Əfqanıstanda qar uçqunu azı 15 nəfərin həyatına son qoyub

Əfqanıstan, Foto: https://english.alarabiya.net/

Qurbanlar arasında güclü qarın altında qalanları xilas etməyə çalışan yerli sakinlər də var

Əfqanıstanın şərqindəki Kunar əyalətində qar uçqunu olub. Azı 15 nəfərin öldüyü bildirilir.

“Radio Azadi” yazır ki, Kunar rəsmiləri əyalətin Danqam rayonunda qar uçqunu nəticəsində 20 nəfərin də qar altında qaldığını söyləyib.

Əfqanıstanın bir sıra əyalətlərində, o cümlədən Maydan Vardak, Pərvan Pəncşir, Bədəxşan və Baqlanda güclü qar yağıb, bir sıra magistral yollar bağlanıb.

Vilayətin İnformasiya və Mədəniyyət İdarəsinin rəisi Mövlavi Nəcibullah Almaniyanın “dpa” xəbər agentliyinə bildirib ki, uçqun fevralın 6-da Pakistana yaxın dağlıq əraziyə düşüb.

Nəcibullah bildirib ki, qurbanlar arasında güclü qarın altında qalanları xilas etməyə çalışan yerli sakinlər də var.

Rəsmi bildirilib ki, sakinlər hələ də itkin düşənlərin cəsədlərini çıxarmağa çalışırlar. Yerli ağsaqqalın sözlərinə görə, 15-20 nəfər itkin hələ də tapılmayıb.

Keçən ay yerli media Bədəxşan vilayətinin azı 5 sakininin Raqistan rayonunda güclü qar nəticəsində öldüyünü bildirmişdi.

Xilasetmə işləri davam edir.

Ana səhifəDünyaƏfqanıstanda qar uçqunu azı 15 nəfərin həyatına son qoyub