Ekspert: Ehtiyac meyarının həddi ilə yaşayış minimumunun məbləği arasında fərq olmamalıdır

Foto: Banker.az

“200 manatın 1 il ərzində dəyişməz qalmasının heç bir əsası yoxdur”

2022-ci ilin dövlət büdcəsində yaşayış minimumunun həddi 205 manat məbləğində müəyyən ediləcək.

Bu, “Azərbaycan Respublikasında 2022-ci il üçün yaşayış minimumu haqqında” qanun layihəsində əksini tapıb.

“Azərbaycan Respublikasında 2022-ci il üçün ehtiyac meyarının həddi haqqında” qanun layihəsinə əsasən, gələn il ehtiyac meyarının həddi 200 manat məbləğində müəyyənləşdirilib.
Uşaqlar üçün yaşayış minimumu isə 2022-ci ildə 189 manat olacaq. Bu, ötən illə müqayisədə 14 manatlıq artım deməkdir.

İqtisadçı Qubad İbadoğlu bildirir ki, bu il üçün yaşayış minimumu ölkə üzrə 196 manat, ötən il isə 190 manat olub: “Bu göstəriciyə 2020-ci ildə işsizlərə birdəfəlik yardım veriləndə istinad olunub. Qanun layihəsinə əsasən, 2022-ci il üçün ehtiyac meyarının həddinin 200 manat olması nəzərdə tutulur. Bu il üçün ehtiyac meyarının həddi 170 manat məbləğində olub. Ehtiyac meyarının məbləğinin qaldırılması gələn ildən ünvanlı sosial yardım alanlara ödənişlərin artımına gətirib çıxaracaq. Əslində ehtiyac meyarının həddi ilə ölkə üzrə yaşayış minimunun məbləği arasında fərq olmamalıdır”.

İqtisadçı düşünür ki, hökumət bu göstəricini 5 manat artırmaqla məbləğləri eyniləşdirə və ehtiyac meyarının həddi göstəricisi əvəzinə yaşayış minimunu göstəricisindən istifadə edə bilər: “Hesab edirəm ki, bu sosial siyasətin tənzimlənməsində daha düzgün yanaşma olardı. Məbləğlərə gəlincə, 200 manata bir ay yaşamaq olarmı? – sualı çıxır meydana. Yaxud Azərbaycanının bütün yerlərində yaşamağın xərcləri eynidirmi? Hökumət bu barədə də düşünməlidir”.

Qubad İbadoğlu hesab edir ki, 200 manatın 1 il ərzində dəyişməz qalmasının heç bir əsası yoxdur, çünki bir il ərzində ölkədə hər sahədə kəskin qiymət artımları baş verib. Ancaq yaşayış minimumunun məbləğində bahalaşmanın qarşılığında kəskin fərq gözə dəymir.

2021-ci ildə isə yaşayış minimumu ölkə üzrə 196 manat, əmək qabiliyyətli əhali üçünsə 207 manat müəyyən edilmişdi. Bu məbləğ pensiyaçılar üçün 162, uşaqlar üçün 175 manat məbləğində idi.

Ehtiyac meyarının həddi isə 170 manat olub.

Ana səhifəSosialEkspert: Ehtiyac meyarının həddi ilə yaşayış minimumunun məbləği arasında fərq olmamalıdır