Deportasiya və… dəstək

Yazar: Rövşən Hacıbəyli

Mənbə: Meydan TV

Hər şeyi həll edən zamandır, həm də O-dur

“AXC-Müsavat cütlüyü”nü qonşularla yaxşı münasibət qurmamaqda uzun illərdir ittiham edən YAP hakimiyyətinin özünün indi qonşularla münasibəti gərgindir. Baxmayaraq ki, indi elliklə ittiham etmək tapşırığı verdikləri adamlar – jurnalistlər, politoloqlar, saxta mandatlı deputatlar, ötən əsrdən qazıb çıxardıqları siyasətçilər dünən başqa mövqedə idi. Hakimiyyətin qonşularla isti, mehriban münasibətindən ağızdolusu, həm də əvvəlki hakimiyyəti tənqid edə-edə danışırdılar. Nə baş verib? Axı “mehriban” olduqları o qonşuların Azərbaycana münasibəti heç vaxt dəyişməyib, ötən əsrdə necəydisə, elə də davam edir. Bəs qonşulara hücum əmri hansı səbəbdən verilib? Hakimiyyətin razılığıyla 2020-ci ildən Qarabağa yerləşdirilən rus “sülhməramlılar”ı niyə birdən-birə “arzuolunmaz”a çevrildilər? Axı toplumda çoxu ilk gündən bunun əleyhinə oldu, bəs niyə onda reaksiya verilmədi, etiraz edənlərin səsi eşidilmədi? Bir aydan artıqdır İranda etirazlar başlayıb, insan haqları pozulur, zorakılıqlar, ölüm halları var, ancaq bizim AzTV-lər bunu nədən 40 gündən sonra gördülər?..

Görünür, qonşularla münasibət biz düşündüyümüzdən də gərgindir. Yoxsa nədən bir vaxtlar Azərbaycandan deportasiya elədikləri, yenidən gəldikdə hava limanından geri qaytardıqları Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlıya qucaq açsınlar?

Hərəkat lideri olaraq o tayda üzləşdiyi təzyiqlərdən canını qurtarmaq üçün əsrin əvvəllərində Azərbaycana gələn Çöhrəqanlını o vaxt elə indiki hakimiyyət İranın tələbi ilə ölkədən qovmuşdu. Bunu o dövrdə İranın Azərbaycandakı səfiri olan Əfşar Süleymani də etiraf etmişdi: “Çöhrəqanlı Azərbaycanda İran əleyhinə fəaliyyət göstərsə, təbii ki, İran dövləti buna qarşılıq verəcək”.

Çünki hər iki ölkə “bir-birinin təhlükəsizliyinə təhdid olacaq hərəkətlərə yol verməyəcəyi barədə” üzərinə öhdəlik göturub. “Bu öhdəliyə əsasən, İranda Azərbaycan əleyhinə və ya əksinə, Azərbaycanda İran əleyhinə təbliğat aparılsa, bu, razılaşdırılmış qaydaların pozulması anlamına gəlir” – səfir demişdi. Baxmayaraq ki, Azərbaycan rəsmiləri GAMOH liderinin özünün Azərbaycandan getdiyini açıqlamışdı. Cənubi Azərbaycan Milli Oyanış Hərəkatının Bakı təmsilçisi Ağrı Qaradağlı da o vaxt deportasiya faktını təsdiqləmişdi:

“Hüquq-mühafizə orqanlarının nümayəndələri Mahmudəli bəyi deportasiya ediblər”.

Hərəkat fəalları Mahmudəli Çöhrəqanlının Ankara və Bakıya uzunmüddətli səfərlərinin baş tutmamasını rəsmi Tehranın təzyiqlərinin nəticəsi olduğunu bildirmişdi.

Elə də olmuşdu, Azərbaycan hökuməti Çöhrəqanlını Bakı-Nyu-York təyyarə reysi ilə ABŞ-a yola salmışdı.
Eyni hadisə Türkiyədə də baş vermişdi. İranın tələbi ilə Çöhrəqanlı o ölkəyə də buraxılmamışdı, elə hava limanından oğlu ilə birgə geri qaytarılmışdı.

Mahmudəli Çöhrəqanlı sonuncu dəfə 2006-cı ilin iyununda Bakıda olub. Ondan sonra dəfələrlə cəhd eləsə də, onu Azərbaycana buraxmayıblar. Deputat, xalq şairi Sabir Rüstəmxanlının da Çöhrəqanlının Azərbaycana buraxılması üçün Prezident İlham Əliyevə müraciəti cavabsız qalmışdı.

“Dünya Azərbaycanlıları Konqresi (DAK) Məşvərət Şurasının (MŞ) sədri, Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) lideri doktor Mahmudəli Çöhrəqanlı və oğlu Alparslan Çöhrəqanlı Bakıya buraxılmayıb”.

Bu barədə VHP Mərkəzi İcra Aparatının rəhbəri Samir Əsədli öz “Facebook” profilində məlumat verib.

S.Əsədlinin bildirdiyinə görə, M.Çöhrəqanlını və oğlu Alparslanı gəldiyi təyyarə ilə də geri qaytarıblar.

Dünən ARB-24 kanalı, görünür, PA-nın tapşırığıyla, kim bilir, bəlkə də, vasitəçiliyi ilə tez-tələsik GAMOH lideri Mahmudəli Çöhrəqanlını ABŞ-da tapıb, canlı efirə çıxarıb. İran əleyhinə danışması üçün imkan yaradıb; bir vaxtlar İran əleyhinə danışdığı üçün ölkədən deportasiya eləsə də…

Bu yerdə Azərbaycanın məşhur örkən, doğanaq məsəli yada düşür. “Nəyi necə, nə vaxt etmək lazımdır, mən bilirəm” – elə-belə deyilməyib. O vaxt deportasiya lazım idi, indi dəstək…
Hər şeyi bilən O-dur!

P.S.Bu tarixi günlərdə AzTV-lərə çox baxın, xeyli arxiv adamlar görəcəksiz.

Ana səhifəMənim FikrimcəDeportasiya və… dəstək