Daşkəsən sakini: “Qardaşımı şərləyənlərin hər birinin özünə də, övladına da eyni aqibəti arzu edirəm”

Foto: Sahib Məmmədzadənin şəxsi arxivindən

Tacirə Məmmədzadə: “Siqaret çəkməyən adamı narkotiklə şərləyiblər, ay yarımdır ailə üzvlərilə görüşməyə də qoymurlar”

Daşkəsən sakini Tacirə Məmmədzadə deyir ki, ayyarım əvvəl polislər qardaşını elə döyüblər, indiyədək üzərində işgəncənin izləri var. Söhbət Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) Daşkəsən şöbəsinin sədri Sahib Məmmədzadədən gedir.

Günahsız adamı şərləməkdən utanmırlar, bu cür də zülm eləyirlər”

Sahib Məmmədzadə martın 18-dən həbsdədir. O, Gəncədəki 2 saylı istintaq təcridxanasında saxlanılır. Bacısı şikayətlənir ki, qardaşı ilə görüşməyə icazə verilmir. Onun ailə üzvlərilə görüşməsinə məhdudiyyət qoyulub:

Həftədə iki dəfə – çərşənbə axşamı və cümə axşamı telefonla danışa bilirik. Amma görüşməyə qoymurlar. 42 gündür ananı balaya həsrət qoyublar. Səbəbi də bizə məlum deyil. Müstəntiq də səbəbini izah eləmir. Bizə dəfələrlə yalan danışıb. Gah dedi ki, görüşmək üçün icazə sənədi hazır olanda xəbər verəcəklər. Deyir ki, “arayışı hazırlayaram, dəftərxanaya qoyaram, rəisin nə vaxt imkanı olsa, onda imzalayıb möhürləyər”. Deyirəm ki, möhürləmək nə çətin işdir, ona görə bizi süründürürsünüz? Cavabı da belə oldu ki, istəsək, istintaq müddətində ümumiyyətlə, görüşməyə qoymarıq. Görün bunlar nə qədər qəddardılar. Günahsız bir insanı şərləyib həbsdə saxlamaqdan utanmırlar, hələ bir bu cür də zülm eləyirlər…”.

“Uşaq necə ağladısa, ürəyim parçalandı, müstəntiqə zəng elədim, nömrəmi blokladı”

Tacirə Məmmədzadə danışır ki, qardaşının 9 və 10 yaşlarında iki övladı var. Uşaqlar eşitmə problemindən əziyyət çəkir:

“Ramazan bayramı vaxtı qardaşımın oğlu atasından ötrü necə ağladısa, ürəyim parça-parça oldu. Müstəntiqə zəng elədim ki, heç olmasa, uşaqla görüşməsinə imkan verin. Nömrəmi blokladı, ondan sonra zəng edə bilmirəm. Qardaşımı şərləyənlərin, onun həbsində əli olanların hər birinin özünə də, övladına da eyni şeyləri yaşamalarını arzu edirəm. Onda biləcəklər ki, insanlar onların əməllərindən nələr çəkirlər”.

Bacısının sözlərinə görə, Sahib Məmmədzadə telefonla danışanda deyib ki, saxlanılarkən və ardınca da polis şöbəsində məruz qaldığı işgəncələrin izləri hələ də üzərində qalıb. Qardaşı tutulanda onun yanında olan Tacirə Məmmədzadənin özü də həmin vaxt qardaşının telefonuna giriş kodunu vermədiyinə görə döyüldüyünü yada salır:

Tacirə Məmmədzadə. Foto: Meydan TV

“Qardaşım ali təhsilli müəllimdir, amma mal-qara təsərrüfatıyla, çobanlıqla ailəsini dolandırırdı. Həmin gün də malları Bərdədən yaylağa – Xoşbulağa gətirirdik. Bizi Daşkəsən postunda saxladılar. Qardaşımı vəhşiliklə saxlamaqlarını, boğmalarını çəkirdim. Sanki terrorçu tuturdular. Gəldilər, telefonu mənim əlimdən aldılar. Kodu tələb edirdilər. Demirdim deyə, 3 nəfər də üstümə tökülüşüb məni vururdu. Əgər mənim qardaşımın üstündə narkotik vardısa, hər şey qanuni idisə, niyə çəkməyə qoymurdular?”.

“Bizə dəftər-qələm təbliğ ediblər”

Tacirə Məmmədzadə deyir ki, həm özü, həm də qardaşı onlara qarşı işgəncə, pis rəftarla bağlı şikayətçi olub. Sahib Məmmədzadənin vəkili şikayət edib. Bacısı hadisənin ertəsi günü ekspertizadan keçib, üzərindəki xəsarətlər qeydə alınıb. Amma o, ekspertizanın necə rəy verəcəyini bilmir. Şübhələrini də ekspertin polislər tərəfindən təzyiqə məruz qalmasıyla izah edir:

Ekspertizadan keçdiyim günün ertəsi sənədin surətini almağa getmişdim. Gördüm ki, ağacın altında polislər eksperti dirəyiblər. Artıq rəy hazırdır, göndərilib. Şikayətimin nəticəsi ilə maraqlananda rəylə tanış olmaq istədim. İmkan vermədilər. Qardaşım telefonla danışanda dedi ki, ayaqlarında hələ də xəsarətlər qalıb”.

Nəinki Sahib Məmmədzadə, ümumiyyətlə, bütün nəsillərinin narkotikdən, pis vərdişlərdən uzaq olduğunu vurğulayan Tacirə Məmmədzadənin sözlərinə görə, qardaşı heç siqaret də çəkmirdi. Onun fikrincə, qardaşının həbsinin səbəbi siyasi fəaliyyəti, o cümlədən Daşkəsəndəki problemləri, sakinlərin şikayətlərini ictimailəşdirməsidir:

Ona xəbərdarlıq olunmuşdu, demişdilər ki, “elə eləmə, cibindən narkotik çıxsın”. Dediklərini elədilər. Siqaret çəkməyən adamı narkotiklə şərlədilər. Bizim nəslimizdə narkotik olmayıb. Biz ziyalı ailəyik, bizə dəftər-qələm təbliğ ediblər. Sadəcə, ayıbdır belə adamları narkotiklə şərləmək. Elə ona görə də qardaşıma nə qədər işgəncə versələr də, ona aid olmayan bir şeyi üzərinə götürməyib”.

Sahib Məmmədzadənin ailə üzvlərilə görüşməsinə məhdudiyyət qoyulması barədə bacısının dediklərinə Penitensiar Xidmətdən münasibət öyrənmək mümkün olmayıb.

Daxili İşlər Nazirliyi. Foto: DİN

Onun və bacısının polislər tərəfindən pis rəftara məruz qalması haqda deyilənlərə gəlincə, Daxili İşlər Nazirliyinin mətbuat xidməti bunu təkzib edib. Nazirlikdən bildirilib ki, Tacirə Məmmədzadənin dedikləri şübhələri qardaşından yayındırmaq məqsədi daşıyır.

35 yaşlı Sahib Məmmədzadə martın 18-də tutulub və ona qarşı Cinayət Məcəlləsinin 234.4.3-cü (satış məqsədilə narkotik əldə etmə, daşıma, saxlama) maddəsilə ittiham irəli sürülüb. Bu maddənin sanksiyasında 5 ildən 12 ilə qədər azadlıqdan məhrumetmə cəzası nəzərdə tutulub.
İddia olunur ki, AXCP fəalının cibindən narkotik tapılıb.

Lakin Sahib Məmmədzadə ittihamı qəbul etmir, istintaqdakı ifadəsində də bildirib ki, cibindən tapıldığı iddia olunan narkotikin ona aidiyyəti yoxdur.

Ana səhifəSiyasətDaşkəsən sakini: “Qardaşımı şərləyənlərin hər birinin özünə də, övladına da eyni aqibəti arzu edirəm”