Azərbaycanda dörd şirkət avqustun 6-da etibarsız təchizatçıların reyestrinə daxil edilib.
Dövlət satınalmalarının vahid internet portalında dərc olunan məlumata görə, şirkətlərdən ikisi müqavilə öhdəliklərinə əməl etmədiyinə, digər ikisi isə satınalma zamanı saxta sənəd təqdim etdiyinə görə cəzalandırılıb.
Reyestrə daxil edilən şirkətlər “Best Auto Service”, “Flora Holland”, “Lusso Group” və “El Art Travel” MMC-lərdir.
“Lusso Group” MMC də məhz satınalma zamanı saxta sənəd təqdim etdiyinə görə etibarsız təchizatçıların reyestrinə salınıb.
Şirkət 6 avqust 2026-cı ildən 6 avqust 2027-ci ilədək dövlət satınalmalarında iştirak edə bilməyəcək.
2024-cü ildə yaradılan şirkətin nizamnamə kapitalı 50 manatdır. Qanuni təmsilçisi Zaur Məhərrəm oğlu Əjdərovdur.
“Lusso Group”un reyestrə salınmasından əvvəl Naxçıvan Muxtar Respublikası Prokurorluğu ilə satınalma müqaviləsi bağladığı bildirilir.
17 min 443 manat 94 qəpik dəyərində olan müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu ilə bağlanıb. Müqaviləyə əsasən, şirkət Prokurorluğa mebel avadanlıqları satmalı və onların quraşdırılmasını həyata keçirməlidir.
“Lusso Group” 2026-cı ildə Naxçıvanda ümumi dəyəri təxminən 29 min manat olan daha iki satınalma müqaviləsi də bağlayıb.
Digər üç şirkət də ‘etibarsızlar reyestr’inə salınıb
“Best Auto Service” MMC müqavilə öhdəliklərinə əməl etmədiyinə görə 1 il 6 ay müddətinə dövlət satınalmalarından kənarlaşdırılıb. Şirkət 6 avqust 2026-cı ildən 6 fevral 2028-ci ilədək satınalmalarda iştirak edə bilməyəcək.
2019-cu ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 500 manatdır. Qanuni təmsilçisi Nazim Məmmədşah oğlu Əskərovdur.
Şirkət 2026-cı ildə ümumi dəyəri təxminən 50 min manat olan iki satınalma müqaviləsi imzalayıb.
“Flora Holland” MMC (VÖEN: 1405674931) isə saxta sənəd təqdim etdiyinə görə bir il müddətinə satınalmalardan kənarlaşdırılıb. Şirkət 6 avqust 2027-ci ilədək dövlət satınalmalarında iştirak edə bilməyəcək.
2021-ci ildə yaradılan şirkətin nizamnamə kapitalı 20 manat, qanuni təmsilçisi Rəhim Vaqif oğlu Seyidzadədir.
“Flora Holland” 2026-cı ildə ümumi dəyəri 215 min manat olan üç tenderin qalibi olub.
“El Art Travel” MMC də müqavilə öhdəliklərinə əməl etmədiyinə görə 1 il 6 ay müddətinə satınalmalardan kənarlaşdırılıb. Şirkət üçün məhdudiyyət 6 avqust 2026-cı ildən 6 fevral 2028-ci ilədək qüvvədə olacaq.
2019-cu ildən fəaliyyət göstərən şirkətin nizamnamə kapitalı 10 manatdır. Qanuni təmsilçisi Elxan Məmməd oğlu Həsənovdur.
“El Art Travel” ilin əvvəlindən ümumi dəyəri 405 min manat olan altı satınalmanın qalibi olub.
Beləliklə, reyestrə yeni daxil edilən dörd şirkət təkcə 2026-cı ildə ümumilikdə 699 min manatdan çox dəyəri olan satınalmalarda qalib olub.
Etibarsız təchizatçıların reyestrinə daxil edilən şirkətlərin müəyyən edilmiş müddət ərzində dövlət satınalmalarında iştirakına yol verilmir.