Çin avtomobillərinə tələbat niyə artır?

Avtomobil. Foto: Shutterstock \ Tricky_Shark

Ötən il Azərbaycan Çindən 8 minə yaxın nəqliyyat vasitəsi idxal edib

Azərbaycanda Çin istehsalı olan avtomobillərə tələbat günbəgün artır.

Çinin Baş Gömrük İdarəsinin məlumatına görə, 2023-cü ildə Azərbaycana təqribən 7,7 min minik avtomobili və digər motorlu nəqliyyat vasitəsi idxal edilib. Onların əksəriyyəti kiçik həcmli 1000-1500 kubsantimetr arası benzin mühərrikli maşınlardır. Hesabat dövründə tədarükün dəyəri 157,2 milyon dollar olub.

Çin avtomobil sənayesi ildə 30 milyon avtomobil istehsal edir. Bu, Amerika, Avropa və Yaponiyanın ümumi istehsalından çoxdur. Bəs Çin maşınlarına maraq son illərdə niyə belə artıb? Onların məşhur avtomobil markalarından üstünlüyü nədir?

Avtomobil idxalçısı: “Qənaətcil və kiçik mühərrikli maşınlar daha çox alınır”

Azərbaycana xaricdən avtomobil gətirən şirkətlərdən birinin direktoru Əli İmanov deyir ki, indi alıcılar qənaətcil və kiçik mühərrikli maşınlara daha çox üstünlük verir. Aşağı qiymət, kiçik mühərrik və yüksək keyfiyyət səbəbindən Çin avtomobillərinə maraq hər il daha da artır:

“Çin avtomobilləri bir çox insanın büdcəsinə uyğundur. Alıcılara elektrikli və hibrid mühərriki olan maşınlar, avtomatik idarəetmə sistemləri və müasir təhlükəsizlik standartları ilə təchiz olunmuş fərqli modellər təklif edilir. Bu maşınlar həm modern dizayna, həm də geniş xüsusiyyətlərə malikdir. Təbii ki, insanlar da nisbətən ucuz qiymətə daha müasir və ekoloji cəhətdən sərfəli maşın almağa üstünlük verirlər. Çünki Amerikadan gələn qəzalı avtomobillər adətən ya auksiondan, ya da bərpa olunduqdan sonra ikinci əldən alınır. Amma Çin avtomobilləri təzədir, 0 kilometrdir. Yəni, müştəri avtomobilin ilk sahibi olur”.

Mütəxəssislərin fikrincə, köhnə avtomobillərlə bağlı qoyulan sərt qadağalar da ölkəyə istehsal ili yeni maşınların gətirilməsinə təkan verib. İndi çoxu Avropa standartlarına cavab verən, amma qiyməti ucuz olan yeni Çin maşını almağa həvəslidir. Çin son illər ərzində xüsusən də, elektrik mühərrikli avtomobillərin istehsalında lider ölkələrdən birinə çevrilib.

Bu ilin 10 ayında ölkəyə 2592 elektromobil idxal edilib

Azərbaycanda da son zamanlar elektromobillərə maraq artıb. Dövlət Gömrük Komitəsinin hesabatına əsasən, bu ilin yanvar-oktyabr ayında ölkəyə 104,2 milyon dollar dəyərində 2592 elektromobil idxal edilib. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 167 ədəd çoxdur. Ümumilikdə, 2024-cü ilin ilk 10 ayında ölkəyə 1,48 milyard dollar dəyərində 74,7 min nəqliyyat vasitəsi idxal edilib.

Son illərdə elektrik və hibrid mühərrikli avtomobillərə vergi güzəştlərinin tətbiqi də onlara həvəsi artırıb. Vergi Məcəlləsinə edilən son dəyişikliklərə görə, hibrid avtomobillərinin idxalı və satışı 2026-cı il yanvarın 1-dək əlavə dəyər vergisindən (ƏDV) azad edilib. 2020-ci ildən başlayaraq istehsal edilən və mühərrikinin həcmi 2500 kubsantimetrdən çox olmayan hibrid maşınlarına görə ƏDV ödənilməyəcək. Elektromobillərin enerji doldurucularının idxalı və satışının ƏDV-dən azadolma müddəti də 2027-ci il yanvarın 1-dək uzadılıb.

Nəqliyyat eksperti: “Rusiya bazarının yerini Çin tutdu”

Bəs Çin maşınları belə qısa zamanda Azərbaycan avtomobil bazarını necə ələ keçirə bildi?

Nəqliyyat məsələləri üzrə ekspert Eldəniz Cəfərovun sözlərinə görə, əvvəllər tələbat Rusiya istehsallı avtomobillərə idi. Statistikaya görə, Rusiyanın ən çox maşın idxal etdiyi ölkələr sırasında Azərbaycan 5-ci yerdə qərarlaşırdı:

“Qərbin Rusiyaya tətbiq etdiyi iqtisadi sanksiyalardan sonra ölkənin avtomobil sənayesi çökdü. Artıq Rusiya Avropa spesifikasiyalı minik avtomobillərini istehsal edə bilmir. Bu səbəbdən də bizim kimi ölkələrdə Rusiya istehsallı avtomobillərin yerini Çin istehsallı maşınlar tutdu. Bu maşınlar qiymət baxımından daha rəqabətə davamlı olduğundan, onlara tələbat da artdı”.

“Bir çoxunun rəsmi diler və distribütoru yoxdur”

Qiymətlərə gəlincə, yeni Çin istehsallı avtomobillər 30 min manat civarındadır. Bəs bu maşınların Amerika, Avropa və ya Yaponiya avtomobillərindən üstünlükləri nələrdir?

Eldəniz Cəfərov deyir ki, əslində, Çin maşınlarının keyfiyyət baxımından digərlərindən heç bir üstünlüyü yoxdur. Əksinə, bəzən zavod, sənaye qüsurlarına da rast gəlinir. O cümlədən, bir çoxunun Azərbaycanda rəsmi diler və distribütoru yoxdur. Servis dəstəyi yaxşı deyil. Ehtiyat hissələri, eləcə də təmirə ehtiyac olduqda, ustaları da çətin tapılır.

“Çindən avtomobil idxal edən bəzi sahibkarlar satışdan sonrakı mərhələni düşünmür. Nəticədə həmin maşınları alanlar bir neçə il sonra çətinliklərlə üzləşir. Amma bizim bazarda elə Çin maşınları da var ki, onlar artıq özünü doğruldub. Onların rəsmi servis mərkəzləri, ustaları da var. Çox rahatlıqla digər avtomobillərlə rəqabətə girirlər”, – E. Cəfərov bildirib.

Maşın ustası: “Boya qatında paslanmalar olur”

Bəs Çin avtomobillərinin keyfiyyəti sürücüləri necə, qane edirmi? Məsələn, bu maşınları sürənlər daha çox hansı problemlərlə maşın ustalarına müraciət edirlər?

Avtomobil ustası Sərxan Hüseynov əksər Çin maşınlarının keyfiyyətinin heç də yüksək olmadığı qənaətindədir. Deyir ki, bəzi maşınların boya qatında zamanla paslanmalar, çürümələr olur:

“İkinci emaldan düzələn avtomobillər olduğu üçün tez paslanır. Şoran torpaq sahəsi olan yerlərdə daha tez paslanır. Elektromobillərdə isə əsasən soyuq aylarda nasazlıqlar yaranır. Elektriki gec yığır, yürüş az olur. Mənfi 5 dərəcə şaxtada həmin maşınları heç yerindən tərpətmək mümkün olmur. Həm də elektromobillər hər an qısaqapanmadan alışma da verə bilər. Yəni, Çin maşınlarıni elə də keyfiyyətli hesab etmirəm. Sadəcə təzə və ekonom olduğundan insanları cəlb edir”.

Əksər sürücülər ehtiyat hissələrinin tapılmamasından da şikayətlənir. Sərxan Hüseynovun sözlərinə görə, əvvəllər belə problemlərlə daha tez-tez qarşılaşsalar da, indi vəziyyət bir qədər yaxşılaşıb.

“Son zamanlar ehtiyat hissələrinin bir çoxunu tapmaq olur. Avtomobil aksessuarlarını tapmaq bir az çətindir, onları da xaricdən sifariş edirlər”.

2025-ci ildə maşın bazarında bahalaşma gözlənilirmi?

Azərbaycana hazırda ABŞ, Avropa, Cənubi Koreya, Yaponiya, Türkiyə və digər ölkələrdən avtomobil idxal olunur. Bəs gələn il maşın bazarında bahalaşma gözlənilirmi? Nəqliyyat eksperti Eldəniz Cəfərovun proqnozlarına görə, 2025-ci ilin mart ayınadək qiymətlərin yüksəlməsi gözlənilmir. Çünki hazırda maşın bazarında durğunluq hökm sürür. Əksinə, avtomobillər endirimli qiymətlərlə təklif edilir.

Ana səhifəİqtisadiyyatÇin avtomobillərinə tələbat niyə artır?