Əli İnsanovun əmlakını satmaqda günahlandırılan icra məmurunun apellyasiya şikayətinə baxılıb

Məhkəmə icra məmurunun şikayətini qismən təmin edib

Source:

Məhkəmə icra məmurunun şikayətini qismən təmin edib

Aprelin 7-də Bakı Apellyasiya Məhkəməsində həbsdə olan sabiq səhiyyə naziri Əli İnsanovun özündən xəbərsiz olaraq satılan əmlakı ilə bağlı verilən apellyasiya şikayəti üzrə məhkəmə prosesi keçirilib.

Meydan TV-nin məhkəmədə olan əməkdaşının məlumatına görə, apellyasiya şikayətini verən Nəsimi rayon İcra Şöbəsinin icra məmuru Ramin Muradov çıxış edərək bildirib ki, qərarın icra olunmamasında heç bir günahı yoxdur: “Qərarın icrası, hansısa əmlakın üzərinə həbs qoyulması kimi məsələlərlə bağlı məktub və müraciətləri şöbənin rəisi imzalayır”.

Lakin prosesdə iştirak edən Əli İnsanovin vəkili Ağaveys Şahverdi onun dediklərinə etiraz edib: “Əli İnsanovun bütün əmlakını bu adam satıb. Nə yaxşı, həmin qərarları icra eləyirdi, bunu niyə icra eləmir?”

Məhkəmə R. Muradovun şikayətini qismən təmin edib. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsinin həmin məsələ ilə bağlı çıxardığı qərar ləğv edilib, iş yenidən baxılması üçün həmin məhkəməyə qaytarılıb.

Ə. İnanova məxsus qaraj özünün və ailəsinin xəbəri olmadan 50 min manata tikinti şirkətinə satılıb. Məsələnin üstü bir müddət sonra açılıb və Əli İnsanov qarajını satmış Vəfa Əlizadə adlı şəxsə qarşı məhkəmədə iddia qaldırıb. Nəsimi Rayon Məhkəməsi iddianı təmin edib və Vəfa Əlizadənin keçmiş nazirə 50 min manat ödəməsi barədə qətnamə çıxarıb. Qətnamə uzun müddət icra olunmayıb və Əli İnsanovun müdafiəçiləri müəyyənləşdirib ki, Vəfa Əlizadənin adına bankların birində səhmlər var. Bu dəfə vəkillər səhmlərin bir hissəsinin (50 min manatlıq) üzərinə həbs qoyulması tələbilə məhkəməyə müraciət edib. Məhkəmə səhmlərin üzərinə həbs qoyulması barədə qərardad çıxarıb. Amma qərardad icra olunmur. Əli insanov bu dəfə də Nəsimi Rayon İcra Şöbəsinin rəisi və sözügedən qərarın icrasına məsul olan Ramin Muradova qarşı iddia qaldırıb. İddiada bu vəzifəli şəxslərin hərəkətsizliyinin qanunsuz hesab edilməsi və bu qanunsuzluq nəticəsində dəyən mənəvi ziyana görə 50 min manat təzminat ödənilməsi tələbi qoyulub. 1 saylı Bakı İnzibati İqtisad Məhkəməsi Əli İnsanovun bununla bağlı iddiasını qismən təmin edib. Məhkəmə icra məmurunun hərəkətsizliyini qanunsuz hesab edib.

Ramin Muradov həmin qərardan apellyasiya şikayəti verib və barəsindəki qərarın ləğvini xahiş edib.

Ə.İnsanov 2005-ci ilin oktyabr ayında həsb edilib. O, dövlət vəsaitlərinin mənimsənilməsində və dövlət aktivlərinin qanunsuz özəlləşdirilməsinin təşkilində ittiham olunub. 2007-ci ilin aprel ayında Ə.İnsanov Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə əmlakı müsadirə olunmaqla və 3 il ərzində dövlət vəzifəsi tutması qadağan edilməklə 11 il müddətinə azadlıqdan məhrum olunub.

Ana səhifəXəbərlərƏli İnsanovun əmlakını satmaqda günahlandırılan icra məmurunun apellyasiya şikayətinə baxılıb