VİP sədrinə hökm oxundu
Vətəndaş və İnkişaf Partiyasının (VİP) sədri Əli Əliyev 3 il 6 ay azadlıqdan məhrum edilib. Noyabrın 22-də Sabunçu Rayon Məhkəməsində ona hökm oxunub. Hakim Anar Rzayevin sədrliyilə çıxarılan hökmə əsasən, partiya sədri Cinayət Məcəlləsinin 127.2.3 (qəsdən sağlamlığa az ağır zərər vurma) maddəsilə təqsirli bilinib. İddia olunur ki, Əli Əliyev Bakı İstintaq Təcridxanasında kamera yoldaşı Zabit Nəzərovu vuraraq, ona xəsarət yetirib.
Lakin Əli Əliyev bu ittihamın saxta olduğunu, siyasi sifarişlə bu cinayət işinin başlandığını bildirib. Onun sözlərinə görə, məqsəd həbsdə saxlanma müddətini artırmaqdır.
Hökmdən əvvəl son sözündə VİP sədri baş verənləri həm özünə, həm də partiyasına qarşı repressiya kimi qiymətləndirib, “inkvizisiya” adlandırıb:
“Mənim ailə üzvlərimə, yaxınlarıma basqılar var. Ailə üzvlərimdən biri dələduzluqda ittiham olunur. Əgər mənim fəaliyyətim ölkə üçün bu qədər narahatlıq yaradırsa, siyasətdən getməyə hazıram. Bu münasibət mənə və rəhbərlik etdiyim partiyaya qarşı inkvizisiyadır, ağır repressiv tədbirdir. Bu, mənim siyasi fəaliyyətimin qarşısını almağa hesablanmış addımdır”.
Əli Əliyev hakim Anar Rzayevə müraciət edərək vurğulayıb ki, əslində, o, öncədən 20 səhifəlik son söz hazırlamışdı. Lakin bu işin siyasi sifariş olduğunu nəzərə alaraq, onu səsləndirməyi vaxt itkisi hesab edir:
“Unutmayın ki, Allahın adlarından biri “hakim”dir. Sizi vicdanlı qərar verməyə çağırıram. Bunun məsuliyyəti sizin üzərinizdədir. Bilirəm, göstəriş gəlib artıq, hökm hazırdır. Mən 20 səhifəlik son sözü səsləndirməyi vaxt itkisi sayıram, ona görə gəlin hökmü oxuyun. Bitsin bu iş…”
Əli Əliyevin vəkilləri də çıxışlarında vurğulayıb ki, bu məhkəmə prosesində VİP sədrinin təqsirliliyi yox, təqsirsizliyi sübut olundu. Vəkillər məhkəmədən bəraət hökmü çıxarılmasını istəyib.
Lakin hakim qısa müşavirədən sonra Əli Əliyevin 3 il 6 ay azadlıqdan məhrum edilməsi barədə hökmü elan edib.
2022-ci ilin yanvarından iyununa qədər Əli Əliyevə üç dəfə hökm oxunmuşdu. VİP sədri birinci dəfə yanvarın 13-də Yasamal Rayon Məhkəməsinin hökmüylə məhkum edilib. Ona Dövlət Sərhəd Xidmətinin polkovniki Emil Cəfərovun iddiası əsasında CM-in 147.1 (böhtan) maddəsilə 5 ay həbs cəzası verilib. Bir müddət sonra DSX-nın başqa bir zabiti Ramin Cəbrayılovun iddiası əsasında Əli Əliyev eyni maddə ilə təqsirli bilinib. Əvvəlki cəzası da birləşdirilməklə üzərində qəti olaraq, 6 ay həbs cəzası saxlanılıb.
Əli Əliyev 2021-ci il noyabrın 30-da qəzaya uğramış Dövlət Sərhəd Xidmətinə (DSX) məxsus helikopterdən sağ çıxdığı iddia olunan bu iki nəfərin hadisə vaxtı vertolyotda olmasına inanmadığını deyib. Buna görə həmin şəxslər ona qarşı xüsusi ittiham qaydasında iddia qaldırıb.
“Ağlı başında olan adamlar bilir ki, o sürətlə yerə çırpılan, 1000 dərəcə istilikdən adam o vəziyyətdə çıxa bilməz. Mən həkiməm. Uçuşda təhlükəsizlik məsələləri üzrə ekspert olmuş Sərdar Cəlaloğlu da eyni fikirləri ifadə edib. Mən çıxışımda o adamların adlarını çəkməmişəm. Onlara deyiblər ki, bunu elə, onlar da eləyib. Onlar sadəcə, alətdi. Bu məhkəmə işi indiyə qədər mənə qarşı təzyiqlərin davamıdır. Mən desəm ki, onlar o vertolyotda olub, bu, 14 şəhidimizin ruhuna hörmətsizlikdir. Mən bu cür düşünmürəm. Bu cür düşünməyi heç kim mənim əlimdən ala bilməz”, – Əli Əliyev bildirib.
Bu il iyunun 23-də isə cəzası daha 6 ay uzadılıb. Budəfəki hökm Yeni Azərbaycan Partiyasının (YAP) Binəqədi rayon təşkilatının sabiq sədri Ramiz Göyüşovun Əli Əliyevə qarşı xüsusi ittiham qaydasında qaldırdığı iddia əsasında çıxarılıb.
Ramiz Göyüşovun 2021-ci ilin sentyabrında sosial şəbəkələrdə intim videosu yayılandan sonra o, YAP-dan kənarlaşdırılıb.
Ramiz Göyüşov iddia ərizəsində partiya sədrinin “Bumerang” internet televiziyasına müsahibəsində səsləndirdiyi fikirlərlə onu təhqir etdiyini iddia edib. O, xüsusən VİP sədrinin onun haqqında işlətdiyi “mastrubant” ifadəsini özünə təhqir hesab edir.
Əli Əliyev son sözündə deyib ki, bu ifadə tibbi termindir, təhqir sayıla bilməz.
Buna baxmayaraq, məhkəmə VİP sədrini təqsirli bilib və həbsdə saxlanma müddəti 2023-cü ilin yanvarına qədər uzadılıb.