Hövsan-Zığ magistral yolunun kənarında yerləşən Duzlu gölün giriş qapısı zəncirlə bağlıdır. Avtomobil sahibləri içəri daxil olmaq üçün 50 qəpik pul ödəyirlər
“Artıq 4 ildir Qazaxıstandan bura gəlirəm. Ayaqlarımda ağrılar var.
Bir neçə dəfə həkimə müraciət etmişəm, xeyri olmayıb. Lakin bu gölə gələndən ayağımdakı ağrılar qismən sakitləşıb” – 44 yaşlı Zahid Əhmədovun dedikləri.
“Valideynlərim Zəngilan rayonundan məcburi köçkün düşüb. Duzlu gölün yaxınlığında yaşayırıq. 7 ildir Duzlu gölə gələnlərə xidmət edirəm. İki nəfərik, axşamdan gölün təxminən 2 metr dərinliyinə baş vurub oradan palçıq çıxarırıq və gölə gələn insanlara 50 qəpiyə satırıq” – 17 yaşlı Kənan Abdullayevin dedikləri.
“Səhhətimdən heç bir şikayətim yoxdur. Duzlu gölə sadəcə istirahətə gəlirəm.
Palçığı bədənimə sürtməklə stressimi çıxarıram” – 23 yaşlı Faiq Muradov.
“Ayağımda uzun illərdi revmatizma var. Soyuq havalarda dəşətli ağrılar olurdu, dəfələrlə həkimə müraciət etmişəm. O qədər də köməyi olmayıb. Özüm də diş həkimi işləyirəm. 3 yaydır Duzlü gölə gəlirəm. Sözün düzü, ağrılarıma kömək edib. Ailəmi də gətirirəm, onlar da palçıqdan istifadə edirlər” – 42 yaşlı Nahid Mikayılovun dedikləri
Vətəndaşlar həkim məsləhəti olmadan, türkəçarə yolu ilə müalicə məqsədilə gölə azyaşlı uşaqlarını da gətirib lilli palçıq sürtürlər. Bu isə əksər hallarda orqanizmə mənfi təsiri ilə də nəticələnir.
“Palçıq gölün ən dərin hissəsindən çıxarılır. Su duzlu olduğundan hər kəs başını suya sala bilmir. Çünki duzlu su gözlərdə şiddətli ağrılar və günlərlə qızartılar əmələ gətirir”- 19 yaşlı Muxtarov Raminin dedikləri.
“Dizlərimdə, topuq oynaqlarımda ağrılar var. İllər öncə müalicəvi və ağrı kəsən mazlardan dəfələrlə istifadə etmişəm. Həttə Naftalana qədər də getmişəm. Lakin köməyi olmayıb. Son ümidim təbiətin möcüzəsi olan bu duzlu göldür. 2 ildir Ağcəbədi rayonundan ailəm ilə birlikdə bura gəlirəm”-
61 yaşlı Saleh Əiyevin dedikləri.
50 yaşlı Vahid Yusubov Bakıxanov qəsəbəsində yaşayır. Onun sözlərinə görə, iki gündür gölə gəlir: “Uzun illərdir ki, ayaqlarım və qollarımdakı ağrılardan əziyyət çəkirəm. Hansı həkimə getdim, nə qədər dərman qəbul etdim, xeyri olmadı. Mənə buranı məsləhət bildilər. Hiss edirəm ki, müalicənin təsiri olur. Yaxşı olardı ki, bu gölün təmizliyinə də fikir verəydilər”.
Sənan Xəlilov anadangəlmə dil və eşitmə əlilidir. O da Duzlu göldən lil palçıq çıxararaq gölə gələn insanlara satır. Yanındakı kişinin köməyi ilə deyir ki, bəzən insanlar yataq xəstələrini evdə müalicə etmək üçün gəlib 3-4 torba palçıq alır.
53 yaşlı Nazim Quliyev digərlərindən fərqli olaraq deyir ki, 7-8 ilə yaxındır kürəyində və oynaqlarında ağrılar var.
“Elə 7-8 ildir duzlu gölə gəlirəm, palçıqdan istifadə edirəm. Amma heç bir faydası olmayıb. Artıq yorulmuşam, daha istifadə etmirəm, gölə gəlib dayaz hissəsində uzanraq sərinləyirəm”.
Duzlu gölə nəinki Bakıdan və Bakıətrafı qəsəbələrdən, eləcə də rayonlardan insanlar gəlir, burada minimum 10 gün müalicə almağa çalışırlar.
Gölün yaxınlığında yaşayan 62 yaşlı Sahib Nuriyevin sözlərinə görə, təxminən 1958-60-cı illərdə burada göl olmayıb:
“Əvvəllər bu gölün yerinə neft yataqlarının tullantılarını tökərdilər. Sonra göl yarandı, hələ də gölün ətrafında köhnə, vaxtı keçmiş buruqlar var. Görünür, su həmin mədənlərdən axaraq çökəklikdə belə bir gölü əmələ gətirib”.
Əslən Zəngilan rayonundan olan məcburi köçkün Sərxan Orucov 15 ildir Duzlu gölə gələn insanlara xidmət edir:
“64 yaşım var, 2-ci qrup əliləm. Gündəlik əmək haqqım 10-12 manatdır. Ailəmiz 5 nəfərdən ibarətdir, bir övladım məhkumdur. Ortancıl oğlum mənə gəlib həm kömək edir, həm də yeməyimi, çayımı gətirir. İşim 3 ay yay fəsilində olur. Digər fəsillərdə aldığım 170 manat pensiyayla birtəhər dolanıram”.