Deputat stadionların qanunsuz satılmasında ittiham olunur: “Dövlətin malını dədə malı kimi satır”

Foto: Meydan TV

Səs yazısında Səttar Möhbalıyevin bu işlərin başında dayandığı bildirilir

Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin deputatı Səttar Möhbalıyev Azərbaycanın bir sıra şəhər və rayonlarındakı stadionların qanunsuz satılmasında ittiham olunur. Onun adı həmçinin Bakının Yasamal rayonu, “İnşaatçılar” metrostansiyasının yaxınlığında yerləşən “Məhsul” stadionun satılmasıyla bağlı cinayət işində keçir. Bu üzdən həmin cinayət işi üzrə məhkəmədə də Səttar Möhbalıyevin dindirilməsi tələb olunur.

“Məhsul” stadionunu satmaq adıyla sahibkarları aldadaraq, pullarını ələ keçirməkdə ittiham olunan Azərbaycan Həmkarlar İttifaqlarının İdman Təşkilatları Assosiasiyasının sədri Nadir Əliyev və stadionun – “Yasamal” idman-sağlamlıq klubunun direktoru Alik Həsənovun işi üzrə bir ildən çoxdur ki, məhkəmə prosesi keçirilir. Adları çəkilən şəxslərə qarşı Cinayət Məcəlləsinin 178.4 (dələduzluq – xüsusilə külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsilə ittiham irəli sürülüb. Onların işinə Bakı Ağır Cinayətlər Məhkəməsində Fəriz Namazovun sədrliyilə, Əhməd Quliyev və Telman Hüseynovdan ibarət hakimlər kollegiyası baxır.

Bu iş üzrə məhkəmə prosesi bir ildən çoxdur ki, davam edir və dəfələrlə də məhkəmədə Səttar Möhbalıyevin adı hallanıb. Hətta bununla bağlı səs yazısı da ortaya çıxıb. Həmin səs yazısında Nadir Əliyev bu işlərin başında Səttar Möhbalıyevin dayandığını bildirir.

Nadir Əliyev və Alik Həsənova qarşı ittihamda göstərilib ki, ayrı-ayrı sahibkarlar stadionun ərazisində bina tikmək üçün həmin ərazini almaq istəyiblər. Bu cinayət işində 5 nəfər zərərçəkmiş qismində tanınıb. Bunlar Həbib Zülfüqarov, Rauf İsmayılov, Yusif Vəlixanov, Dadaş Umbatov və Elçin Rüstəmovdur.

Səttar Möhbalıyev. Foto: arxiv

Məsələn, zərərçəkmişlərdən Rauf İsmayılov və Yusif Vəlixanovdan “Məhsul” stadionunu satmaq adıyla 900 min manat beh alınıb. Onlarla danışılıb ki, stadion ərazisi 5.5 milyona satılacaq. Bu məbləğin bir hissəsi nağd pul şəklində, qalanı isə tikiləcək binadan bir neçə mənzillə ödəniləcək. Sahibkarlar aldadıldıqlarını biləndə hüquq-mühafizə orqanlarına şikayət ediblər. Bundan sonra 900 min manatın 100 mini qaytarılıb.

Digər zərərçəkmiş Dadaş Umbatov ona 360 min manat ziyan dəydiyini bildirib və pulunun ödənilməsi tələbilə məhkəmədə mülki iddia qaldırıb.

Zərərçəkmiş Elçin Rüstəmovu məhkəmədə təmsil edən vəkil Aslan İsmayılov indiyədək bir neçə dəfə vəsatət qaldırıb ki, Səttar Möhbalıyev məhkəməyə çağırılıb dindirilsin. Onun sözlərinə görə, Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri olan deputat bu qurumun tabeliyində olan müxtəlif stadionların qanunsuz satılmasına rəhbərlik edir. Vəkil vurğulayıb ki, Göygöldə, Gəncədə stadionlar sənəd üzərində cüzi məbləğ göstərilməklə qanunsuz satılıb.

Aslan İsmayılov xatırladıb ki, təqsirləndirilən şəxslərdən Nadir Əliyev istintaq zamanı ifadəsində də bu işlərə Səttar Möhbalıyevin rəhbərlik etdiyini deyib. Lakin məhkəmədə fərqli ifadə verib. O, həmin ifadəsindən imtina edib. Buna baxmayaraq, məhkəmə prosesində Nadir Əliyevin səs yazısı ortaya çıxıb və orada da o, Səttar Mehbalıyevin bu işin içində olduğunu bildirir:

“Nadir Əliyev səs yazısında açıq şəkildə deyir ki, bu işin başında dayanan Səttar Möhbalıyevdir. Özü də etiraf edir ki, səs onundur. Amma dediklərini danmaq istəyir ki, guya montajdır. Hamı da bilir ki, montaj deyil. Nadir Əliyevin məhkəmədə bu cür davranışı Səttar Möhbalıyevin ona vəd verməsinin nəticəsidir. Ona söz veriblər ki, çıxaracaqlar. Səttar Möhbalıyevlə bağlı məsələni qaldırıram deyə, məni prosesdən uzaqlaşdırmaq üçün müxtəlif yollara əl atırlar. Nadir Əliyev məhkəmədə deyir ki, guya istintaqda onu mən məcbur eləmişəm ki, Səttar Möhbalıyevin adını çəksin. Mən müstəntiq deyiləm, onun vəkili deyiləm, onun dindirməsində necə iştirak edib, onu nəyəsə məcbur edə bilərdim? Absurddur. Sadəcə, mən bu məsələnin ört-basdır olunmasına imkan vermirəm. Bütün şikayətlərimdə də yazmışam ki, Səttar Möhbalıyev dövlətin malını dədə malı kimi satır. Ölkədə stadionların bir çoxunu qanunsuz satıb, pulunu mənimsəyiblər”.

Aslan İsmayılov
Foto: Meydan TV

Aslan İsmayılov əlavə edib ki, istintaq zamanı da Səttar Möhbalıyevin çağırılıb dindirilməsi barədə vəsatət qaldırıb. Lakin prokurorluq vəsatəti təmin etməyib:

“Prokurorluq adamı çağırıb dindirmədən, məsələni özündən soruşmadan Səttar Möhbalıyev haqqında cinayət işi başlanmasının rədd edilməsi haqda qərar çıxarıb. Məhkəmədə də dəfələrlə vəsatət verdik ki, bu adam mütləq dindirilməli, müəyyən məsələlərə aydınlıq gəlməlidir. Məhkəmə də eyni cür davrandı – qanunsuzluq davam etdirildi. Görünür, satdığını bölüşdürüb ki, prokurorluq da, məhkəmə də onu çağırıb dindirməkdən qorxur”.

Prokuror vəsatətə münasibət bildirərkən deyib ki, deputatın dindirilməsinə ehtiyac yoxdur. Çünki istintaq dövründə prokurorluq onunla bağlı məsələyə hüquqi müstəvidə aydınlıq gətirib – Səttar Möhbalıyevin əməlində cinayət müəyyənləşdirilmədiyinə görə onun haqqında cinayət işi başlanması rədd edilib.

Təqsirləndirilən şəxslərdən Alik Həsənov, eləcə də zərərçəkmişlər Səttar Möhbalıyevin dindirilməsini istəyiblər. Lakin Nadir Əliyev deyib ki, buna ehtiyac yoxdur.
Hakimlər də vəsatəti təmin etməyib.

Nadir Əliyev özünü təqsirli bilmir. O iddia edir ki, sahibkarları Alik Həsənov aldadıb, onun isə yaşananlardan xəbəri olmayıb.

Alik Həsənov isə əksinə, bu işdə özünün sadəcə, icraçı, vasitəçi olduğunu bildirir. Onun sözlərinə görə, stadionun direktoru olsa da, rəhbər kimi, Nadir Əliyevdən asılı idi, onun göstərişlərini yerinə yetirirdi.

Zərərçəkmiş sahibkarlar da məhkəmədə bildiriblər ki, onlar Alik Həsənovla yanaşı, Nadir Əliyevlə də danışıqlar aparıblar. Yəni onun baş verənlərdən xəbərsiz olması haqda iddiaları doğru deyil.

Bu iş üzrə məhkəmə prosesi davam edir.

Səttar Möhbalıyevin adı bir neçə il əvvəl Qarabağ əlili Zaur Həsənovun intiharında hallanırdı. Deputat tərəfindən əmlakının əlindən alındığını iddia edən Zaur Həsənov Həmkarlar İttifaqları Konfederasiyasının binası qarşısında özünü yandırmış, xəstəxanaya çatdırılsa da, orada vəfat etmişdi.

Ana səhifəSiyasətDeputat stadionların qanunsuz satılmasında ittiham olunur: “Dövlətin malını dədə malı kimi satır”