Əli Əliyev: “Mən prezidentliyə namizəd kimi öz fikrimi bildirmişəm”

Foto: VİP sədri Əli Əliyevin arxivindən

“Fikrə, ehtimala görə insanlar həbsə atılmamalıdır. 21-ci əsrdir”

Noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda 14 nəfərin öldüyü helikopter qəzasıyla bağlı fikirlərinə görə həbs olunan Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyevin işinə Bakı Apelyasiya Məhkəməsində baxılır. Fevralın 11-də hakim Habil Məmmədovun sədrliyilə məhkəmənin ilkin baxış iclası keçirilib.

Məhkəmədə Əli Əliyev bildirib ki, onun həbsi siyasi motivlidir.

Vəkilləri Cavad Cavadov və Aqil Layıc da onun təqsirsiz olduğunu vurğulayıb və iş üzrə icraata xitam verilməsi haqda vəsatət qaldırıblar.

Cavad Cavadov bildirib ki, Əli Əliyevlə bağlı işə Yasamal Rayon Məhkəməsində baxılarkən hakim ona son söz deməyə belə imkan yaratmayıb. Hətta vəkillərə müdafiə çıxışına hazırlaşmağa da imkan verməyib. Bu üzdən vəkillər müdafiə çıxışı edə bilməyiblər. Vəkilin sözlərinə görə, bütün məhkəmə iclaslarının audioyazısı aparılır. Onun dediklərini araşdırmaq üçün Yasamal Rayon Məhkəməsində keçirilmiş 13 yanvar 2022-ci il tarixli sözügedən iclasın audioyazısını dinləmək kifayət edər: “Həmin məhkəmə iclasında bir sıra media nümayəndələri və hüquq müdafiəçiləri də iştirak edib, onlar da bunun şahidi olublar. Təsadüfi deyil ki, mətbuatda da Əli Əliyevin məhkəməsi “ekspress məhkəmə” adlandırılmışdı. Son söz və müdafiə çıxışıyla bağlı pozuntular məhkəmə hökmünün ləğvi üçün əsasdır”.

Əli Əliyev vertolyot qəzasından sağ çıxdığı bildirilən DSX zabiti Emil Cəfərovun şikayəti əsasında Cinayət Məcəlləsinin 147.1 (böhtan) maddəsilə təqsirli bilinərək, 5 ay azadlıqdan məhrum edilib. Vəkil vurğulayıb ki, Əli Əliyev bu məhkəmə prosesindən əvvəl Emil Cəfərovu ümumiyyətlə, tanımayıb, çıxışında da onun adını çəkməyib. O, sadəcə, siyasi xadim, partiya rəhbəri olaraq, ölkədə baş vermiş ciddi bir hadisə ilə bağlı öz fikirlərini bölüşüb: “Şəxs o zaman böhtana görə məsuliyyətə cəlb oluna bilər ki, yalan olduğunu, onun nüfuzunu ləkələyəcəyini bilir, bunu arzu edir. Bu hallar isə bu işdə tamamilə istisna olunur. Cinayət tərkibi olmadığına, üstəlik, birinci instansiya məhkəməsində Əli Əliyevin bir sıra hüquqları pozulduğuna görə iş üzrə icraata xitam verilməlidir”.

Digər vəkil Aqil Layıc xatırladıb ki, Yasamal Rayon Məhkəməsində bu işə baxılanda hələ hökm çıxarılmamış hakim onu məhkəmə binasından çıxmağa qoymayıb: “Nahar vaxtı adamı məhkəmənin inzibati binasından çıxmağa qoymayıblar. Faktiki azadlıq hüququ məhdudlaşdırılıb. Hansı əsasla? Məhkəmə ədalətin həyata keçirildiyi yerdir, həbsxana deyil. Bununla əlaqədar xüsusi qərardad çıxarılmalıdır. Bu, Konvensiyanın 5-ci maddəsinin pozuntusudur”.

Vəkil vurğulayıb ki, dünyada mühakiməyə məruz qalmayacaq yeganə şey fikirdir: “Sanki adamı gördüyü yuxuya görə cəzalandırmağa bənzəyir Əli Əliyevin həbsi”.

Vəkillər əlavə edib ki, əgər məhkəmə iş üzrə icraata xitam verməsə, işi məhkəmə baxışına verib, apelyasiya şikayətinə baxsa, o zaman Əli Əliyev barəsində həbs qətimkan tədbiri dəyişdirilsin, yekun qərar çıxarılana qədər o, ev dustaqlığına buraxılsın.

“Əli Əliyev partiya sədridir, ictimai fiqurdur. Məhkəmədən qaçıb gizlənməsi üçün əsaslar yoxdur. Yekun məhkəmə qərarı çıxarılana qədər ev dustaqlığında ola-ola apelyasiya baxışı aparıla bilər”, – vəkil Cavad Cavadov bildirib.

Əli Əliyev özü də deyib ki, vəkillərinin vəsatətləri əsaslıdır və təmin olunmalıdır. O, həbsdə qanunsuz saxlandığını bildirib: “Mənim haqqımdakı hökm siyasi mahiyyətli qərardır. Yasamal Rayon Məhkəməsində mənim işimə baxılanda təzyiqim 220 olub. Məhkəməyə Təcili Tibbi Yardım çağırılıb və qeydə alınıb, bunu təsdiqləyən sənəd də var. Hakim yezidcəsinə məni məhkəmə binasından buraxmayıb, məhkəmə prosesini davam etdirib. Mənim son söz demək, çıxış etmək hüququmu əlimdən alıb. Məhkəmə qanuna ziddi şəkildə keçirilib”.

Əli Əliyev əlavə edib ki, çıxışında heç kimin adını çəkməyib, heç kimə münasibətdə qərəz nümayiş etdirməyib: “Mən prezidentliyə namizəd, siyasi xadim, siyasi partiya sədri kimi 14 nəfərin şəhid olduğu vertolyot qəzasına öz münasibətimi ifadə etmişəm. Fikrə, ehtimala görə insanlar həbsə atılmamalıdır. 21-ci əsrdir”.

Xüsusi ittihamçı Emil Cəfərov və nümayəndəsi Əli Əliyevin həbsdən buraxılmasına etiraz edib. Bildirib ki, birinci instansiya məhkəməsində o, bir neçə məhkəmə iclasından yayınıb.

Hakimlər də onunla bağlı vəsatətlərin heç birini təmin etməyib. Məhkəmə prosesi fevralın 14-də davam edəcək.

Əli Əliyev noyabrın 30-da Xızıda – Qaraheybət poliqonunda qəzaya uğramış helikopterdən sağ çıxan Dövlət Sərhəd Xidmətinin Xüsusi Hava Əməliyyatları Qüvvələri qərargahının taktiki hazırlıq və hava atəşi üzrə baş zabiti, polkovnik Emil Cəfərovun şikayəti əsasında cəzalandırılıb.

Əli Əliyev dekabrın 9-da “Youtube” platformasındakı “Osmanqızı” kanalında bu qəzanı şərh edərkən deyib ki, telekanallarda müsahibə verən və qəzadan sağ çıxdığı bildirilən iki zabitin əslində, hadisə vaxtı vertolyotda olduğuna inanmır.

Kapitan Ramin Ədilov da buna görə partiya sədrinə qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb. Onun şikayəti üzrə Yasamal Rayon Məhkəməsində proses davam edir.

Ana səhifəSiyasətƏli Əliyev: “Mən prezidentliyə namizəd kimi öz fikrimi bildirmişəm”