Əməkdar artist Mehriban Xanlarova Prezident İlham Əliyevə video müraciət edərək, 7 ay əvvəl Akademik Milli Dram Teatrından qanunsuz olaraq uzaqlaşdırıldığını bildirib və kömək istəyib.
Aktrisa müraciətində məmur özbaşınalıqları barədə sosial şəbəkələrdə tənqidi paylaşımlarına – yazdıqlarına görə işdən çıxarıldığını iddia edib:
“Hazır ərizəni qarşıma qoydular”
“Mənə teatrdan bildirildi ki, sən heç bir şey yaza bilməzsən, deyə bilməzsən. Sonra da işdən azad olunmaq üçün hazır ərizəni qarşıma qoydular və qol çəkməyimi istədilər. Mən də imza atdım”.
Mehriban Xanlarova ötən 7 ay ərzində aidiyyəti qurumlara çoxsaylı şikayət məktubları ünvanlasa da, heç birindən rəsmi cavab ala bilmədiyini vurğulayıb:
“Yeddi aydır ki, döymədiyim qapı yoxdur. Xeyli sayda məktublar göndərmişəm, təəssüflər olsun ki, heç birindən cavab gəlməyib. Mənə deyirlər ki, get, sən istəyirsənsə, onu da et”.
“Məni dövlətə qarşı çıxmaqda ittiham edirlər”
Mədəniyyət Nazirliyindən müraciətinin qəbul olunduğu barədə məlumat aldığını deyən Mehriban Xanlarova, adını çəkmədiyi bəzi məmurları onu hədəf almaqda ittiham edib:
“Məmurlar məni teatrdakı işimə bərpa etmədilər. Üstəlik, guya dövlətə qarşı çıxdığımı iddia edirlər”.
Aktrisa bu iddiaları rədd edərək, dövlət başçısından teatrdakı işinə geri qaytarılmasını xahiş edib.
“Teatrda xadimə kimi işləməyə razıyam”
Mehriban Xanlarova növbəti açıqlamasında Akademik Milli Dram Teatrı rəhbərliyinin boş aktrisa ştatının olmamasını əsas gətirərək onun işə bərpa istəyinə mənfi cavab verdiyini bildirib.
Bu addımı özünə qarşı qərəzli yanaşma hesab edən aktrisa teatra geri dönmək üçün xadimə kimi işləməyə də razı olduğunu bəyan edib:
“Mən o teatrın 28 il tozunu udmuşam, Əməkdar artist adına layiq görülmüşəm. Artıq qərar verdim, məni teatrda xadimə vəzifəsinə götürsünlər, buna da razıyam. Təki doğma teatrımda işləyim. İndi görüm buna nə bəhanə gətirəcəklər”.
Nazirlik və Teatrdan Mehriban Xanlarovaya cavab
Məsələ ilə bağlı Mədəniyyət Nazirliyindən yerli mediaya verilən rəsmi açıqlamada bildirilib ki, Mehriban Xanlarovanın müraciəti əsasında onun peşə fəaliyyətini davam etdirməsi üçün digər dövlət teatrlarında iş imkanları, eləcə də “Teatral Akademiya” layihəsi çərçivəsində gənc aktyorlara ödənişli ustad dərsləri keçməsi təklif edilsə də, aktrisa bu alternativləri qəbul etməyib.
Nazirlikdən vurğulanıb ki, Mehriban Xanlarovanın əmək münasibətlərinə vaxtilə öz yazılı müraciəti əsasında xitam verilib və hazırda teatrda müvafiq vakant ştat mövcud deyil. Bununla belə, nazirlik rəsmi cavabında aktyorların fəaliyyətinin yalnız daimi ştatla məhdudlaşmadığını, müqavilə əsasında konkret layihələrə cəlb olunma imkanlarının olduğunu diqqətə çatdırıb:
“Azərbaycan Dövlət Akademik Milli Dram Teatrı öz sənətkarlarının əməyinə hər zaman hörmətlə yanaşır. Gələcəkdə teatrın yaradıcılıq planları, repertuar siyasəti və konkret tamaşa layihələri çərçivəsində, yaranacaq zərurət və bədii ehtiyac nəzərə alınmaqla, Mehriban Xanlarovanın teatrın ayrı-ayrı layihələrinə hər hansı formada cəlb olunması məsələsinə də baxıla bilər”.
Dövlət Akademik Milli Dram Teatrının açıqlamasında isə hazırda teatrda vakant ştatın olmadığı və əmək müqaviləsinə öz ərizəsi ilə xitam verildiyi vurğulanıb.
Teatr rəhbərliyi ilə Mehriban Xanlarova arasında nə baş vermişdi?
Əməkdar artist Mehriban Xanlarova ilə Akademik Milli Dram Teatrının rəhbərliyi arasında yaranan narazılığın kökü ötən ilin mart ayına təsadüf edir. Həmin dövrdə teatrın bədii rəhbəri Mehriban Ələkbərzadənin səhnələşdirilən tamaşaya başqa teatrdan aktrisa dəvət etməsi sənətçi tərəfindən narazılıqla qarşılanmışdı. Bu hadisədən sonra aktrisa mediaya verdiyi açıqlamalarda teatrda gərgin mühitin yarandığını, rəhbərlik tərəfindən təzyiqlərə və “repressiyaya” məruz qaldığını iddia etmişdi. Sənətçi yaranan problemlərlə bağlı Mədəniyyət Nazirliyinə şikayət etsə də, heç bir konkret addım atılmadığını və işdən uzaqlaşdırılmasına məhz bədii rəhbərlə aralarındakı konfliktin səbəb olduğunu irəli sürmüşdü. O, işdən çıxarılacağını qabaqcadan bildiyi üçün ötən ilin noyabrın 23-də ərizəsini öz istəyi ilə yazdığını bəyan etmişdi. Teatr rəhbərliyi isə öz növbəsində həmin dövrdə yaşanan mübahisələri yaradıcılıq prosesi və daxili nizam-intizam qaydaları ilə əlaqələndirmişdi.
“Azdrama” müxtəlif illərdə fərqli rəhbərlərin dövründə həmişə qalmaqallarla yadda qalıb. Teatrda rəhbərliklə aktyorlar arasında işdənçıxarmalar, əmək müqavilələri və rollar üstündə yaşanan narazılıqlar vaxtaşırı olaraq yenidən alovlanır. Mədəniyyət Nazirliyi isə əksər hallarda səssiz və hərəkətsiz qalır.