Dərindəki media…

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Mətbuat Gününə sözardı

Ötən əsrin 90-cı illərində qazanılan müstəqillik dalğasında müstəqil mətbuat da yarandı. Totalitar rejimin dağılmasıyla jurnalistikaya sanki qol-qanad verildi. Bir-birinin ardınca müstəqil mətbuat nümunələri yaranmağa başladı. Söz azadlığı aclığı çəkən cəmiyyət artıq məcburi abunə girovluğundan da qurtulmuşdu. İndi istədiyi qəzeti istədiyi yerdən: istər köşklərdən, istərsə də şəhərin müxtəlif məkanlarında o vaxt hamıya sərfəli olan əl yayımlarından ala bilərdi.

1993-cü ildə tətbiq olunan senzura söz azadlığına zərbə olsa da, müstəqil qəzetlər artır və nəşrini davam etdirirdi. Dövlətdən heç bir dəstək almayan əksər qəzetlər yüksək tiraj və satış hesabına redaksiyanı saxlayırdı. 50-100 min tirajla qəzetlər çıxırdı. Bu proses əsrin sonlarına kimi davam etdi. Əsrin sonlarında başqa proses – üzdə olan qəzetləri hakimiyyətin ələ keçirməsi prosesi başladı. Alqı-satqı gözlənildiyindən də uğurlu alındı. Bunun nəticəsi olaraq dövlət artıq özəlləşdirdiyi mətbuata qucaq açdı. Əvvəlcə şəffaf olmayan, yəni konvert üsulu ilə gerçəkləşən dəstək yeni yaradılan qurum – Prezident yanında Kütləvi İnformasiya Vasitələrinə Dövlət Dəstəyi Fondunun əlilə “şəffaflaşdı”. Bu dəstək başlayanda artıq nə o qəzetlər, nə o tiraj vardı. Öz gücünə 20-30 min tirajla çıxan qəzetlər dövlətin dəstəyi ilə 3-5 min tiraja düşdü. Dəfələrlə təkrarlansa da, bir daha xatırladaq, o fond yaranandan ölənə qədər 100 milyon manatdan çox büdcə vəsaiti (konvertlə ötürülən vəsaitlər də elə bir o qədər olar) “qəzetlərin maddi-texniki bazasının gücləndirilməsi”nə, “jurnalistlərin peşəkarlığının artırılması”na xərcləndi. Nə maddi-texniki baza artdı, nə də peşəkarlıq, heç tiraj da artmadı, əksinə daha da aşağı düşdü, qəzetlərin dövriliyi azaldı…

100 milyonlar xərclənib, KİV DF-nin yaranmasından13 il keçib, yenə hər tədbirdə jurnalistlərin peşəkarlığının artırılmasından danışılır, layihələr həyata keçirilir. Ancaq peşəkarlıq artmır ki, artmır. Üstəlik, ölkədə artan intihar hallarında da jurnalistlər suçlu sayılır…

Bir vaxtlar yüz cür tərif vurulan, “ümummilli liderin mətbuata qayğısı”, “onun layiqli davamçısının”ənənənin davamı kimi yaratdığı qurum – KİV Fondun üzərindən bir günün içində rəhbəri ilə birgəxətt çəkildi.

İndi həmin qurumun adını dəyişib Media Agentliyi qoyublar, ancaq gördüyü iş elə əvvəlkidi: illər qabaq satın aldıqları qəzetlərə, saytlara pul vermək. Bu gün – 22 iyulda, Mətbuat Günündə AZƏRTAC-a açıqlama verən yapçı deputat Hikmət Babaoğlu isə deyir ki, MEDİA Agentliyinin yaradılması milli mətbuat tariximizdə tamamilə yeni bir mərhələ təşkil edir:“…Hər bir inkişaf edən cəmiyyətə inkişaf etmiş güclü institutlar lazımdır. Azərbaycan inkişaf edib gücləndikcə, istər daxili informasiya mübadiləsi kontekstində, istərsə də beynəlxalq münasibətlər və xarici siyasət kontekstində bizə ən müasir çağırışlarla ayaqlaşan yeni və güclü media institutu lazım idi. Həmin çağırışlar elə bu gün də aktualdır və sabah da aktual olacaq. MEDİA-nın yaradılması da məhz bu zərurətdən irəli gəlmişdi”.

Eyni sözlər iyulun 21-də Bakıda keçirilən “Dərinləşən media islahatları: Yeni hədəflərə doğru” adlı konfransda da deyilib. Həm də vaxtilə KİVDF-də olan, bu qurumun mətbuatda “islahatlarını” tərifləyən adamlar deyib bu sözləri. İndi daha dərinə işləyirlər; mediada aparılan islahatlar kimi…

Görünür, Vüqar Səfərlinin taleyindən dərs alıblar, yeni hədəflər seçiblər, həm də dərinə işləyən hədəflər. İndi jurnalistlərə peşəkarlıq dərsi Beynəlxalq Mətbuat Mərkəzində yox, ADA universitetində keçilir… Yenə büdcəmiz ziyan çəkəcək…

Çox dərinə getməyin, batırdığınız mətbuatla birgə özünüzün də batmaq təhlükəsi qarşısında olduğunuzu nəzərə alın…

Ana səhifəMənim FikrimcəDərindəki media…