Ələsgər Məmmədli Avropa Məhkəməsinə şikayət verib

Avropa Məhkəməsi, Foto: By symbiot/Shutterstock

Hüquqşünas həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını tələb edir

“Toplum TV”-nin Bakı İstintaq Təcridxanasında saxlanılan hüquqi təsisçisi, hüquqşünas Ələsgər Məmmədli Bakı Apelyasiya Məhkəməsinin qərarından Avropa İnsan Hüquqları Məhkəməsinə (AİHM) şikayət verib.

Martın 15-də Bakı Apelyasiya Məhkəməsi Ələsgər Məmmədlinin 4 ay azadlıqdan məhrum edilməsi ilə bağlı Xətai Rayon Məhkəməsinin 9 mart tarixli qərarını qüvvədə saxlayıb.

Ələsgər Məmmədli qərarı ədalətsiz sayır və qətimkan tədbirinin ev dustalığı ilə əvəz olunmasını tələb edir.

Bu barədə Meydan TV-yə hüquqşünasın qardaşı Nəsimi Məmmədli məlumat verib.

Onun sözlərinə görə, Ələsgər Məmmədlinin həbsdə olması onda aşkar olunmuş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi məqsədilə həkimlərin tövsiyə etdiyi müayinələrin tamamlanmasına imkan vermir:

“AİHM-yə təqsirləndirilən şəxsin ağır xəstəliyi ilə əlaqədar işə təcili baxılmasını nəzərdə tutan 39-cu maddəyə uyğun olaraq şikayət verilib”.

Ələsgər Məmmədli. Foto: Meydan TV

Martın 8-də, saxlanıldığı gün “İstanbul Hospital”ın həkimləri Ələsgər Məmmədlinin müxtəlif orqanlarında şişlər aşkar ediblər. Ən böyük – 22 mm-lik şiş qalxanabənzər vəzdə tapılıb. Klinikada aşkar edilmiş şişlərin biopsiyasını tövsiyə ediblər. Lakin istintaq təcridxanası şəraitində belə bir təhlili aparmaq mümkün deyil. Belə ki, Penitensiar Xidmətin xəstəxanasında lazımi avadanlıq yoxdur”, – deyə Nəsimi Məmmədli bildirib.

O deyib ki, Ələsgər Məmmədli və vəkili Aqil Layic aşkar edilmiş şişlərin təhlükəlilik dərəcəsinin müəyyən edilməsi üçün qətimkan tədbirinin ev dustaqlığı ilə əvəz olunmasını tələb edir:

“Ələsgər Məmmədli qanuna zidd əməl törətməyib, buna görə də onun əleyhinə istifadə oluna biləcək ifadə verməmək hüququna uyğun olaraq ifadə verməkdən imtina edib”.

Ələsgər Məmmədlinin vəziyyəti ağırdır, nəfəs almaqda çətinlik çəkir”, – Nəsimi Məmmədli belə deyib.

“Toplum TV” ilə bağlı nə baş verib?

Martın 6-da polis “Toplum TV”-nin ofisinə basqın edib, ofislə yanaşı saytın bir neçə əməkdaşının evində də axtarış aparılıb.

III Respublika Platformasının ofisindən isə 30 min avro, saxlanılanların bir neçəsinin evindən 2700, 3100 avro pul vəsaiti tapıldığı bildirilib.

III Respublika Platformasının spikeri Akif Qurbanova, “Toplum TV”-nin əməkdaşları – Fərid İsmayılova, Müşfiq Cabbara, Əli Zeynala, Ramil Babayevə, Elmir Abbasova və İlkin Əmrahova 206.3.2 (qaçaqmalçılıq) ittihamı ilə cinayət işi açılıb.

Xətai Rayon Məhkəməsi martın 6-da saxlanılan “Toplum TV”-nin videoredaktoru Müşfiq Cabbarla bağlı 4 ay həbs qətimkan tədbiri seçib.

Əli Zeynal barəsində də məhkəmə qərarı ilə 4 aylıq həbs qətimkan tədbiri seçilib.

“Toplum TV” işi ilə əlaqədar saxlanılan jurnalist Fərid İsmayılov və NİDA üzvü Elmir Abbasov polis nəzarətinə buraxılıb.

Hüquqşünas, “Toplum TV” saytının təsisçisi Ələsgər Məmmədli martın 8-də mülki geyimlilər tərəfindən “İstanbul” Klinikasının önündə saxlanılıb.

III Respublika Platformasının üzvü Ruslan İzzətli də Xətai Rayon Polis İdarəsinin qarşısından qara maşına mindirilib aparılıb.

Daha sonra hər iki şəxsin mənzillərində axtarış aparılıb.

Vəkili Aqil Layıc deyib ki, Ələsgər Məmmədlinin evindən 7300 dollar pulun tapıldığı ittiham aktında qeyd olunub.

Ələsgər Məmmədli isə bu pulun əməliyyatçılar tərəfindən qoyulduğunu deyib.

Bundan əvvəl isə Ələsgər Məmmədlinin həyat yoldaşı ilə qardaşı evə 60 min avronun qoyulduğunu bildirmişdilər.

Onlar da pulun Ələsgər Məmmədliyə aid olmadığını vurğulamışdılar.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ələsgər Məmmədli haqqında ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Bu qərarı hakim Sülhanə Hacıyeva verib.

Axtarış zamanı III Respublika Platformasının üzvü Ruslan İzzətlinin evindən də pul “tapılıb”.

Martın 9-da Xətai Rayon Məhkəməsində Ruslan İzzətli barəsində də ilkin istintaq dövrü üçün 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Son 4 ay ərzində Azərbaycanda bir sıra media orqanlarının rəhbər şəxsləri və əməkdaşları qaçaqmalçılıq ittihamıyla həbs olunub.

Onların arasında korrupsiya araşdırmalarıyla tanınan “AbzasMedia”, “Kanal 13” internet televiziyası da var.

Jurnalistlər qaçaqmal yolu ilə ölkəyə pul gətirməkdə ittiham olunur.

Onlar bu ittihamı rədd edir, evlərdən, ofislərdən tapıldığı iddia olunan pulları ora polislərin özlərinin atdığını bildirirlər.

Jurnalistlər peşə fəaliyyətlərinə, hökumətin korrupsiyası ilə bağlı materiallara görə cəzalandırıldıqlarını deyirlər.

ABŞ Dövlət Departamenti, Fransa Xarici İşlər Nazirliyi, eyni zamanda, beynəlxalq hüquq müdafiə təşkilatları bəyanat yayaraq, Azərbaycanda vətəndaş cəmiyyəti və müstəqil media nümayəndələrini yenidən hədəf alan son həbs dalğasından dərin narahatlıqlarını ifadə ediblər.

Ana səhifəSiyasətƏləsgər Məmmədli Avropa Məhkəməsinə şikayət verib