Əli Kərimliyə və Məmməd İbrahimə qarşı “hakimiyyəti zorla ələ keçirmə” ittihamı irəli sürülüb (Yenilənib)

Əli Kərimli – Foto: Meydan TV

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədri Əli Kərimli və Rəyasət Heyətinin üzvü Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə cəhd ittihamı elan olunub.

Hökumətyönlü media yazır ki, Əli Kərimliyə və Məmməd İbrahimə qarşı hakimiyyəti zorla ələ keçirməyə, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirməyə yönələn hərəkətlər maddəsi ilə ittiham irəli sürülüb.

Əli Kərimli və Məmməd İbrahim noyabrın 29-da saxlanılıb. Onların evlərində axtarış aparılıb. Həmçinin partiyanın bir neçə funksioneri də saxlanılıb, lakin onlar sonra sərbəst buraxılıb. Eyni gündə Gədəbəy rayon İcra Hakimiyyətinin keçmiş başçısı Saleh Rüstəmov da DTX-ya aparılıb, bir gün sonra, noyabrın 30-da sərbəst buraxılıb.

Məlumata görə, Əli Kərimlinin və Məmməd İbrahimin evindəki axtarış və dindirilmə Ramiz Mehdiyevin DTX-da istintaq olunan cinayət işi ilə əlaqədardır.

Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyev hakimiyyəti ələ keçirməkdə, dövlətə xəyanətdə ittiham olunur.

Noyabrın 30-na keçən gecə hazırda İstanbulda olan Milli Şuranın üzvü  Gültəkin Hacıbəyli də Türkiyə hüquq-mühafizə orqanları tərəfindən saxlanıldığını özünün “Facebook” hesabında yazaraq bildirib. Onun Azərbaycana deportasiya olunacağı ehtimal edilir.

Həmin gün Milli Şuranın sədri Cəmil Həsənli də DTX-ya şahid qismində çağırılıb. Təxminən 3 saat davam edən dindirilmədən sonra sərbəst buraxılıb.

Hazırda AXCP-nin 20-dən çox üzvü həbsdədir.

Partiya noyabrın 30-da növbəti bəyanat yayaraq son həbsləri “ailə hakimiyyətinin milli-demokratik qüvvələrə qarşı başladığı yeni genişmiqyaslı repressiya kampaniyasını” adlandırıb.

Ana səhifəSiyasətƏli Kərimliyə və Məmməd İbrahimə qarşı “hakimiyyəti zorla ələ keçirmə” ittihamı irəli sürülüb (Yenilənib)