DTX: “Azərbaycanda bioloji silahlar üzrə elmi mərkəzlər heç vaxt olmayıb”

Foto: Dövlət Təhlükəsizlik Xidməti

“Heç bir fakt göstərilmədən irəli sürülən bu mülahizələr narahatlıqla qarşılanır”

Dövlət Təhlükəsizlik Xidməti (DTX) bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlərin fəaliyyət göstərməsi barədə Rusiyanın iddialarını rədd edib.

Bu barədə DTX-nin mayın 7-də yaydığı açıqlamada qeyd olunub.

Məlumata görə, son zamanlar beynəlxalq tədbirlərdə Rusiya Federasiyasının təmsilçiləri tərəfindən müəyyən fikirlər səsləndirilib ki, guya Azərbaycanda üçüncü ölkələrin maliyyə dəstəyi ilə bioloji silahlar üzrə elmi tədqiqatlar aparan mərkəzlər fəaliyyət göstərir:

“Heç bir fakt göstərilmədən irəli sürülən bu mülahizələr yerli ictimaiyyəti tərəfindən müəyyən narahatlıqla qarşılanması müşahidə edilir”.

DTX qeyd edir ki, Azərbaycanda belə elmi mərkəzlər heç vaxt fəaliyyət göstərməyib:

“Azərbaycan əhalisinin və ya qonşu dövlətlərin vətəndaşlarının sağlamlığına zərər vura biləcək hər hansı tədqiqatlar aparılmayıb. Bu qəbildən olan məlumatların Azərbaycan tərəfinin mövqeyi öyrənilmədən beynəlxalq tədbirlərdə, o cümlədən BMT kimi mötəbər təşkilatda bəyan edilməsi təəssüf doğurur”.

“Tərəfdaşlıq münasibətlərindən çıxış edərək, müqabil tərəfdən qaldırılan məsələ ilə bağlı konkret faktlar təqdim edildiyi halda onların araşdırılmasına hazır olduğumuzu bildiririk”, -deyə DTX vurğulayıb.

Dövlət Təhlükəsizlik Xidməti Rusiyanın hansı qurumunun və nə zaman bu barədə məlumat yaydığını qeyd etməyib.

Ancaq Rusiyanın rəsmi qurumları Gürcüstanda və Ukraynada belə mərkəzlərin fəaliyyət göstərməsi barədə məlumatlar yayıb.

Bu ilin martın 6-da Rusiya Xarici İşlər Nazirliyi Ukraynada ABŞ Müdafiə Nazirliyi tərəfindən maliyyələşdirilən “hərbi bioloji” laboratoriya olması haqda bəyanat yayıb.

Eyni zamanda, Rusiyanın Dövlət Dumasının keçmiş deputatı Gennadi Onişenko hələ 2011-ci ildə Gürcüstanda belə bir laboratoriyanın olduğunu bildirmişdi.

Ana səhifəSiyasətDTX: “Azərbaycanda bioloji silahlar üzrə elmi mərkəzlər heç vaxt olmayıb”