DTX: İranla işbirliyində şübhəli bilinən 19 nəfər istintaqa cəlb olunub (Yenilənib)

Müsəlman Birliyi Hərəkatının üzvlərinin, eləcə də əvvəllər həbs olunmuş şəxslərin adı bu cinayət işində hallanır

Azərbaycan Dövlət Təhlükəsizliyi Xidməti İran xüsusi xidmət orqanları ilə işbirliyində şübhəli bildiyi Azərbaycan vətəndaşlarını saxlayıb.

Qurumun yaydığı məlumatda deyilir ki, kompleks araşdırma tədbirləri həyata keçirilib və Azərbaycan vətəndaşlarının dövlət təhlükəsizliyi maraqlarına zidd olaraq istifadə edilməsi məqsədilə şantaj və digər zorakı üsullarla təsir dairəsində saxlanılması halları müəyyənləşib.

Əməliyyat-istintaq tədbirləri ilə müəyyən edilib ki, İran xüsusi xidmət orqanının nəzarəti altında, radikal-ekstremist dini ideyaların aşılanması yolu ilə Azərbaycan vətəndaşlarından ibarət gizli qanunsuz silahlı birləşmə yaradılıb.

Qurumun məlumatına görə, bu birləşməyə rəhbərlik analoji cinayət əməllərinə görə 2018-ci ildən barələrində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilərək beynəlxalq axtarışa verilmiş, hazırda İranda gizlənən Tohid Alim oğlu İbrahimbəyli, Rövşən Elçin oğlu Əsədov, Orxan Kəmran oğlu Məmmədov, Elşad Elçin oğlu Hacıyev (Əkrəm Hacızadə) və digərlərinə həvalə edilib.

DTX bildirir ki, sözügedən qanunsuz silahlı birləşməyə əvvəllər müxtəlif cinayətlərə görə məhkumluğu olan, Müsəlman Birliyi Hərəkatının üzvləri sırasından seçilmiş vətəndaşlar cəlb edilib:

“Onlar üçüncü ölkələrin ərazisindən keçirilməklə İranın Tehran şəhərinə, orada mobil telefon və pasportları götürülməklə, əlaqələrinin gizliliyinə və konspirasiya tələblərinə dair təlimatlandırılmaqla, dini ləqəblər verilərək, təqdim olunmuş saxta sənədlərlə hərbi yük təyyarələrində Suriyanın Dəməşq şəhərinə aparılıblar. Onlar Suriya ərazisində müxtəlif odlu silahlardan istifadə qaydaları və döyüş taktikasının öyrədildiyi hərbi təlimlərə cəlb edilib, təlimlərdə iştirak etmiş hər bir şəxsə təqdim olunan qəbzlərə imza etdirməklə müxtəlif məbləğlərdə pul vəsaitləri verilib”.

DTX bəyan edir ki, həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı qanunsuz silahlı birləşmələrin hərbi təlimlərində iştirakı müəyyən edilən 19 nəfər Azərbaycan vətəndaşı istintaqa cəlb olunub:

“Qanunsuz silahlı birləşmə və onun tərəfindən təşkil edilmiş hərbi təlimlər barədə çoxsaylı dəlillər, qanunsuz yollarla Azərbaycana keçirilmiş müasir inkişaf, dünyəvi dövlət ideyalarına qarşı radikal, dini-ekstremist münasibəti təbliğ edən, yayılması ölkədə qadağan edilən müxtəlif kitablar, videomateriallar aşkar edilərək götürülüb”.

Cinayət işi üzrə əvvəllər məhkum edilmiş İskəndər Hani oğlu Hüseynov, Tural Səfər oğlu Haqverdiyev, Eltun Əli oğlu Şükürov və digərləri Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 12.1, 279.1-ci (qanunvericiliklə nəzərdə tutulmayan silahlı birləşmələrdə iştirak etmə) maddələri ilə cinayət məsuliyyətinə cəlb edilərək saxlanılıblar.

“Eyni zamanda hazırda İranda məskunlaşmış Ruhulla Axundzadə və digərləri tərəfindən qruplaşma üzvlərinə müxtəlif tapşırıqların verilməsi barədə materiallar da aşkar edilib. Qruplaşma üzvlərini hərbi təlimlərə cəlb edənlərdən biri olan Orxan Fərman oğlu Əsədov üçüncü ölkə ərazisində terror aktına cəhd edərkən həbs olunub”, – məlumatda vurğulanır.

Qurumun məlumatına görə, araşdırmalar zamanı həmçinin qeyd olunan hərbi təlimlərə cəlb edilmiş Fəqan Sədrəddin oğlu Məmmədovun daha sonra İranın Azərbaycandakı səfirliyinə məxsus avtomaşınla Azərbaycana çatdırılan, üzərində dini məzmunlu şüarlar yazılmış köynəklərin respublikanın bəzi rayonlarında keçirilməsi planlaşdırılan aksiyaların iştirakçılarına paylanmasını təşkil etməsinə əsaslı şübhələr müəyyən edilib.

“Məlum olub ki, qeyd olunan xüsusi xidmət orqanlarının nümayəndələri Ermənistan silahlı birləşmələrinin işğalçı əməllərinə bəraət qazandırmaları ilə əlaqədar aralarında fikir ayrılığı yaranan Azərbaycan Respublikası vətəndaşlarını sonra da təsir dairəsində saxlamaq üçün onları cəlb edildikləri hərbi təlimlərə dair videokadrlarla və digər üsullarla şantaj ediblər. Hazırda kompleks əməliyyat-istintaq tədbirləri davam edir, – məlumatda deyilir.

Dövlət Təhlükəsizliyi Xidməti bəyan edir ki, hər hansı qanunsuz silahlı birləşmələrdə iştiraka cəlb edilən Azərbaycan vətəndaşlarına qarşı ən kəskin tədbirlər görüləcək, onlar ciddi cinayət məsuliyyəti ilə üzləşəcəklər. Qurum xarici xüsusi xidmət orqanlarının hər hansı formada təsir dairəsinə düşmələri barədə ölkənin təhlükəsizlik orqanına vaxtında məlumat vermələrinin zəruriliyinə dair onları xəbərdar edir.

Ana səhifəXəbərlərDTX: İranla işbirliyində şübhəli bilinən 19 nəfər istintaqa cəlb olunub (Yenilənib)