2026-cı ilin birinci yarısında dövlət büdcəsinə olan vergi borclarının həcmi 4 milyard 50,4 milyon manata çatıb.
Bu barədə Maliyyə Nazirliyinin yarımillik hesabatında məlumat verilib.
Nazirliyin hesabatına görə, dövlət büdcəsinə ödənilməli olan ümumi borcun həcmi ilin əvvəli ilə müqayisədə 741,6 milyon manat və ya 22,4 faiz artıb.
Ötən ilin I yarısı ilə müqayisədə isə bu göstərici 556,7 milyon manat və ya 15,9 faiz artıb.
İqtisadçı ekspert Natiq Cəfərli sosial media hesabında yazır ki, vergi borclarının 4,05 milyard manata çatması iqtisadiyyatın boğulmasına işarədir:
“Bu ilin ilk yarısında vergi borcları kəskin artıb, yaxşı niyə artıb, kimdir borclular?! Dövlət şirkətləri arasında borclular çoxdur, təəssüf ki, ayrıca təsnifat aparılmır, amma, “Azərenerji”, keçmiş “Azərsu” kimi şirkətlərin böyük vergi borcları həmişə olub, indi də var”.
İqtisadçı qeyd edir ki, narahatedici məsələ özəl şirkətlərin də vergi borcunun artmasıdır:
“Bu isə o deməkdir ki, onların dövriyyəsi, gəliri azalıb. Dövriyyə-gəlir azalıbsa, deməli, yeni yatırımlar etmirlər. İnvestisiya yoxdursa və azdırsa, deməli yeni iş yerləri yaranmır, intisadi aktivlik yavaşlayır, və s. Səbəb-nəticə bağını uzada da bilərdim. Bütün bunların səbəbi iqtisadi artımın zəifləməsi, əlavə dəyərin daha az yaranmasıdır. Bu vəziyyətin səbəbi isə vergi-rüsum-cərəmə siyasətinin yanlış olması, iqtisadi aktivliyi təşviq edən stimulların zəifliyidir”.
Hesablama Palatası da “2025-ci il dövlət büdcəsinin icrasına dair rəy”ində vergi öhdəliklərinin tam və vaxtında icra olunmamasına dair narahatlığını qeyd edib. Qurum bildirib ki, yaranan gecikmələr büdcə gəlirlərinin formalaşmasına ciddi təsir göstərir.
Palatanın məlumatına görə, 2025-ci ilin sonuna dövlət büdcəsinə olan borcların həcmi ilin əvvəli ilə müqayisədə ümumilikdə 139,5 milyon manat və ya 4,4 faiz artaraq 3 milyard 308,8 milyon manat təşkil edib.
Bu borcun 58,7 milyon manatı neft-qaz, 3 milyard 250,1 milyon manatı isə qeyri-neft-qaz sektorunda fəaliyyət göstərən vergi ödəyicilərinin payına düşüb.
Neft-qaz sektorunda fəaliyyət göstərən şirkətlərin vergi borcları 2024-cü illə müqayisədə 12,8 dəfə artıb. Hesabatda göstərilir ki, neft-qaz sektoru üzrə borc məbləğinin əhəmiyyətli dərəcədə artması əsasən “Azəri-Çıraq-Günəşli” layihəsi üzrə hesablanmış öhdəliklərin icra edilməməsi ilə bağlıdır. Belə ki, qeyd edilən layihə üzrə 2025-ci ilin sonuna ödənilməmiş borcun məbləği 55 milyon manat təşkil edib.
Dövlət şirkətlərinin ötən il vergi borcu 238,1 milyon manat olub. Bu, əvvəlki illə müqayisədə 9,6 faiz artım deməkdir.
Özəl şirkətlərin (hüquqi şəxslərin) isə büdcəyə olan borcları 2 milyard 43,2 milyon manat təşkil edib. Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin borcları isə 67,3 milyon manat və ya 10,5 faiz artaraq 706,1 milyon manata çatıb.
Bununla yanaşı, bələdiyyə mülkiyyəti, xarici mülkiyyət, birgə (xarici qarışıq) mülkiyyət və beynəlxalq təşkilatların mülkiyyətinə mənsub vergi ödəyicilərinin borc məbləği ilin sonuna ilin əvvəli ilə müqayisədə 33 faiz artaraq 321,4 milyon manata yüksəlib.
Ümumiyyətlə, Hesablama Palatasının rəyindən məlum olur ki, dövlət və özəl sektor üzrə vergi borcları ildən-ilə artır. Belə ki, 2021-ci ilin sonuna 1 milyard 941,4 milyon manat olan ümumi vergi borcu hər il artaraq 2025-ci ilin sonuna 3 milyard 308,75 milyon manata qədər çatıb. Beləliklə, 4 il ərzində vergi borcları təxminən 70,4 faiz artıb.

“Təhlillər göstərir ki, dövlət büdcəsinə olan borcların məbləğinin əvvəlki illə müqayisədə artımı xüsusilə ƏDV, hüquqi şəxslərin mənfəət vergisi, fiziki şəxslərin gəlir vergisi və əmlak vergisi üzrə hesablanmış vergi öhdəliklərinin müəyyən edilmiş müddətlərdə tam və vaxtında yerinə yetirilməməsi ilə əlaqələndirilə bilər”, – deyə Palata büdcə rəyində şərh edir.
İyulun 1-nə dövlət büdcəsinə edilmiş artıq ödənişlərin həcmi 2 milyard 861,1 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 5,2 faiz artıb.