Çərəkə sakini: “Bələdiyyə barama təsərrüfatı qurduğum torpağı əlimdən alır”

Şahbuz Mustafayev. Fotolar: Meydan TV

Birinci qrup əlilliyi olan kəndli deyir ki, vaxtilə rüşvət verməyə pulu olmadığı üçün həmin torpağı sənədləşdirə bilməyib

“Bir aya yaxındır ki, bələdiyyə sədri məndən torpağın 3 hektarını boşaltmağı tələb edir. Uzun illər çalışıb, münbit şəraitə çatdırdığım və 2000 min ədəd tut ağacı tingi əkdiyim, baramaçılıq təsərrüfatı qurduğum sahəni əlimdən alıb başqalarına satmaq istəyir. Mən sağlamlığımı, illərimi qoyduğum o sahədən 2 ildir ki, həm ipəkçiliyə töhfə verirəm, həm də ailəmi dolandırıram. Sahədən hər dəfə 100 kiloqramdan çox barama yığıram”.

Göyçayın Çərəkə kənd sakini Şahbuz Mustafayev belə deyir. Birinci qrup əlilliyi olan bu şəxs Meydan TV-yə danışır ki, kəndin rayon mərkəzinə yaxın hissəsində ümumi sahəsi 5,80 hektar şoran torpağı 18 il əziyyət çəkməklə əkinə münbit vəziyyətə gətirib. Faktiki istifadəsində olan torpaq sahəsi münbit vəziyyətə çatanda Çindən gətirilmiş və yerli tinglərdən ibarət gər bağı salıb. Beləliklə də, hər il kənd sakinləri arasında ən çox barama istehsalı ilə məşğul olanlardan birinə çevrilib. Deyir, indi kəndin bələdiyyə sədri bu bağın bir hissəsini əlindən almaq istəyir:

“Sahənin böyük hissəsini əlimdən alıb, başqalarına satmaq istəyir. Halbuki, mən orda baramaçılıq işi qurmuşam. İpəkçiliyə öz töhfəmi verməklə məşğulam. Prezidentimiz ipəkçiliyin inkişafından, barama istehsalıyla bağlı əhalinin məşğulluğunu artırmaqdan, marağını gücləndirməkdən danışdığı bir vaxtda bir kənd bələdiyyəsinin sədri öz maraqları üçün o boyda baramaçılıq təsərrüfatını necə yox edə bilər? İllərlə əziyyət çəkib, balalarımın boğazından kəsib, o 5 hektar torpağı münbitləşdirmişəm ki, kimsə üzərində alver qursun? Prezident deyir, barama istehsalı ilə məşğul olan şəxslərə barama emalı və ipək istehsalı üçün dövlət tərəfindən şərait yaradılır. Ancaq Çərəkədə bələdiyyə sədri faktiki istifadəmdə olan torpaq sahəsindən səmərəli şəkildə istifadə etməyimə imkan vermir. Bələdiyyə sədrinin məni zorla torpağımdan çıxarması, əzab-əziyyətlə yoxluqdan-varlığa gətirib çatdırdığım yeri əlimdən almağa çalışması ədalət prinsipini heçə saymaq deməkdir. Açıq-aşkar öz vəzifə səlahiyyətlərindən sui-istifadə edir”.

Çərəkə Kənd Bələdiyyəsindən Meydan TV-yə bildirilib ki, Şahbuz Mustafayev bələdiyyənin balansında olan torpaq sahəsini zəbt edib. Ona bildirilib ki, başqa kəndlilər də təsərrüfatla məşğul olmalıdır və torpaq çatışmazlığı var. 5 hektar 80 sot ərazinin 3 hektarını boşaltması təklif olunub.

Torpaq satışına gəlincə, kənd bələdiyyəsindən bildirilib ki, bələdiyyələrin torpaq satışıyla məşğul olması 2007-ci ildən qanunla qadağan olunduğuna görə, vətəndaşın dedikləri həqiqəti əks etdirmir.

Şahbuz Mustafayev deyir, torpaqdan qanuni istifadəyə imkan yaradan sənədləri əldə etmək üçün dəfələrlə əvvəlki və indiki bələdiyyəyə müraciət edib:

“Dediyim kimi, bu torpaq yararsız idi, heç kim istifadə etmirdi, götürüb, 18 il ərzində şorandan təmizləmişəm, yumuşam, yararlı vəziyyətə gətirmişəm. İllərlə bələdiyyənin qapısında qalmışam ki, bir parça kağız ala bilim, istədikləri rüşvəti verməyə gücüm çatmayıb. İndiki bələdiyyə də əlimizdən alıb, başqasına satmaq istəyir. Yoldaşım xərçəngdən dünyasını dəyişib. Özüm yataq xəstəsiyəm, zorla ayağa qalxıb, gəlib torpağa baş çəkirəm. Birinci qrup əliləm, olan-qalan sağlamlığımı da bu torpağı dirçəltməyin yolunda itirmişəm. Hər dəfə evə xəbər gələndə ki, yenə torpağa giriblər, tinglərin məhv ediləcəyini düşünüb həyəcan keçirirəm. Başqa yerdən gəlirim yoxdur. Ora mənim balalarımızın son çörək yeridir”.

Şahbuz Mustafayev deyir, torpağın yaxınlığındakı ərazilər də qanunsuz istifadə olunur, ancaq nədənsə, bələdiyyə buna göz yumur:

“Torpağımın qonşuluğundakı bütün torpaqlar sənədsiz, faktiki istifadədədir. Məmurlar, vəzifəlilər bütün torpaqları zəbt edib, xeyrini görür. Bələdiyyə, icra hakimiyyəti yalnız mənim kimi köməksiz, əlillərin torpaqlarını görür, onları yox… Mən bütün sağlamlığımı, pulumu qoyub, orada baramaçılıq təsərrüfatı yaratmışam, iki mindən çox ağac əkmişəm. Bunu necə məhv etmək olar? Əgər bələdiyyə sədri torpağı olmayanları bəhanə gətirib mənim təsərrüfatımı məhv etmək istəyirsə, əvvəlcə əl saxlasın, belə ürəyi yanandırsa, elə öz istifadəsindəki 3 hektar torğaq sahəsini bölüşdürsün, üç villasını satıb, kömək eləsin. Bu torpaq isə mənim və ailəmin yeganə dolanışıq yeridir. Gedib orda özümü də, o baramaları da yandıraram, bələdiyyə sədrinə vermərəm”.

Baramaçının istədiyi odur ki, barama qurdu yetişdirdiyi sahə sənədləşdirilsin və əlindən alınmasın.

Ana səhifəBölgəÇərəkə sakini: “Bələdiyyə barama təsərrüfatı qurduğum torpağı əlimdən alır”