Əfqan Muxtarlı aclığa başladığını deyib

Jurnalist vəkilinə təzyiq göstərənlərin cəzalandırılmasını istəyir

Source:

Siyasi məhbus, araşdırmaçı jurnalist Əfqan Muxtarlının 16 saylı Cəzaçəkmə Müəssisəsində aclıq aksiyasına başladığı bildirilir. Məlumatı sosial şəbəkələrdə ictimai fəal Samir Əsədli paylaşıb.

Əfqan Muxtarlı aksiya keçirməsinin səbəbini bəyan edib:

“20 sentyabrdan vəkilim Nemət Kərimliyə qarşı qanunsuzluğa və zorakılığa etiraz əlaməti olaraq aclıq aksiyasına başlayıram. Rəis müavini Emin Eminəliyev siyasi məhbuslara qarşı qəddarlığı ilə seçilib. Bundan əvvəl siyasi məhbus Məmməd İbrahimə qarşı zorakılıq etmişdir, məhbuslara qarşı amansız və qəddardır. Onun barəsində prokurorluğa olan şikayətlər araşdırılmır. İlham Əliyevdən tələb edirəm ki, baş vermiş hadisə obyektiv araşdırılsın. Emin Eminəliyev və başqa zorakılıq edən əməkdaşlar cəzalandırılmalıdır. Vəkilə qarşı olanlar mənim hüquqlarımı pozmağa yönəlib, əvvəllər Nemət Kərimli bir il müddətinə vəkillikdən mərhum edilib. İndiki hücumlar avropalı deputatlar Sunna Thorhildur və D. Myatoviçlə görüşdən sonra baş verib”.

Vəkil Nemət Kərimli sentyabrın 20-də müvəkkilinin saxlanıldığı 16 saylı Cəzaçəkmə Müəssisəsində təzyiqlə üzləşdiyini deyir. Onun sözlərinə görə, həbsxana rəisinin müavini tərəfindən təzyiqə məruz qalıb, 45-50 dəqiqə otaqların birində girov

saxlanılıb

.

Oturum izni ilə Gürcüstanda yaşayan jurnalist Əfqan Muxtarlı 2017-ci il mayın 29-da “yoxa” çıxıb və səhərisi gün Azərbaycanda həbs edilib. Onun dediyinə görə, Tbilisidə saxlanıb, işgəncə verilib, zorla sərhədə gətirilərək Azərbaycan tərəfinə təhvil verilib. Üstəlik, cibinə 10 min avro pul qoyulub.

Azərbaycan hökuməti isə jurnalisti Cinayət Məcəlləsinin hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən ona qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zor tətbiq etmə maddəsi (315.2) ilə ittiham edib.

Bundan başqa, ona dövlət sərhədini müəyyən edilmiş sənədlər olmadan və ya dövlət sərhədinin nəzarət-buraxılış məntəqələrindən kənarda keçmə (318.1) və qaçaqmalçılıq (206.1) maddələri ilə ittiham irəli sürülüb.

Əfqan Muxtarlı 6 il azadlıqdan məhrum edilib.

Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını siyasi məhbus kimi tanıyır.

Ana səhifəSiyasətƏfqan Muxtarlı aclığa başladığını deyib