Deputat: “Azərbaycanda kredit faizləri kəskin ucuzlaşdırılmalıdır”

Milli Məclis, Foto: By aquatarkus/Shutterstock

Milli Məclisdə “Sputnik”in yayımının dayandırılması da təklif edilib

Özünə narkotik vasitələr hazırlayan şəxslər 300-400 manat arası cərimələnəcək.

Bura qanunsuz olaraq narkotik vasitələrin, psixotrop maddələrin istehlakı, satış məqsədi olmadan az miqdarda hazırlanması, əldə edilməsi, saxlanılması, daşınması və göndərilməsi də daxildir.

İnzibati Xətalar Məcəlləsinə təklif edilən yeni dəyişikliklərdə belə nəzərdə tutulur.

Qanuna dəyişiklik Milli Məclisin aprelin 26-da keçirilən iclasında müzakirəyə çıxarılıb.

İşin hallarına və xətanı törədənin şəxsiyyətinə görə cərimədən savayı iki ayadək müddətə inzibati həbs də nəzərdə tutulur.

Sənəd səsverməyə çıxarılaraq III oxunuşda qəbul olunub.

Kreditlər ucuzlaşsın!”

İclasda deputat Tahir Kərimli Azərbaycanda bank kreditlərinin faizlərinin yüksək olduğundan danışıb.

O təklif edib ki, kredit faizləri kəskin ucuzlaşdırılmalıdır.

Deputat Tahir Kərimli
Deputat Tahir Kərimli, Foto: “Paralel.az”

“Banklarda kreditlərin illik faiz dərəcəsi 20 faizdən çoxdur. Əslində isə 5-6 faiz olmalıdır. İnsanlar qazandıqlarının hamısını banka verir. Bank borcları, onların faizləri bu gün əsas problemdir”, – deyə o qeyd edib.

Deputat həmçinin Azərbaycan banklarının tətbiq etdikləri cərimələrin silinməsini təklif edib.

Sputnik”in yayımının dayandırılması təklif edilir

Deputat Vahid Əhmədov isə süni qiymət artımından danışıb.

O deyib ki, dünyada iqtisadi böhran var və bu, Azərbaycana da təsir göstərir:

“Qarşısının alınması istiqamətində hökumət işlər görməlidir”.

Deputat Rusiyada Azərbaycanın bir çox saytına girişə qadağa qoyulduğundan da danışıb.

Vahid Əhmədov
Vahid Əhmədov, Foto: Meydan TV

Təklif edib ki, qarşılığında Azərbaycanda fəaliyyət göstərən Rusiya mediası olan “Sputnik-Azərbaycan” informasiya agentliyinin fəaliyyəti dayandırmalıdır:

“Mən bununla bağlı MEDİA və Mətbuat Şurasına müraciət edirəm. Onlardan həmin agentliyin fəaliyyətini araşdırmalarını istəyirəm”.

Peşə məktəblərində ödənişli oxuyanlara təqaüd

Milli Məclis peşə məktəblərində ödənişli oxuyanlara da təqaüdün verilməsinə dair layihə qəbul edib.

İndiki “Peşə təhsili haqqında” qanuna görə, yalnız dövlət hesabına təhsilalanlara təqaüdün verilməsi nəzərdə tutulub. Təklif olunan dəyişiklikdə isə dövlət peşə təhsili müəssisələrində təhsilalanlara dövlət hesabına və ödənişli əsaslarla təhsil almalarından asılı olmayaraq təqaüdün təyin edilməsi təklif olunub.

Əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda

Azərbaycanda əmək müqaviləsinə xitam verilməsinə dair yeni qayda müəyyənləşir.

Bu, Əmək Məcəlləsinə dəyişiklik layihəsində əksini tapıb.

Milli Məclisin Əmək və sosial siyasət komitəsinin üzvü Vüqar Bayramov deyib ki, fiziki şəxs olan işəgötürənlə bağlı bir sıra hallar baş verdikdə, onlar tərəfindən bağlanılmış və əmək müqaviləsi bildirişləri elektron informasiya sisteminə daxil edilmiş əmək müqavilələrinə xitam verilməsi zərurəti yaranır:

“Lakin əmək müqaviləsinə xitam verilməsi səlahiyyəti işəgötürəndə olduğu üçün bu zərurətin həyata keçirilməsi mümkün olmur. Nəticədə, digər işəgötürənlə əmək müqaviləsi bağlaya bilməyən işçinin əmək hüquqları məhdudlaşır, bu da narazılıqlara və məhkəmə mübahisələrinə səbəb olur”.

Vüqar Bayramov
Foto: Meydan TV

Bunların tənzimlənməsi məqsədilə Əmək Məcəlləsinin 74-cü maddəsinə bir sıra əlavələr təklif edilir.

Əlavələrə görə, aşağıdakı hallar fiziki şəxs olan işəgötürənlə bağlanmış əmək müqaviləsinə işçinin əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqana müraciəti əsasında xitam verilmiş hesab edilməsi üçün əsas olacaq:

  • fiziki şəxs olan işəgötürən vəfat etdikdə, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında xəbərsiz itkin düşmüş və ya ölmüş elan edildikdə;
  • fiziki şəxs olan işəgötürən barəsində məhkəmə tərəfindən həbs qətimkan tədbiri seçildikdə, yaxud o, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə azadlıqdan məhrum edildikdə;
  • fiziki şəxs olan işəgötürən məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli şəxs hesab edildikdə;
  • Mülki Prosessual və Cinayət Prosessual məcəllələrinə uyğun olaraq fiziki şəxs olan işəgötürənin axtarışı elan olunduqda;
  • İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq əcnəbi və vətəndaşlığı olmayan işəgötürən barəsində Azərbaycan Respublikasının hüdudlarından kənarda inzibati qaydada çıxarma tətbiq edildikdə.

Bu hallarda əmək müqaviləsinə xitam verilmiş hesab edilməsi əmək münasibətlərinin iştirakçılarını, habelə vəfat etmiş fiziki şəxs olan işəgötürənin vərəsələrini (miras payı həddində) əmək qanunvericilyi ilə müəyyən edilmiş öhdəliklərin icrasından azad etməyəcək.

Dəyişiklik layihəsi səsverməyə çıxarılaraq I oxunuşda qəbul edilib.

Ana səhifəİqtisadiyyatDeputat: “Azərbaycanda kredit faizləri kəskin ucuzlaşdırılmalıdır”