternativin olmasıdır ki, istənilən zaman geopolitik vəziyyət və xalqın ovqatı dəyişəndə artıq sıfırdan başlamaq lazım gəlməsin. Biri var Türkmənistanda demokratiya üçün çalışasan, biri də var Azərbaycanda, fərq var da. Məsələn, Özbəkistanda Mirzoyev yeni gələndə siyasi məhbusları azad etdi, orada Azərbaycan qədər siyasi məhbus yoxdur. Amma belə müxalifət də yoxdur. Deməli, müxalifət, ənənə və struktur yaratmaq asan deyil. 90-cı illərdə müxalifət düşərgəsində necə bir basabas vardı, necə oldu həmin partiyalar?

– İndi deyirlər ki, “avtobusa” miniblər…

– Ay sağ ol, biz ona görə təşkilatı saxlayırıq ki, həlledici məqamda millətin üz tutmağa ünvanı olsun, dinc keçidin modeli qalsın. Təsəvvür edin ki, Əliyev yarımazad seçki şəraiti yaratsın, sərbəst toplaşmaq azadlığı, regionlara səfər imkanı versin, həbslərə ara verilsin, mediada müxtəlifliyə maneçilik törətməsinlər, biz 3 aydan sonra hakimiyyəti seçki qutusunda məğlub edirik. Belə bir gücü saxlamışam. İndi ortaya layihə qoymamış 3-5 nəfərin ağlına gəlib ki, siz də reyestrdən keçməyin, qalın qanundan kənarda. Deməli, bu qədər əziyyət bahasına-50 nəfərin məhbus, 300 nəfərin inzibati həbsi, minlərlə insanın ac yaşaması və işini itirməsi hesabına qorunmuş alternativ strukturdan könüllü şəkildə imtina edim ki, artıq bu qanunu saymıram, qeydiyyatdan keçmirəm, qaldım qanundan kənarda. Nə əldə edirəm?!

– Siz Əliyevin yarımdemokratik seçki və şərait yaradacağına inanırsınızmı, bu qədər sadəlövhsünüz?

– Siz mənim sadəlövh olduğumu görmüsünüz?

– Yox, o barədə danışdınız deyə soruşuram…

 Əvvəla, mən onu sözgəlişi dedim, strukturumuzun gücünü nümayiş etdirmək üçün. Amma arxası da var və prinsipcə, istisna da etmirəm. Sözgəlişi olmadan da bu mümkündür.

– Nəyə əsasən istisna etmirsiniz?

– Klassik avtoritarizm olan ölkələrdə dəyişikliklər nə növbəti, nə də növbəsiz seçkilərlə olur. Nə seçkini boykotla, nə də seçkidə iştirakla hakimiyyət dəyişir. Dəyişikliyin iki variantı qalır: Ya geopolitik şərtlər dəyişir, həmin avtoritar liderlər sanksiyaların, təcridin gücüylə güzəştə gedirlər. Neçə müddətdir Venesuelanın neftinin satışına qadağa qoymuşdular, indi Madura razılaşıb ki, yaxşı, neftdən bir az satım, gələn il də müxalifətin iştirakı və beynəlxalq təşkilatların müşahidəsi ilə seçki keçirim. Madura Azərbaycan hakimiyyətindən çox-çox sərt işlər görüb, yüzlərlə insan təzyiq və işgəncələr nəticəsində həyatını itirib. İndi müxalifətlə seçki yarışına getməyə razılaşıb, deməli, beynəlxalq şərtlər dəyişib. 2020-ci ildə Belarusdakı parlament seçkiləri hamımızı necə ruhlandırmışdı, Svetlana Tixanovskaya az qala seçilmişdi, çox sayda səs də almışdı. Ondan əvvəl Belarusa qarşı böyük təcrid vardı, 2010-cu ildə Lukaşenkonu Avropanın sonuncu diktatoru elan etmişdilər, qərb ölkələri səfirlərini çıxarıb diplomatik əlaqələrini də kəsmişdilər. Belarusun 2020-ci ildən əvvəl Rusiyayla münasibətləri gərginləşdi və Qərbə doğru addım atdı, bütün siyasi məhbusları azad etdi, son seçkidə Tixanovskaya seçki mücadiləsi edəndə orada çox az siyasi məhbus qalmışdı. Həmin vaxt müxalifət regionarda böyük mitinqlər keçirirdi, o şərait də geopolitik basqıların nəticəsində yaranmışdı. Əgər Putini çökdürmək mümkün olacaqsa, əminəm ki, bu, çox çəkməyəcək, mənzərə dəyişəcək. Putin postsovet regionunda yarımdünya yaradıb, hazırda mini “soyuq müharibə” gedir. Qərb ölkələri bunun adını qoymurdular, keçmişdə SSRİ dünyanın yarısına sahib idi, indi Putin də 8 faizini götürüb alıb qanadının altına-Azərbaycandan Orta Asiyaya, Belarusdan Suriyaya qədər. Rusiyamərkəzli avtoritarzim çökəndən sonra adlarını çəkdiyim ölkələrdə domino effektiylə çöküş başlayacaq. Necə ki, Maduro kimi qəddar adam demokratik seçkiyə razılaşır, necə ki, Belarus lideri 2020-ci ildə razılaşmışdı, bir daha da ona gələcək, eləcə də Əliyev onu görəndən sonra o da razılaşacaq. Əlbəttə, dediyim illüziya deyil, beynəlxalq şərtlərə bağlıdır. Dəyişikliyin ikinci yolu isə xalqdır.

– O barədə bizə əvvəlki müsahibələrinizdə demisiniz…

– Bəli, ona görə qısaca bildirirəm ki, artıq heç bir geopolitik dəyişiklik gözləmədən xalq istənilən vaxt meydanlara çıxıb situasiyanı dəyişə bilər. Vaxtilə Misir xalqı Təhrir meydanına çıxıb Hüsnü Mübarəkin bütün gücünü dağıtdı, demokratiyanı bərqərar etdi, arxasında dayana bilmədi, o başqa söhbətdir. Amma xalqın belə bir gücü var. Bir daha deyirəm, mənim söylədiklərim çox da fantastika janrında deyil. İki il əvvəl bizim üçün də təsəvvür etmək çətin idi ki, İlham Əliyev Ermənistanla indiki sülh razılaşmasına gedəcək. Putin demişdi ki, 2020-ci ildə centlemen razılaşmamız vardı ki, Qarabağ məsələsi uzaq gələcəyə qalır.

– Sonra şərtlər dəyişdi…

– Bəli, şərtlər dəyişdi. Sonra Əliyev düşündü ki, şərtlər dəyişibsə, bundan istifadə edib, Qarabağda yarımçıq işləri başa çatdırım, amma yenə də Qərbi regiona buraxmayım və Zəngəzurla söhbəti uzadım. Uzada bildi söhbəti? Bugünlərdə Hikmət Hacıyev dedi ki, heç bir hərbi məqsədimiz olmayıb, sülhlə dünyanı təəccübləndirəcəyik. Yəni beynəlxalq aləm sülh üçün Bakı və Yerevana təzyiq edir və nail olacaqlar, həmin təzyiq bir gün demokratiya üçün ediləndə, o zaman prosesin önü açılacaq.

– Məsələ ondadır ki, II Qarabağ savaşından sonra Azərbaycan xalqı “Dəmir yumruğu” dəstəkləyir. Hətta vaxtilə müxalifətdə olan sənət adamları seçkidə Əliyevə səs verəcəklərini açıq deyirlər. 44 günlük savaş Azərbaycanda çox şeyi dəyişdi. Bu mənada tutalım, dediyiniz 3 ay ərzində geopolitik mənzərə dəyişsə, sizin seçki komissiyalarındaa kadrlarınız varmı? Yaxud O’Brayn Bakıya gəldi, amma həbslər dayanmadı, Tofiq Yaqublu da həbs edildi. Sizə deyəsən asan gəlir…?

– Yox, asan gəlmir. Sadəcə, mən nə istədiyimi və necə edəcəyimi bilən adamam. Bilirəm çətin olacaq, amma sonda bizim istədiyimiz olacaq. Nikbinəm, ona görə yox ki, illüziyayla yaşayıram.

– Sizə elə gəlmirmi Əliyev hətta 40-60 faizlik demokratik seçki keçirsə də, qalib gələ bilər. Çünki Qarabağ savaşı çox şeyi dəyişdi…

– Xeyr, o məsələyə gələcəm. Mənim nikbin olmağım illüziyayla bağlı deyil, dünyadakı inkişaf qanunlarını və xalqımızın hakimiyyətə real münasibətini bilirəm. Onu da yaxşı bilirəm ki, özünüz də inanmırsınız Azərbaycan xalqının “Dəmir yumruğu” sevdiyini. Azərbaycan xalqı “Dəmir yumruğa” ironiya edir.

– Siz partiyadaxilindən gələn informasiya əsasında belə deyirsiniz, ətrafdan xəbəriniz yoxdur…

– O abidəni niyə götürdülər?

– Hadrut qəsəbəsində qalır…

– Yox, Bakıda da qoymuşdular, deməli, xalqın sui-istifadəyə ironiyası var. Əgər “Dəmir yumruq” Azərbaycan əsgərinin, Şuşaya dırmanan əsgərin, yəni əsgərin obrazı kimi olsaydı, xalq onu həmişə sevərdi. Amma onu çox ucuzlaşdırdılar, İlham Əliyevin piar kampaniyasına çevirdilər. Azərbaycan xalqı onu dəstəkləmir. Adamlar bilirsiniz nə vəziyyətdədir, adamlar qorxudan özünü inanmış kimi göstərir. İnsanlar necə qorxmasınlar ki, kiçik bir ölkədə 254 siyasi məhbus var. Rusiya əhalisi Azərbaycandan 15 dəfə çoxdur, bütün dünyanın diktator dediyi Putin Rusiyasında 600 siyasi məhbus var. Onun da çoxu sırf siyasi deyil, müharibə əleyhinə yazılarına görə həbs edilənlərdir. Yəni əhalisi bizdən 15 dəfə artıq Rusiyada siyasi məhbusun sayı 2 dəfə çoxdur. Azərbaycan üçün 254 siyasi məhbus çoxdur. İnsanlar özlərini aldadır, desin ki, getdi Qarabağda top vurdu, yoxsa filan qədər siyasi məhbus var?

– Gəlin psixoloji məqama diqqət edək, Azərbaycan xalqı qorxur, yoxsa müxalifətə inamsızdır?

– Müxalifətin özünü ifadə imkanı varmı ki, ona inansın, ya inanmasın? “Müxalifətə inanmır” sözü normal politoloji diskurs olmalı deyil. Müxalifət bir adamdan ibarət deyil, mənə inanmır, Əhmədə, Vəliyə inansın. Ümumiyyətlə, bu diskurs müasir politologiyanı məhv etməkdir. Dünyanın harasında müxalifət yoxdur? Azacıq demokratik ölkə olsun, super dövlət olan ABŞ-da Bayden geniş əhatəli işlər görür, dünyanı Putinə qarşı birləşdirib, ordusu də dünyanın ən qüdrətli ordusudur, amma onun nə boyda müxalifəti var?! Əgər Azərbaycan xalqı bu gün müxalifəti görə bilmirsə, deməli, ölkə avtoritarizmdən totalitarizmə keçir. SSRİ-də müxalifət vardı?

– Orda birpartiyalı sistem idi, tamam başqa şey idi…

– Belarusda, Suriyada müxalifət ola bilər? Yox. Biz artıq ona doğru gedirik, nə qalıb ki… Onsuz da bu dövr bir az uzun çəksə də, mən vəziyyəti belə görürəm: Əliyev nə qədər bacarırsa, hələ təzyiqləri artıracaq. Ola bilsin, həbsləri də, müxalifətə təzyiqləri də davam etdirsin. Onun üçün komfortdur ki, müxalifəti də, azad mətbuatı da minimuma endirsin. O’Brayn da gəlir, dayanmır, çünki dünyanın öncəliyi bu gün Rusiyadır. Əliyev də bunu özünə fürsət bilir, nəyə görə seçkini tələsik keçirir? Bilir ki, Rusiyada vəziyyət dəyişəndən sonra gündəlikdəki ikinci, üçüncü məsələlər ortaya çıxacaq. Ona görə 2025-ci ili gözləmədən, dünyanın diqqəti məşğulkən bunu edir, amma bu dəyişəcək, sıra Azərbaycana da çatacaq.

– Beynəlxalq təşkilatların münasibətinə gələk, əgər onlar 90-cı illərin seçkilərinə “irəliyə doğru bir addım atıldı” deyə qiymət verirdilərsə, sonradan seçki institutu da məhv edildi, bunu yerli ekspertlər də gizlətmirlər, məsələn, Anar Məmmədli. Yəqin ki, səfirliklərlə qapalı təmaslarınızda ritorikanız sərt olur…?

– Çox sərt olur.

– Ancaq ictimaiyyətə açıqlamalarda belə danışmırsınız…

– Bilirsiniz, 90-cı illərin sonunda, 2000-ci illərin əvvəllərində hər seçki saxtalaşdırılanda deyirdilər ki, demokratiyaya doğru bir addım da atıldı, buna publik münasibətim də çox sərtdir.

– O vaxt da sərt idi?

– Bəli, sərt idi. 2005-ci il seçkilərindən sonra ABŞ-ın səfiri Harnişlə çox sərt söhbətimiz oldu. Bir gün “WikiLeaks” açıqlasa, o da üzə çıxacaq.

– Amma mediaya danışanda bunları demirsiniz, nədənsə ehtiyatlanırsınız, bəlkə görüşlərə çağırırmayacaqlar deyə?

– Yox, məni o səviyyədə adam saymayın, lütfən. Mən, ABŞ dövlət katibinin köməkçisi Armitaç vardı…

– 2003-cü il seçkisi başa çatmamış Əliyevi təbrik etmişdi.

– O, həm də ABŞ-Azərbaycan Ticarət Palatasının həmsədri idi, onu həmin illərdən tənqid edirdim. Elə-belə deyildi, təmannası vardı. Deməli, Qərb dəyərlərini, demokratiyanı, insan hüquqlarını satan, saxta seçkilərə haqq qazandıran bütün Avropa siyasətçilərini hər yerdə tənqid edirəm. Sonradan bir çoxunun mənası açıldı, “Kürü diplomatiyası” sənədi təkcə Avropa Şurasına aid deyildi, həmçinin, Avropa Birliyinə və ABŞ Konqresinə də girirdi. Fətulla Gülənin adamı vardı – Kamal Öysüz, sonra Ermənistanda tutuldu, onunla Azərbaycan hökuməti işləyirdi, yoxsa yox? SOCAR-la Kamal Öysüz birlikdə Azərbaycana 8 konqressmen gətirmişdilər, yoxsa yox? Gətirmişdilər, bəlkə unutmusunuz. ABŞ Konqresində araşdırmalar getdi, onların Azərbaycandan aldığı hədiyyələri geri qaytartdılar. Yəni Azərbaycan hökuməti “Kürü diplomatiyası” ilə çoxunu ələ almışdı. Onlar təkcə Azərbaycanın maraqlarını satmırdı, Qərbin demokratiyasını da satırdılar. Bəli, Qərbdə dəyərləri satanlar varmı? Var. Ermənipərəstlər varmı? Var. Bizə münasibətdə ədalətsizlik edənlər varmı? Var. Amma Qərbin idarəetməsi Azərbaycan üçün ən məqbuludur. Ona görə biz Avroatlantik inteqrasiyadan yanayıq. İqtisadiyyatda İsveç modelini təklif edirik, Avropa Birliyindəki idarəetməni gətirmək istəyirik. Bunu ona görə etmirik ki, onlar qüsursuzdur, onların da qüsuru var. Lakin bu gün Azərbaycan üçün mövcud olan alternativlərin içində ən yaxşısı Avropadakı idarəetmədir. Avropa siyasətçilərinin hamısı elə deyil, amma idarəetmə yaxşıdır. Əslində, indiki vəziyyətdə yaxşı populizm qazanmaq olar, Əliyev elə vəziyyət yaradıb ki, sadəlövh üçün anti-Qərb ritorikası alqış gətirir. Hökumətin ciddi uğurlarından biri budur. Uzun zaman Azərbaycan əhalisinin böyük hissəsi ölkənin gələcəyini Avropada görmək istəyib. Amma Qərbin də bəzi səhvləri olub, Türkiyədən, Rusiyadan, İrandan gələn bir sıra çağırışlar nəticəsində Azərbaycanda Qərbin populyarlığı düşüb. Mən oraya əlavə benzin tökmək istəmirəm, çünki Azərbaycanın məhz mütərəqqi dünyanın bir parçası olmasını istəyirəm.

– İlham Əliyev son çıxışlarının birində dedi ki, Azərbaycanın xarici siyasəti Avropa İttifaqını hədəfləmir, çünki bizi orada gözləmirlər. Sizə elə gəlmirmi Gürcüstan və Ukraynanın yaşadıqlarından, yaxud Qərbin Azərbaycanın öz ərazi bütövlüyünü bərpa etməsinə münasibətindən sonra bu fikirlər ortaya çıxdı? Yeri gəlmişkən, Azərbaycan Avropaya getməyi hədəfləmirsə, sizcə, hara gedir?

– Əliyev onu da deyib ki, biz Mərkəzi Asiya ilə eyni siyasi-iqtisadi geopolitik müstəvidəyik.

 Həmin geopolitik müstəvinin sabahı varmı?

– Əliyev maksimum çalışır ki, bizi sürüşdürsün Xəzərin o tərəfinə. Azərbaycan demokratikləşməsin deyə coğrafiyanı belə dəyişmək istəyir. Yaxşı ki, Allah vaxtilə Xəzər dənizini buradan salıb, deməli, bizi Mərkəzi Asiyaya yamaq etmək mümkün olmayacaq. Amma İlham Əliyev gizlətmək istəmir ki, bizi orada görmək istəyir. Həmin Mərkəzi Asiya Təşkilatında təkcə Orta Asiya ölkələri yox, Əfqanıstan da var. Yəni bizi yalnız Türkmənistan, Tacikistan standartına aparmaq istəmir, orada Əfqanıstan da var. Ona görə Azərbaycan xalqı bunları bilməlidir. İndi Makron orda nəsə deyib, Avropa Parlamentində kimlərsə nəsə danışıb, izah edərik. Ancaq biz Əliyevin təklif etdiyi Türkmənistan, Əfqanıstan və Tacikistan standartına keçməliyik, ya da İsveç, Çexiya, Niderland, Polşa, Litva kimi normal hüquqi dövlət qurmalıyıq. Burda bizim taleyimizdən söhbət gedir. İndi Əliyev niyə bu fikri səsləndirdi, guya Azərbaycana ədalətsiz mövqeylə bağlıdır. Bu məsələlərdə Qərbin Azərbaycana qarşı qərəzli mövqe sərgiləyən siyasətçilərinin ölkəmizə vurduğu zərbə təkcə Xocalı və 20 Yanvar faciələrinin yüzdə biri deyil. Nə ediblər, müəyyən sayda adamlar məyus olublar ermənilərin Qarabağdan getməsinə. Birinci mən burdan səsimi qaldırmışam ki, heç bir etnik təmizləmə yoxdur. Bu hökumətdən görmədiyim ədalətsizlik yoxdur, hər gün həbs təhlükəsi altında yaşayıram, bütün ətrafım həbsxanadan keçib, hakimiyyətin ən ağır işgəncələrini görmüşəm, amma mən də deyirəm ki, biz erməniləri etnik təmizləməyə məruz qoymamışıq. Miniblər maşınlarına, istədikləri ev əşyalarını yığıblar ora, çalıb, oynaya-oynaya gediblər. Hətta hökumət onları saxlamaq istəyirdi. Baxın, 100 illik erməni təbliğatının təsiri var, bu, bizə qarşı ədalətsizliyin bir amilidir. İkincisi, Əliyevlərin avtoritar rejimi bizi hər zaman haqsız çıxarıb deyə bəzi adamlar vicdanlı yanılırlar. Axı hakimiyyət həmişə yalan danışıb. Tofiq Yaqublunu o şəkildə döyəndə, hüquq-mühafizə orqanları deyib ki, özü-özünü döyüb. „Reuters“ Əli Kərimlini 8 polisin necə apardığını çəkib yayanda, Baş prokuror bildirib ki, başını avtobusa vurub. İndi bu avropalının vicdanlı yanılma imkanı da var. Bunlar gözlərini açıblar ki, hökumət yalan danışır, seçkini saxtalaşdırır, çox obyektiv olmalısan ki, bu qədər mövzunun içində birini doğru deyir. Yalnız ermənilərə qarşı etnik təmizləmə olmayıb açıqlamasını düz deyiblər. BMT nümayəndəri də deyəndən sonra məsələ bitdi, ona görə bizə sanksiya yoxdur.

Təkcə 907-ci düzəlişdir ki, ildə 20 milyon dollar öz pullarını bizə verməkdən imtina edirlər. İndi bunu qoyaq tərəziyə, Rusiya 30 ildə Ermənistan ordusunu silahlandırıb, iqtisadiyyatını dəstləkləyib, işğalın arxasında dayanıb və sən 20 Yanvar, Xocalı faciəsini törədənin çətirinin altından çıxmırsan. Azərbaycan təəssübkeşi olmusan, kimsə haqqımızda nahaq söz deyib adıyla Avropadan uzaqlaşırsan. Əslində, demokratiyadan qorxursan, demokratiya olmasın deyə, bunu edirsən. Sadəcə, xalqımızı sadəlövh sayırlar ki, asan aldadarıq. Allah Cəfər Cabbarlıya rəhmət etsin, „Almaz“ əsərində deyir: „məscidi qışqır, məscidi“. Əslində, xalqı tərpətməkdən ötrü deyir başqa söz söylə, yəni məscidi qışqır ki, camaat sənə dəstək versin. İndi bunlar Qərbi regiona buraxmaq istəmirlər ki, demokratiya gəlsin. Bütün “Altılıq” formatının da, Avropa Birliyinə getmirik bəyanatının da məqsədi regiona demokratiyanın gəlməməsidir. Amma sadə insanları aldatmağa çalışırlar ki, guya bunlar dəhşət Azərbaycanın maraqlarını güdən olublar. Azərbaycana olmazın pisliyini etmiş Putinin isə bu gün də cavabını verməyə cəsarət etmirlər. Sonuncu dəfə nə dedi: “Paşinyan bizsiz Qarabağı Azərbaycanın ərazisi kimi tanıyıb”, hökumətdən birinin səsi çıxdımı?! İndi bu adamlar özlərini vətənpərvər kimi təqdim etməsinlər, onların Qərbə qarşı mövqe qoymağı buranı qapatmaq və ölkədə öz ailə hakimiyyətlərini sonsuza qədər davam etdirmək iddiası ilə bağlıdır. Alınmayacaq!

Ana səhifəSiyasətƏli Kərimli: “Seçki ilə bağlı geriyə dönüş yoxdur”