Cəngəllik yırtıcıları

Yazar: Zərdüşt Əlizadə

Foto: Meydan TV

Görünür, Putin həqiqətən Brejnevə bənzəməyə başlayıb

Belə bir deyim var: “Meşədə insandan qorxulu məxluq yoxdur”. Yer kürəsinin mənzərəsinə tamaşa etdikcə, hansı məxluqun çoxaldığını və yayıldığını, hansı məxluqatın azaldığını və hətta məhv olub getdiyini nəzərə alsaq, bu deyimin düzgünlüyünə şübhə qalmır.

İnsanı digər məxluqatdan fərqləndirən cəhət əqldir ki, onun əsasında mədəniyyət yaranır. XXI əsrdə bəşəriyyət sanki mədəniyyətin zirvəsinə yüksəlib, elm və texnika elə yüksək inkişaf həddinə çatıb ki, keçmiş zamanların “Uçan xalça” və “Süleymanın üzüyü” nağılları artıq çin olub.

Bununla yanaşı dünya daha çox cəngəllik qanunları ilə idarə olunur. İnsan haqları və vətəndaş azadlıqları, qanunların aliliyi, humanizmin kök salması, bəşəriyyət işlərində əqlin təsirinin artması artıq boş söz yığınına dönür. Təəssüf ki, dəqiq müşahidə bəşəriyyət barədə səsləndirilən nikbin təsəvvürün tam əksini göstərir.
Müasir dünya həqiqətən cəngəlliyi xatırladır. Bu cəngəllikdə zəif dövlətləri parçalayıb yeyən şir və pələng dövlətlər var. Onların ətrafında dolanan canavar, kaftar, tülkü və çaqqal dövlətlər var. Güclü dövlətlərin istismar etdiyi, minib sürdüyü, bəzən parçalayıb yediyi dovşan dövlətlər var.

Bəzən ərazisinin böyüklülyünə və əhalisinin sayına görə şir dövlət olmağa layiq olan dövlət dönüb olur dovşan dövlət, onu parçalayıb yeyirlər. Məsələn, dünyanın ikinci ən qüdrətli dövləti SSRİ 1991-ci ildə oldu dovşan, onu parçalayıb yedilər.

Niyə? Dövlətin ali səfində satqın, xain əyləşmişdi. Bu satqın və xain özünə bənzərləri ətrafına toplayıb nəhəng və qüdrətli dövləti 6 il ərzində nümunəvi dovşana çevirdi.

Məqsəd nə idi? Çox sadə: milli sərvəti yağmalayıb varlanmaq.

Cahil və sadəlövh xalqı parlaq və gurultulu şüarlarla aldadıb meydanlara saldılar, ora-bura qaçırtdılar, özləri isə min bir fırıldaq fikirləşib “demokratik islahat” adı altında dövlət cihazını və ümumxalq mülkiyyətini özəlləşdirdilər, təbii sərvətlərin gəlirini öz ciblərinə yönəltdilər.

Hər bir hakimiyyət və sərvət naminə çarpışmanı iblisanə hiyləgərliklə “demokratiya naminə mübarizə” adlandıraraq bu zaman xalqın və dövlətin maraqlarını bada verdilər.

Sov.İKP MK-nın Siyasi Bürosunun üzvü olmuş Boris Yeltsin ABŞ konqresində çıxış edərkən təntənəli tərzdə süqut etmiş kommunist dövlətini “bəşəriyyətin düşməni” elan edəndə, görəsən bu quruluş naminə həyatlarını qurban vermiş milyonlarla insanın ruhunu və xatirəsini alçaltdığını dərk edirdimi? Əsla yox, “çar Borisi” ələ keçirdiyi yüksək məqamı və ailəsi üçün oğurlamağa hazırlaşdığı milyardlarla dollar maraqlandırırdı.

Rus hakim zümrəsi öz dövlətinə xəyanət edən yeganə cani dəstəsi deyil. Demək olar ki, bütün sovet respublikalarının rəhbərləri dönük və xain çıxdılar. Onların bəziləri tarixin gedişində sürətlə çıxdaş oldular, hakimiyyətdə uzun müddət qalanlar dediklərimi sübur edərək öz əziz vətənlərini elə qəddarlıqla qarət etdilər ki, qısa müddətdə milyarderlərə çevrildilər. Uzağa getmək lazım deyil, qazax xalqının müdrik rəhbəri, “elbaşı” Nursultan Əbiş oğlu Nazarbayev devriləndən sonra onun üzdə olan 8,5 milyardlıq şəxsi varidatından savayı ciddi-cəhdlə gizlətdiyi 130 milyardlıq sərvətindən söhbət gedir.

Putinin sərvəti Nazarbayevin sərvətindən çoxdur, ancaq elə gizlədib ki, rus xalqı onu asanlıqla tapa bilməyəcək. Lakin Qərbin müvafiq qurumları indidən harada nə qədər gizlədilib, bilir. Zamanı gələndə bütün bu sərvət müsadirə olunacaq. Təbii ki, rus xalqına qaytarılmayacaq, ABŞ-ın qanunlarına uyğun olaraq, amerikan büdcəsinə köçürüləcək. Necə ki, Muammar əl-Qəddafi (Ğəzzafi) devriləndən sonra Liviyanın 230 milyard dolları Qərbin bir neçə dövlətinin xeyrinə müsadirə olundu.

İndi dünyanın diqqət mərkəzində bir sual dayanıb: Rusiya Ukraynaya hücum edəcəkmi? Hücum etsə, hərbi qələbə qazanacaq, fəqət siyasi səhnədə elə böyük itkilərə məruz qalacaq ki, Rusiyanın dövlət kimi mövcudluğu sual altına qoyulacaq.

Ukrayna və Rusiya niyə düşmən oldular? 2004-cü ilə kimi bu iki dövlətin rəhbərləri sıx əməkdaşlıq şəraitində hərəsi öz xalqını sümürürdü. Müstəqil sorğu xidmətləri bəyan edirdi ki, bəzi çığırğan başıxarabların hay-küyünə rəğmən Ukrayna xalqının 65%-i NATO üzvlüyünün əleyhinədir, Rusiyanı özünə düşmən saymır. Belə vəziyyət zəngin Ukraynanı talamaq sevgisi ilə qovrulan oliqarx dəstəsini qane edə bilməzdi. Müxalif oliqarxlar hakim oliqarxları devirmək üçün bütün vasitələrdən istifadə etməyi rəva qıldılar, o cümlədən “rus təhlükəsi” nağılını danışmağa, ondan sığortalanmaq naminə Ukraynanın NATO-ya daxil olmasının vacibliyini vurğulamağa başladılar. Əhali “Ukrayna Avropadır” şüarına uydu, NATO-nu vacib milli məqsəd kimi qəbul etməyə başladı. NATO rəsmilərinin “biz Ukraynanı NATO üzvü görmürük” sözlərinə məhəl qoymadılar.

Satqın və pulagir bəzi Ukrayna yazarları xalqı Avropada gözləyən cənnət barədə şirin nağıllar yazmağa başladılar. Avam xalq bu şirin nağıllara tədricən inanmağa başladı.

Rusiyanın xain və oğru rəhbərliyi Ukraynada hakimiyyəti məngirləmiş xain və oğru zümrə ilə dil tapa bilmədi. Münasibətlər gərginləşərək açıq düşmənçilik həddinə çatdı. Qərb bu gözəl mənzərəni fərəhlə seyr etdi.

Ukraynada Qərbə sinov gedən müftəxorlara xərclənmiş 5 milyard dollar öz bəhrəsini verdi, iki yaxın qohum xalq qanlı düşmənə çevrildi.

İndi NATO deyir ki, biz Ukraynanı üzvlüyə qəbul etməyə hazır deyilik, lakin Ukraynanın hüququ var ki, NATO üzvlüyünə iddia etsin. Ukrayna deyir ki, mən bilirəm siz bizi üzvlüyə qəbul etməyə razı deyilsiniz, lakin biz NATO üzvü olmağı dəlicəsinə istəyirik. Rusiya deyir ki, biz bilirik siz Ukraynanı üzvlüyə qəbul etmək istəmirsiniz, lakin hər ehtimala qarşı bizə bir arayış verin ki, NATO Ukraynanı və Gürcüstanı heç vaxt üzv qəbul etməyəcək. NATO deyir ki, biz Ukraynanı üzv qəbul etmək fikrimiz yoxdur, lakin bu fikrin yoxluğunu arayışla təsdiq etmək ona bərabərdir ki, biz NATO Nizamnaməsini tullayırıq zibilliyə, odur ki, arayışı verəmmərik. Rusiya deyir ki, siz verməyin, biz də baxın görün nə edəcəyik.

Qərb deyir ki, Rusiya əgər Ukraynaya hücum etsə, biz öz dərin narahatlığımızı ifadə edəcəyik və Rusiyaya qarşı kəskin iqtisadi cəza tədbirləriu tətbiq edəcəyik.

Bu şəbədəni necə tərcümə etmək olar? Bunun bir neçə üzdə olan səbəbi var.

1.Putin görür ki, Qərb pərakəndədir, onun liderliyinə cılız və bəsit adamlar gəliblər. Ümid edir ki, özünü küçə xuliqanı kimi aparsa, heç kim cürət edib onu yerində oturda bilməyəcək.

2.Qərb görür ki, Rusiya özü qonşu sabiq qardaş xalqlarla mətin əlaqələrini baltalayıb yerində ədavət və inamsızlıq yaradır, odur ki, bu mübarək işdə ona heç cür mane olmaq istəmir.

3.Ukrayna hakim zümrəsində istənilən ağlı başında olan, bu mənasız və təhlükəli qarşıdurmadan çıxış yolu tapmağa çalışan siyasətçiyə onun siyasi rəqibləri həmin andaca “xain” damğası vurub onu aşırmağa hazırdırlar.

Bəs xalq? Yazıq xalq hansı daşı başına salsın? Ə bə bu xalq bu mənasız qarşıdurmadan heç nə qazanmır, yalnız itirir. İş yerləri, satış bazarları, nəhayət, əsgər balalarının həyatını itirir. Lakin bu xalqdan kimsə nəsə soruşurmu?

Dünya siyasətində cəngəllik qanunları hökm sürür. Mahiyyətcə siyasi kaftar olan Putin özünü şir kimi aparmaq istəyir, Ukraynanı dovşan sayıb parçalamaqla hədələyir. Gözlənilən təcavüzün Rusiyaya gətirəcəyi nəhəng ziyanın həcmini anlayan Qərb bu siyasi cinayətin baş verməsini səmimi-qəlbdən istəyir və hadisələri faciəvi sonluğa itələyir.

Əgər Rusiya Ukraynaya hücum etsə, bunun aqibəti və fəsadları, SSRİ-nin Əfqanıstana hücumundan doğmuş aqibət və fəsadlara bərabər olacaq, çox güman ki, Rusiyanın bir dövlət kimi süqutuna gətirəcək. Lakin 1979-cu ildə kimsə bunu Brejnevə desəydi, inanardımı? Gürünür, Putin həqiqətən Brejnevə bənzəməyə başlayıb.
Bu cəngəllik dünyasında yeganə siyasətçi tapıldı ki, tərəfləri əqlə, barışa və qanuna dəvət etdi. Görəsən,

Ərdoğanın dəvətindən bəhrələnməyə dünyanın ağlı çatacaqmı?

Ana səhifəMənim FikrimcəCəngəllik yırtıcıları