Cəlilabadda: Yaşayış massivinin problemləri çözülmür

Foto: Meydan TV

“Deyirlər, qonşu küçənin sakinləri şikayəti dayandırmır, ona görə də qaz əvvəlcə o küçəyə çəkilir”

Cəlilabadın yeni yaşayış massivindəki Cavadxan küçəsinin sakinləri ərazidəki qaz, yol, işıq problemindən danışırlar. Onların sözlərinə görə, ərazidə 20 ilə yaxındır ki, yaşayış məskəni salınsa da, kommunal problemlər hələ də həllini tapmayıb.

Küçə sakini, 1-ci qrup əlil Faba Nuriyev Meydan TV-yə danışır ki, sakinlər küçəyə qaz, işıq xətti çəkilməsi, yol təmiri üçün müraciət etmədikləri qurum qalmayıb.

Foto: Meydan TV

“Bizdən adlayıb qonşu küçəyə keçdilər”

Bu yaxınlarda sakinlər əraziyə fəhlələrin gəldiyini və qaz xətti çəkilməsi üçün avadanlıqları görüncə seviniblər. Ancaq sevinclərinin ömrü qısa olub:

“Ətraf küçələrə qaz xətti çəkilib, sağımızdakı küçəyə də çəkildi, gözlədik ki, növbəti küçə biz olarıq, ancaq necə deyərlər, üstümüzdən adlayıb bizdən sonrakı küçəni qazlaşdırmağa başladılar. 5-6 gündür ki, o küçədə iş gedir. Biz kiminsə evinə qaz xətti çəkilməsinə paxıllıq etmirik, sadəcə olaraq sağımızdakı küçəni qazlaşdırıb solumuzdakı küçəyə keçərkən bizi niyə insan yerinə saymadılar, narahatlığımız bundandır. Əgər bu, növbəli şəkildə edilirsə, növbə bizdə idi. Qaz idarəsinin işçilərindən soruşanda deyirlər, o küçədən yuxarılara çox şikayət gedirdi, ona görə də ora qaz xətti çəkməyi növbədənkənar ediblər. Yəni ki, ağlamayana süd yoxdur”.

Foto: Meydan TV

İşıq dirəkləri də qəzalıdır

Faba Nuriyevin sözlərinə görə, Cavadxan küçəsində 100-dən çox yaşayış evi var. Küçədə yaşayan imkanlı ailələr öz hesablarına kənardan qaz xətti çəkiblər, ancaq 30-dan çox ailənin buna imkanı olmadığına görə, hökumətdən hərəkət gözləyir.

Küçədəki işıq dirəkləri də qəzalı vəziyyətdədir. Sakinlərin deməsinə görə, səbəb İşıq İdarəsinə müraciət edən sakinlərin müsbət cavab almaması nəticəsində işıq naqillərini özbaşına çəkmələridir:

“Kim hardan, necə rahatdırsa, o cür də evinə işıq xətti çəkib. Küçədəki işıq dirəkləri əyilib, naqillər qəzalı vəziyyətdədir. İşıq İdarəsinə müraciət etmişik, ancaq nəticəsi olmayıb. Mavi yanacaq olmadığına görə əsasən qış aylarında evləri isitmək üçün elektrik cihazlarından istifadə olunur və xətlər yüklənir. Bu da yanğın təhlükəsini artırır”.

Foto: Meydan TV

20 ilə yaxındır yaşayış massivi salınsa da, yollar təmir olunmayıb. Sakinlər yay-qış aylarında torpaq yoldan istifadə etmək məcburiyyətindədirlər.

Enerji Məsələlərini Tənzimləmə Agentliyinin Lənkəran filialından Meydan TV-yə bildirilib ki, həmin ərazidə elektrik təsərrüfatında yenidənqurma işlərinin aparılması “Azərişıq” ASC tərəfindən layihələndirilib. Yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq.

Lənkəran Regional Qaz-İstismar İdarəsindən bildirilib ki, küçəyə qaz xətti çəkilib, paylayıcı xətlərin çəkilməsi prosesi də növbəli qaydada davam edir.

Yol probleminin həllinə gəlincə isə Cəlilabad Rayon İcra Hakimiyyətindən bildirilib ki, su və kanalizasiya xətlərinin çəkilişinə görə bəzi küçələrdə yaranmış bərbad vəziyyətlərin aradan qaldırılması mərhələli şəkildə həyata keçirilir. Cavadxan küçəsinin yol problemi də həll olunacaq.

Ana səhifəBölgəCəlilabadda: Yaşayış massivinin problemləri çözülmür