Ağahüseyn Hüseynov Şamaxının Dəmirçi kəndinin tanınan dəmirçilərindəndir. Ağahüseyn usta Xarkov Universitetinin rabitə və informasiya fakültəsini bitirib. Dəmirçiliyi isə atasından öyrənib. Artıq 50 ildir ki, o, dəmirçiliklə məşğuldur. Daha çox yerlilər üçün məişət və təsərrüfat alətləri düzəldən usta bəzən suvenir silah sifarişi də alır. Ağahüseyn usta deyir ki, kiməsə suvenir silah düzəldərkən mütləq həmin adamın bədən ölçülərini nəzərə alır:
“Qılınc gərək sahibinə uyğun olsun. Mən arıq adama özü boyda qılınc düzəltsəm, xalçanın üstündə qılıncı görən deməz ki, bunu ora neçə nəfər asıb?!”
Emalatxanasındakı hazır alətləri göstərən usta bu alətləri düzəltmək üçün bəzən gündə 12 saat işləməli olduğunu deyir. Ancaq bu vaxtın heç də hamısı fiziki əməkdən ibarət deyil: “Görəndə ki, yorulmuşam, özümə istirahət verirəm. İstirahət də nədir? Bəzək işlərilə məşğul olmaq. Məsələn, balta düzəldirəmsə, oturub baltanın ağzının düzlüyünü yoxlayacam. Lazımdırsa, bir az itiləyəcəm”.
Ağahüseyn usta Şamaxıya gələn turistlərlə də ünsiyyətdə olur. Onun sözlərinə görə, turistləri cəlb etmək çətin məsələ deyil. Çətin olan, onların qarşısına çıxaradacaq malın olmasıdır. Bunun üçün gərək sənətkara şərait yaradılsın ki, o da öz növbəsində işinin keyfiyyətini artırsın: “Bax, əgər mənim qazım, işığım havayı olsa, mən daha həvəslə işləyərəm, bazara da çox mal çıxardaram. Turist də gələndə həm mənə, həm onu gətirənə, həm də evində onu qəbul edənə xeyir verər. Qiymət baha olanda isə, heç kim gəlmək istəməz”.