Ələsgər Məmmədlinin qohumu, həkim Aydın Əliyev izləndiyini deyir

Aydın Əliyev. Foto: Meydan TV

“Hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın!”

Həkim Aydın Əliyev izləndiyini deyir. Bu barədə “Facebook” hesabında paylaşım edən həkim bildirib ki, etibarlı mənbələrdən məlumat alıb:

“Aldığım məlumatlara görə məni izləyirlər, hansısa bir şər, böhtan, qarayaxma, qəza və s. ilə “ilişdirmək” istəyirlər. Bəri başdan sizi bilgiləndirmək istəyirəm, mənimlə bağlı hər hansı belə bir ləkələmə kampaniyası olarsa, qəti şəkildə inanmayın! Bilin ki, bu, mənim vətəndaş mövqeyimə görədir”.

Daim səhiyyə sistemindəki problemləri qabardan, tənqid edən həkim paylaşımında heç kimlə şəxsi qərəzliyinin olmadığını yazıb:

“Tənqidlərimi də bir ziyalı borcu olaraq xalqın maariflənməsi, haqq-ədalətin öz yerini alması üçün etmişəm”.

Aydın Əliyev həm də media hüququ üzrə ekspert, hüquqşünas, “Toplum TV”-nin təsisçisi Ələgər Məmmədlinin qaynıdır.

Ələsgər Məmmədli “Toplum TV”-yə qarşı açılmış cinayət işi ilə bağlı həbs edilib. Aydın Əliyev onun həbs olunduğu görüntüləri öz “Facebook” hesabından paylaşıb.

“İstanbul” klinikasına müayinəyə gedərkən üzü maskalı şəxslər hüquqşünası saxlayaraq zorla maşına mindirib. Onların əynində polis geyimi olmayıb. Ehtimal edilir ki, Aydın Əliyev məhz bu görüntüləri yaydığı üçün təhdid olunur.

Ana səhifəXəbərlərƏləsgər Məmmədlinin qohumu, həkim Aydın Əliyev izləndiyini deyir