Mənbə: Meydan TV

Cəmil Həsənli: Telefonların dinlənilməsi dövləti cinayətdir və şüurlu şəkildə törədilib

Məqalə yeniləndi:  23 İyul 2021

İsa Qəmbər: "Hakimiyyət insanların nəfəs almasından belə informasiya toplayır"

Azərbaycan hökuməti İsrailin “NSO Group”undan “Pegasus” proqramı alaraq jurnalistləri, siyasi fəalları, vəkilləri və digər şəxslərin telefonlarını dinləyirmiş.

Bu iddia ilə Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsi (OCCRP) çıxış edib.

Bəyanatın ardınca bir çox jurnalistlər, vəkillər, siyasilər Avropa Məhkəməsinə şikayət edəcəklərini bildiriblər.

Fuad Ağayev: "Məlumatın Şarl Mişelin və Makronun səfəri ərəfəsində yayılması təsadüfü deyil"

Vəkil Fuad Ağayev şikayətin Avropa Məhkəməsində perspektivi olduğunu bildirib: “Ancaq iş gərək kifayət qədər savadlı və səviyyəli aparılsın”.

Fuad Ağayev deyir ki, bu hadisə nəticəsində minlərlə insanın şəxsi həyatına, fəaliyyətinə, yazışmalarına, başqaları ilə ünsiyyətinə yolverilməz müdaxilə olunub:

“Burada ayrı-ayrı dövlətlərin milli qanunvericilik aktları, həm də beynəlxalq hüquq normaları ilə qadağan edilən müdaxilə baş verib. Belə bir vəziyyətdə bu cür hərəkətlərə qarşı insanlar münasibətlərini bildirməlidir, həmçinin dövlət orqanları və vəzifəli şəxslər də müvafiq açıqlama verməlidirlər. Amma məlumatların Azərbaycan bağlı hissəsinin bu şəkildə yayılması belə bir ehtimala əsas verir ki, burada Azərbaycan-Ermənistan müharibəsindən sonrakı vəziyyətlə əlaqədar beynəlxalq siyasi müstəvidəki münasibətlərə təzyiq göstərilməsi cəhdi də ola bilər. Yəni bunun Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişelin regiona, yaxud Fransa dövlət başçısı Makronun Ermənistana səfəri ərəfəsində yayılması təsadüfü deyil. Amma istənilən halda müvafiq dövlət orqanları öz fəaliyyətlərinin qanun çərçiəsində olmasını təsbitləmək üçün izahat verməlidirlər”.

Fuad Ağayev

Fuad Ağayev

Mənbə: Meydan TV

Özünün şikayət verməsinə gəlincə, o deyib ki, hələlik gedişatı izləyir: “Təqdim olunan materiallara baxıram və dövlət orqanlarının reaksiyasını gözləyirəm. Əlbəttə, belə bir yolverilməz müdaxilə ilə bağlı məhkəmələrə müraciət etmək ehtimalı istisna olunmur”.

"Bu sistemi hazırlayan, satan mərkəzlər də ciddi məhkəmə prosesi ilə qarşılaşmalıdırlar"

Milli Strateji Düşüncə Mərkəzinin rəhbəri İsa Qəmbər hesab edir ki, Azərbaycan kimi avtoritar rejimlərin öz vətəndaşlarını total izləməyə aldığı yenilik deyil: “Amma bu dəfə yeni texnologiyaların izləmək üçün yeni imkanlar yaratdığı üzə çıxdı. Təbii ki, dəhşətli faktdır, dövlət səviyyəli böyük bir cinayətdir. Bu, o deməkdir ki, vətəndaşın həyatının bütün çalarları, istiqamətləri, sadəcə, jurnalistik, ictimai-siyasi fəaliyyəti deyil, izləməyə alınır. Hakimiyyət insanların nəfəs almasından belə informasiya toplayır və bunu vətəndaşın əleyhinə istifadə edə bilər. Cəmiyyət bu olaya ciddi reaksiya verməli, hüquqi müstəvidə araşdırılmasına çalışmalıdır. Eyni zamanda, bu sistemi hazırlayan, satan mərkəzlər də ciddi məhkəmə prosesi ilə qarşılaşmalıdırlar”.

İsa Qəmbər

İsa Qəmbər

Mənbə: Meydan TV

“Bu hadisənin ortaya çıxmasında geopolitik qarşıdurmanın təzahürü varmı?” sualına isə İsa Qəmbər belə cavab verib: “Biz məsələnin hansısa qismini bilirik, bütün miqyasını bilmirik. Eyni zamanda, istisna etmək olmaz ki, nəinki demokratik ölkələr, hətta avtoritar rejimlər də bu cür izləmə potensialından təkcə ictimai-siyasi fəallara, mediaya qarşı deyil, kəşfiyyat və kəşfiyyata qarşı da fəaliyyət üçün istifadə edə bilərlər. Bu, nəzəri cəhətdən mümkündür. Amma bu məsələni dəyişdirmir, yəni şirkətin nümayəndələri də deyirlər ki, yaratdıqları “Pegasus” proqramı terrorizmə, cinayətkarlığa qarşı istifadə edilmək üçün hazırlanıb. Prinsip etibarilə ola bilər, ancaq hər halda fakt budur ki, avtoritar rejimlər bundan yalnız terrora, cinayətkarlığa qarşı deyil, öz dinc fəallarına, jurnalistlərə qarşı gen-bol istifadə edirlər”.

"İlham Əliyev başda olmaqla mütəşəkkil dəstə tərəfindən həyata keçirilib"

Milli Şuranın sədri, professor Cəmil Həsənli Azərbaycan hakimiyyətinin İsrailin NSO Group “Pegasus” casusluq proqramı və digər gizli texniki vasitələrlə öz vətəndaşlarını dinləməsi və izləməsini "dövləti cinayət" adlandırıb.

Cəmil Həsənli

Cəmil Həsənli

Mənbə: Meydan TV

Cəmil Həsənli hesab edir ki, hər halda törədilən cinayətin miqyası dinləmə və izləmədən daha genişdir:

"Burada söhbət dövlətin öz vətəndaşlarına qarşı törədyi antikonstitusyon əməldən - hüquqi, siyasi, sosial, özəl həyata müdaxilə, milli və transmilli, mənəvi cinayətlərdən gedir. Həm də bu cinayət əməlli sistemli və silsilə xarakteri almaqla fasiləsiz davam edib, gündəlik təkrar olunub. Cinayət şüurlu şəkildə törədilib və İlham Əliyev başda olmaqla vəzifəli şəxslərdən ibarət mütəşəkkil dəstə tərəfindən həyata keçirilib. Müxalif dairələr, siyasi partiyaların və hərəkatların rəhbərliyində təmsil olunan şəxslər, jurnalistlər, vətəndaş cəmiyyəti təmsilçiləri, gənclər təşkilatı fəalları, inanclı insanlar, müxtəlif peşə sahibləri, o cümlədən vəkillər, ayrı-ayrı vəzifəli şəxslər və hətta sadə vətəndaşlar fərdi və qrup halında izləniliblər. Dinləmə və izləmənin nəticələrindən siyasi rəqibləri təqib etmək, ləkələmək, azad sözü boğmaq, mətbuatı susdurmaq, peşə fəaliyyətinin yerinə yetrilməsini önləmək, kütləvi həbslər həyata keçirmək, rəqiblərə qarşı ssenariləşdirilmiş əməliyyatlar keçirmək, kriminal, kleptokratik, korrupsioner ailə hakimiyətini qorumaq və daha da möhkəmləndirmək, avtoritarizm və totalitarizmi bərqərar etmək məqsədləri üçün istifadə edilib. Azərbaycan Cinayət Məcəlləsinin elə bir maddəsi və hər hansı maddəsinin elə bir bəndi və yarımbəndi yoxdur ki, bizim Müzəffər və onun mütəşəkkil "çete" şəbəkəsi cinayət - həm də dövlətin resurslarını cəmiyyətə qarşı səfərbər etməklə qanunsuzluq törətməmiş olsun. Heyrətamiz məqamlar hələ qarşıdadır".

Buradaykən …

Sizdən kiçik bir xahişimiz var: Fəaliyyət göstərdiyimiz mühitdə məlumatlar dövlətin çox sıx nəzarəti altındadır. Meydan TV insanların keyfiyyətli və müstəqil informasiya ilə təmin etmək üçün çalışır. Biz sizin eşidə bilmədiyiniz, amma eşitmək istədiyinizə inandığımız hekayələri işıqlandırırıq. Dövlət senzurasının – rəsmi bloklanmanın və təzyiqlərin gücləndirilməsinə baxmayaraq, biz, müstəqil jurnalist komandası ağır şərtlər altında Azərbaycan xalqının dolğun, keyfiyyətli informasiya ilə təmin edilməsinə çalışırıq və bunun üçün sizin köməyiniz lazımdır.

Sizin dəstəyiniz bizim böyük risk altında işləyən jurnalistlərimizə güc verir. Azərbaycanda müstəqil jurnalistikanın qorunması üçün edilmiş hər bir cəhd sizin töhfənizdir. Çox sağ olun.

BIZƏ DƏSTƏK OLUN
Məqalə yeniləndi:  23 İyul 2021
Bölmələr:  
qısa linklər:   http://mtv.re/daejkc

Ən çox baxılan