Əli Kərimli müavini ilə bağlı dindirildi

”Rejimlər həddən artıq azğınlaşanda, gözləri ayaqlarının altını görməyəndə özlərinin səhvlərindən məhv olurlar”

Source:


”Rejimlər həddən artıq azğınlaşanda, gözləri ayaqlarının altını görməyəndə özlərinin səhvlərindən məhv olurlar”

İyunun  16-da AXCP sədri Əli Kərimli Respublika Prokurorluğunun Ağır Cinayətlərə dair İstintaq İdarəsində ifadə verib.

AXCP sədri dindirilmədən sonra jurnalistlərə deyib ki, onu müavini Gözəl Bayramlının cinayət işi üzrə çağırıblar.

Gözəl Bayramlı mayın 25-də Gürcüstandan qayıdarkən sərhəd-keçid məntəqəsində saxlanılıb.

Əli Kərimli deyib ki, son vaxtlar onları süni işlərə görə tez-tez istintaqa çağırılırlar:

“Söhbət Gözəl Bayramlı və Əfqan Muxtarlı ilə bağlı işlərdən gedir. İstintaq ajiotaj yaratmaqda xüsusi olaraq maraqlıdır. Əslində, müavinim Gözəl Bayramlı şərlənərək həbs olunub. Onun həbsi haqda anonsu mayın 4-də məlum yazar (Eynulla Fətullayev nəzərdə tutulur – red) öz saytında verib, mayın 25-də isə Gözəl xanımı həbs ediblər. Ona görə bu iş çox kobud şəkildə quraşdırılıb. Onun çantasına pulun qoyulması birmənalıdır və o, anındaca bu barədə mənə məlumat verib”.

Ə.Kərimli hakimiyyətə xitabən sual edib:

“Avropa Parlamentinin 15 iyun qətnaməsi nəyə lazım idi? Niyə hesab edirlər ki, ölkədəki bütün müxalifəti, fərqli fikirliliyi məhv edə bilərlər? Rejimlər həddən artıq azğınlaşanda, gözləri ayaqlarının altını görməyəndə özlərinin səhvlərindən məhv olurlar. Azərbaycan hakimiyyəti də “göz ayağının altını görmür” ovqatındadır. Amma bu cür davam etməyəcək. Azərbaycan xalqının müqaviməti səngiməyəcək, 2-3 nəfərin həbsi heç nəyi dəyişməyəcək. Bəli, jurnalist Qənimət Zahidin də həyatına təhlükə yarada bilərlər. Başa düşmürlər ki, problem ayrı-ayrı şəxslərdə deyil. Azərbaycanın minlərlə cəsur, intellektual övladları var, onlar korrupsioner rejimlə, hakimiyyətin zəbtilə barışmayacaqlar. Ölkədə demokratik, hüquqi dövlət qurulacaq. Bu gün hakimiyyətin hərəkəti divardan tuta-tuta getməyə oxşayır, iqtisadiyyat iflasdadır, ölkənin borcu hər gün artır, heç bir çarə tapa bilmirlər, yalnız millətə xox gəlməklə hakimiyyətlərini uzatmaq istəyirlər. Amma bu da alınmayacaq”.

G.Bayramlı barəsində Dövlət Sərhəd Xidmətinin İstintaq və Təhqiqat İdarəsində Cinayət Məcəlləsinin 206.1-ci (qaçaqmalçılıq) maddəsi ilə cinayət işi başlanıb.


Mayın 26-sı

Səbail rayon Məhkəməsinin hökmü ilə, o, 3 ay müddətinə həbs edilib. Rəsmi açıqlamada Gürcüstandan qayıdarkən onun əşyaları arasında bəyan edilməmiş 12 min dollar pul tapıldığı iddia olunur.

G.Bayramlı məhkəmədə deyib ki, həmin pulu hüquq-mühafizə əməkdaşları özləri onun əşyaları arasına atıblar, onun həbsi siyasi xarakter daşıyır.

Ana səhifəXəbərlərƏli Kərimli müavini ilə bağlı dindirildi