Əkrəm Həsənov: “Bizim banklar kredit üzrə faizi əlavə olaraq 2 gündən də tuturlar”

Niyə əmanət və kredit üzrə faizlər fərqli qayda əsasında hesablanır?

Source:


Niyə əmanət və kredit üzrə faizlər fərqli qayda əsasında hesablanır?

İqtisadçı Əkrəm Həsənov öz Facebook səhifəsində bu barədə şərh verib: “Hamı bilir ki, bankların əsas qazancı verdiyi kreditlər üzrə faiz dərəcəsi ilə cəlb etdiyi əmanətlər üzrə faiz dərəcəsi arasındakı fərqdən ibarətdir. Məsələn, bank əhalidən 12%-lə 100 mln. manat cəlb edir və həmin pulu 25%-lə kredit verir. Beləliklə, əmanətçilərə cəmi 12 mln. manat ödədiyi halda, verdiyi kreditlərdən 25 mln. gəlir götürür. Başqa sözlə, mənfəəti 13 mln. olur”.

Ekspert deyir ki, əslində bankların gəliri daha çox olur. Ona görə ki, əmanət və kredit üzrə faizlərin hesablanması qaydası tam fərqlidir: “Belə ki, Mülki Məcəllənin 949.1-ci maddəsinə əsasən, bank əmanətinin məbləğinə faizlər bu məbləğin banka daxil olduğu günün ertəsi günündən məbləğin əmanətçiyə qaytarılmasından və ya başqa əsaslarla əmanətçinin hesabından silinməsindən əvvəlki günədək hesablanır. Yəni əgər siz banka 31 mart tarixində əmanət qoymusunuzsa və 30 sentyabr tarixində onu geri götürürsünüzsə, 31 mart və 30 sentyabr tarixlərində faizlər hesablanmır.

Kreditlər üzrə isə faizlər hər gün hesablanır (bu heç bir qanunda yazılmayıb, amma qadağan da edilməyib, buna görə də Mərkəzi Bank öz 22 mart 2002-ci il tarixli məktubu ilə bu qaydanı müəyyən edib). Yəni əgər siz bankdan 31 mart tarixində kredit götürmüsünüzsə və 30 sentyabr tarixində onu geri qaytarırsınızsa, 31 mart və 30 sentyabr tarixlərində də tərəfinizdən faizlər ödənilir.

Göründüyü kimi, faiz dərəcəsinin özündən gəlir götürməklə yanaşı bizim banklar kredit üzrə faizi əlavə olaraq 2 gündən də tuturlar.

Bu qanunidir? Bəli, qanunidir. Çünki, göstərdiyim kimi, əmanət üzrə faizlərin hesablanması qaydasını Mülki Məcəllə müəyyən edib. Kredit üzrə faizlərin hesablanması qaydası isə qanunla müəyyən edilməyib. Buna görə də boşluğu dolduran Mərkəzi Bank kredit üzrə faizlərin hər gün hesablanması tələbini müəyyən edib”.

Bəs bu ədalətlidir? Bu məqsədəuyğundur? Bu məntiqlidir? Əkrəm Həsənov bu suallara “yox” cavabını verir: “Necə ola bilər ki, eyni tipli əməliyyat üçün tam fərqli qayda olsun, özü də sırf bankların xeyrinə?! Niyə Mərkəzi Bank kredit üzrə faizlərin hesablanması qaydasını əmanət üzrə faizlərin hesablanması qaydasına uyğunlaşdırmayıb?

Buna görə də xarici valyutada bağlanan kredit müqavilələrinin Konstitusiyanın 19-cu maddəsinin III hissəsinə və Mülki Məcəllənin 439.1-ci maddəsinə zidd olduğu üçün etibarsız hesab edilməsinə qarşı bankların “bu ədalətsizdir, məqsədəuyğun deyil və s.” deməsi ən azı gülüncdür. Necə olur ki, qanunvericiliyin özlərinə sərf edən, lakin ədalətsiz və hətta məntiqsiz olan müddəalarını çəkinmədən tətbiq edirlər, amma qanunvericiliyin sadəcə məqsədəuyğun olmayan (lakin tam məntiqli olan!) müddəasına qarşı çıxış edirlər?!”

Ana səhifəXəbərlərƏkrəm Həsənov: “Bizim banklar kredit üzrə faizi əlavə olaraq 2 gündən də tuturlar”