Ekspert: “Azərbaycanda baramaçılığı yenidən bataqlığa çəkirlər”

Barama. Foto: “Trend”

“Dövlət bu sahəyə külli miqdarda vəsait ayırıb, amma…”

Azərbaycanın bəzi bölgələrində builki barama tədarükü bitmək üzrədir, bəzilərində isə bitib.

Hökumət mediası bu sahəni böyük gəliri olan iş kimi təqdim edir.

Başlıqlara bir gündə 400-500 manat qazanmağın mümkün olduğunu qeyd edirlər.

Prezident İlham Əliyev də daimi çıxışlarında bu sahənin son illər inkişaf etdiyini, ona qədər hardasa gündəlikdən çıxarıldığını söyləyir.

O, indiki halda bölgələrdə pambıqçılıq, tütünçülük və əsasən də baramaçılığın inkişaf etdiyini söyləyir.

Kənd təsərrüfatı üzrə ekspert Vahid Məhərrəmov isə deyir ki, hazırda baramaçılığı yenidən bataqlığa çəkməklə məşğuldurlar.

O bildirir ki, Prezident İlham Əliyevin dövründə, 2015-ci ildə cəmi 236 kiloqram barama istehsal edilib. Bu da 1991-ci illə müqayisədə 25 min 102 dəfə azdır:

“Təsəvvür edirsiniz?! Barama istehsalı 2015-ci ildə 1991-ci illə müqayisədə 25 min 102 dəfə azalıb. 2016-cı ildə barama istehsalı 70 tona çatanda İlham Əliyev dedi ki, “baramaçılıqda böyük inkişaf müşahidə olunur”. Belə ki, həmin il Sabirabadda respublika müşavirəsində İlham Əliyev dedi ki, bir neçə ildən sonra Azərbaycanda min ton barama tədarük ediləcək. Bunu da təsəvvür edin: min ton. Bu müddət ərzində Azərbaycanda nəinki “min ton barama tədarük” edilmədi, son bir neçə ildə istehsal 500 tondan da aşağı düşdü”.

Vahid Məhərrəmov deyir ki, bu il əvvəlki ilin eyni dövrü ilə müqayisədə ölkədə barama istehsalı xeyli azalıb.

Vahid Məhərrəmov
Vahid Məhərrəmov. Foto: Meydan TV

Ötən il iyunun 14-dək ölkənin barama tədarükü məntəqələrinə 428,29 ton yaş barama təhvil verildiyi halda, bu il cəmi 319 ton 366 kiloqram barama təhvil verilib:

“Bu da 2021-ci ilin göstəricisi ilə müqayisədə 25,4 faiz azdır. Baramaçılığın və ipəkçiliyin inkişafı adı ilə dövlət büdcəsindən külli miqdarda vəsait ayrılıb. Məsələn, hökümət 2017-ci ildə baramaçılığın inkişafı ilə bağlı dövlət proqramı qəbul edib. Həmin proqramda hakimiyyət ölkədə barama istehsalını 6 min tona çatdırmaq öhdəliyi götürüb. Lakin dövlət proqramı qəbul edildikdən sonra, 2019-cu ildə ölkədə 643,7 ton barama istehsal olunub. Sonrakı illərdə isə istehsal azalmağa başlayıb. Belə ki, 2019-cu ilə nisbətən 2020-ci ildə barama istehsalı 30,6 faiz azalaraq 446,6 tona enib”.

Ekspert bildirir ki, 2021-ci ildə barama istehsalı 497,4 ton olub.

Bu göstərici də 2019-cu illə müqayisədə 22,7 faiz azdır.

Bu il barama tədarükünün artıq başa çatmaq üzrə olduğu halda, istehsal 2019-cu ilin göstəricisi ilə müqayisədə 2 dəfə azdır:

“Son 3 ildə barama istehsalının aşağı düşməsi ondan xəbər verir ki, hökumətin 2017-ci ildə qəbul etdiyi dövlət proqramının icra vəziyyəti qeyri-qənaətbəxşdir. Bu gedişlə 2025-ci ilədək ölkədə yaş barama istehsalının həcminin 6 min tona çatdırılması qeyri-mümkün olacaq. Dövlət Proqramında nəzərdə tutulan hədəfə nail olmaq üçün Azərbaycanda barama istehsalı 18 dəfə artırılmalıdır. Yaxın 3 ildə isə barama istehsalının bu qədər artırılması real görünmür”.

Ekspertin fikrincə, 2015-ci ildə (İlham Əliyevin dövründə) cəmi 236 kiloqram barama istehsal edilib. Bu da 1992-ci illə (Əbülfəz Elçibəy dövründə 5222 ton) müqayisədə 22 min 127 dəfə azdır.

Onun sözlərinə görə, son illər baramaçılığın inkişafı ilə bağlı səsləndirilən fikirlər doğru deyil.

2015-ci ildə neftin qiyməti ucuzlaşanda Azərbaycan hökuməti kənd təsərrüfatının bəzi sahələrini, o cümlədən baramaçılığı prioritet elan etdi.
Hətta 2016-cı ildən etibarən baramaya görə də subsidiya ödənilməsinə başlandı.

Əvvəlcə bu məbləğ hər kiloqrama görə 2 manat idisə, sonra 5 manata qaldırıldı.
Beləliklə, müxtəlif bölgələrdə insanlara yetişdirmək üçün barama verildi. Hətta bölgələrdə məktəblərdə belə barama saxlamağa başlanıldı.

Ana səhifəİqtisadiyyatEkspert: “Azərbaycanda baramaçılığı yenidən bataqlığa çəkirlər”