Deputat: Neftin qiyməti yalnız iqtisadi deyil, həm də siyasi faktorlardan asılıdır

İqtisadçı deyir ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir.

Source: Foto: Meydan TV


"Güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir"

Azərbaycan neftinin qiyməti 2,55 faiz və ya 1.94 dollar ucuzlaşıb. Beləliklə, “Azeri Light” markalı neftin bir barelinin qiyməti 74,14 dollar olub.

Deputat Vüqar Bayramov deyir ki, OPEC+ Alyansında müşahidə edilən fikir ayrılıqları neftin qiymətinə təsirsiz ötüşməyib.

Nəticədə bu həftəyə hər bareli üçün 77 dollar qiyməti ilə start verən "Brent" markalı neftin qiyməti 73 dollaradək azalıb: “Bu, neftin qiymətində son 3 gündə 5 faizdən çox azalma deməkdir. Digər tərəfdən, ABŞ dollarının dünya valyuta bazarında möhkəmlənməsi də strateji məhsulların, o cümlədən neftin qiymətinə təsir göstərir. Son 1 ayda dollar avroya nisbətən 4 faizə yaxın dəyər qazanıb. Möhkəm dollar da neft bazarına təsir edir”.

Vüqar Bayramov bildirir ki, OPEC+ Alyansının gələcək taleyi neftin qiymətin dəyişməsinə birbaşa təsir edəcək: “Doğrudur, qlobal vaksinasiya səviyyəsinin genişlənməsi, yay aylarında inkişaf etmiş ölkələrdə, xüsusən də Birləşmiş Ştatlarda daxili səfərlər səbəbindən benzinə tələbin artması enerji bazarında qiymətlərin xeyirinə işləyən mövsümi faktorlardandır. Amma bütün hallarda neft bazarında volatilliyin davam edəcəyi şübhəsizdir”.

Vüqar Bayramov
Vüqar Bayramov

İqtisadçı deyir ki, enerji məhsulları ixrac edən əksər ölkələr və eləcə də Azərbaycan üçün neft bazarındakı stabillik valyuta daxilolmalarının optimallığı baxımdan vacibdir.

Əksər neft ölkələri üçün 1 barel neftin qiymətinin 75-80 dollar intervalında stabilləşməsi iqtisadi baxımdan məqbul hesab olunur: “Amma neftin qiyməti yalnız iqtisadi deyil, həm də siyasi faktorlardan asılı olduğundan istənilən zaman bazarda sıçrayışlar istisna edilmir. Neft bazarındakı son volatillik bir daha təsdiq edir ki, enerji resurslar ilə zəngin ölkələr üçün güclü qeyri-neft sektoru formalaşdırmaq alternativsizdir. Prioritet də neft gəlirlərindən asıllığı minimumlaşdırmaqdır”.

“Azeri LT CIF” neftinin ən aşağı qiyməti 2020-ci il aprelin 21-də (15,81 ABŞ dolları), maksimal qiyməti isə 2008-ci ilin iyulunda (149,66 ABŞ dolları) qeydə alınıb.

Ana səhifəİqtisadiyyatDeputat: Neftin qiyməti yalnız iqtisadi deyil, həm də siyasi faktorlardan asılıdır